Şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş “Təki Vətən Yaşasın” adlı tədbir keçirilib.
Suqovuşanda ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş “Təki Vətən Yaşasın” adlı tədbir keçirilib.
Tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov, Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Sahib Alıyev, şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, şəhidin ailə üzvləri, yazıçı-publisist Həmid Herişçi, Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsinə həsr olunmuş “Yuxuda görmüsən” kompozisiyasının müəllifi, Bakı Musiqi Akademiyasının professoru, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Hüseynova, şəhidin döyüş yoldaşları, vətən müharibəsi qaziləri, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.
Tədbir Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Alızadə layihə haqqında geniş məlumat verib və layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.
Sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bu cür tədbirin keçirilməsi üçün təşəkkür edərək bildirib ki, Agentliyin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Zəfər” Şəhid Ailələrinə Dəstək İB –nin “Zəfər – yay məktəbi” layihəsinin tərkib hissəsi olan “Təki Vətən Yaşasın” adlı bugünki ilk tədbiri reallaşır. Məhz polkovnik-leytenant Raquf Orucov , polkovnik-leytenant Soltan Məmmədov və minlərcə igidlərimizin qanı bahasına alınan azad Suqovuşanımızda bu cür layihənin gerçəkləşməsi qürurverici andır. “Şuşa İli” çərçivəsində azad Qarabağımızın hər bir guşəsində keçiriləcək tədbirlər bu yerlərdə qəhrəman oğullarımızın hər zaman qəlbimizdə yaşadığını bariz nümunə olaraq göstərəcək. Bu kimi qəhrəmanların həyat yolundan örnək almalı, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq.
Daha sonra çıxış edən digər natiqlər Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov, Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Sahib Alıyev, yazıçı-publisist Həmid Herişçi, Vətən Müharibəsi Qazisi-Elnur Salahov, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası-Vaqif Əliyev, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Hüseynova tədbirlə bağlı fikirlərini bölüşərək, bildiriblər ki, O insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun. Qəhrəmanlarımız Azərbaycan Ordusunda nümunəvi xidmət etməklə, işğal olunmuş torpaqlarımızı azad etməklə öz ali məqsədlərinə çatıblar.
Şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova isə yekun olaraq çıxış edərək bildirib ki,Soltan üçün Vətən anlayışı ən ali dəyər idi. Tünzalə xanım Soltan Məmmədovun xatirəsinə həsr edilən film üçün əməyi keçən hər kəsə təşəkkür edərək, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açaraq bildirib ki, bütün bunlar şəhid ailələri üçün bir təsəllidir.
Tədbir AR-nın xalq artisti Samir Cəfərovun ifasında “Yuxuda görmüsən” kompozisiyasının təqdimatı ilə yekunlaşıb.
RUHUN ŞAD OLSUN ŞƏHİDİMİZ!!!
Mənbə: ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi