Mingəçevirin söz-sənət adamlarından biri də öz dəsti xətti ilə tanınan Yusif Ələkbərovdur. Onu mingəçevirlilər və respublikamızın müxtəlif yerlərində yaşayan oxucuları yaxşı tanıyırlar.Ömrünün 40 ilini jurnalistikaya,Azərbaycan energetikasının mətbuatda işıqlandırılmasına həsr edən yazıçı-jurnalist bizimlə şəhərin 75 illik yubleyi ərəfəsində maraqlı həmsöhbət oldu.
Kanal32.az oxucuların maragına səbəb olacaq müsahibəni təqdim edirik:
-Bir ay keçəcək, biz gənclik və gözəllik, nur şəhəri sayılan Mingəçevirin 75 yaşını qeyd edəcəyik. Bu illərin üçdə iki hissəsi Sizin gözləriniz qarşısında keçib. Özü də adi vətəndaş kimi yox, qurucu, yaradıcı bir şəxs kimi. İctimai həyatdan kənarda qalmamısınız…?
-Mingəçevir xəyallarımın, arzularımın gerçəkləşdiyi şəhər oldu. Universiteti (indiki BDU) bitirib üç il təyinatla çalışdıqdan sonra prospekt və küçələrini bəzəyən gül-çiçəklər, evlərə verilən təmiz, soyuq və şəffaf sular, hər yanda səliqə-sahman, təmizlik, coşqun inşaat işləri məni bu şəhərə çəkdi. Təbii ki, o dövrün öz qayğıları, problemləri də vardı. Bütün maneələri dəf edərək həm pedaqoji sahədə çalışır, həm də on ildən artıq davam edən həvəskar jurnalist fəaliyyətlə məşğul olurdum. Ötən əsrin 80-ci ili idi. Şəhərdə çap olunan və respublikada örnək qəzetlərdən sayılan, o zamankı medianın bütün mükafatları ilə həm özü, həm də redaksiyası təltif olunan “Mingəçevir işıqları” qəzetinin redaktoru mərhum Fidail Abdullayev məni redaksiyaya dəvət etdi. Üç aylıq qəzet səhifələrində çıxış etməyim redaktorun xoşuna gəlmişdi. O-bu, 40 il peşəkar jurnalist kimi çalışdım, 20 il məsul katib, aparıcı redaktor oldum…
-Yusif müəllim, bu illər hədər getmədi. Dar çərçivədə qapanıb qalmadınız. Yazılarınızı şəhər mətbuatı ilə yanaşı respublikanın çoxsaylı qəzet və jurnallarında, televiziya kanallarında izlədik…
-Təbii ki, peşəm bunu tələb edirdi. Mingəçevirin o sahəsi yox idi ki, oraya nüfuz etməyək, qurucu adamların əməyini vəsf etməklə yanaşı cəmiyyətin kəm-kəsirlərini, nöqsanlarını göstərməklə onların aradan qaldırılmasına çalışmayaq. Jurnalistikanın müxtəlif janrlarından yararlanmaq şərti ilə. Universitetin jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulan dərs vəsaitində məsul katib olduğum “Mingəçevir işıqları”nın təcrübəsindən nümunələr də göstərilir, təqdir edilirdi.
-Siz, necə deyərlər, öz orbitinizdən çıxıb, yəni qəzet səhifələrinə “sığışmayıb” yazılarınızı kitablar formasında oxuculara çatdırdınız. Biz Sizin “Ömrün davamı”, “Xoşbəxt taleli şəhər”, “Şubay lətifələri”, “Səhərin şəfəqləri”, “Azərbaycan İES: dünəndən bu günə”, “Mingəçevirə bağlı ömür” və s. kitablarınızı oxumuşuq. Ümumi istiqamət nədir bu kitablarda?
–O zaman-yəni fəaliyyət göstərdiyim vaxtlarda qəzeti rəmzi mənada bir günlük ömür də adlandırıdılar. Mingəçevirin dünənki həyatını, qurub yaradan insanların şərəfli həyat yolunu, örnəklərini gələcək nəsillərə çatdırmaq, təbliğ etmək, yaşatmaq başlıca missiyam olub. Gənc nəsil bəzən elə düşünür ki, Mingəçevir “göydən düşüb”, elə belə olub. “Xoşbəxt taleli şəhər” kitabımda Mİngəçevirin yaranışından son illərə qədər buraya üz tutan dünya şöhrətli şəxsiyyətlərin şəhərdəki görüşlərinə, çıxışlarına, fikirlərinə yer verilib. Zənnimcə, bu kitab Mingəçevirin dünəni barədə məktəbli-gənclərə xeyli bilgilər verməkdə mühüm rol oynayır. “Şəhərin şəfəqləri” kitabı isə bu şəhərdə əməyi keçən müxtəlif sənət-peşə sahibləri olan qadınlar haqqında oçerklərdir. “Mümükünlüyün xaricində” kitabımın qəhrəmanları müstəqil respublikamızın adını, şöhrətini dünya miqyasında ucaldanlar, onun bayrağını dalğalandıran, Himnini dünyanın müxtəlif mötəbər yarışlarında səsləndirilməsinə şərəflə xidmət edən mingəçevirlilər barəsindədir. Şəhərimizin mədəni həyatında yarım əsrdən artıq mühüm rol oynamış, beş dəfə Ümumittifaq (SSRİ dövründə) Festivalların laureatı, “Kür” xalq çalğı alətləri ansamblının yaradıcısı və bədii rəhbəri olmuş Ağagül Əliyevin tale yoluna işıq salan “Mingəçevirə bağlı ömür” kitabı həm də Mingəçevir şəhərinin musiqi aləmi, müğənniləri və teatrı haqda maraqlı faktlarla zəngindir. “Salam, cənab mayor” sənədli povesti isə Böyük Vətən Müharibəsi (1941-1945) iştirakçısı, keçmiş tarixçi və məktəb direktoru, Mingəçevirin ilk qurucularından sayılan Mansur Alı oğlu Quliyevin keçdiyi şərəfli həyat yolunu işıqlandırır. Kitabın tərbiyəvi əhəmiyyəti gənclərimiz üçün mühüm rola malikdir.
-Siz yaradıcılıq dövründə -1983-cü ildən SSRİ Jurnalistlər İttifaqının, sonradan Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmusunuz. “Qızıl qələm” mükafatı laueratına layiq görülmüsünüz. Fəxri diplomlar, tərifnamələr, mükafatlar almısınız. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi fəaliyyət göstərirsiniz. Son illərdə-yəni təqaüdə çıxdığınız dövrdə yaradıcılıqdan ayrılmamısınız ki ?
–Əksinə. Kağız mətbuatının qıtlaşdığı son vaxtlarda üstünlüyü yarım əsrdən artıq ədəbi mühitdə, həyatımızda gördüyüm olayları yazmağa vermişəm. Təsadüfi deyil ki, Azərbaycan İstilik Elektrik Stansiyasının – bu enerji müəssisəsi həm də Cənubi Qafqazın ən böyük strateji obyekti olub – ilk illərindən tutmuş bu günümüzəcən keçdiyi yolu daim mətbuatda işıqlandırmışam. Nəticədə “Azərbaycan İES: dünəndən bu günə” adlı bədii-publisistik kitabım çap olunub. Ümummilli Lider Heydər Əliyevin xeyir-duası, sonsuz qayğı və diqqəti sayəsində ərsəyə gələn bu möhtəşəm stansiyanın inşa edildiyi ilk illərdən başlayaraq zaman-zaman tikintinin gedişindən, burada fədakarlıqla çalışan qabaqcıl əmək adamlarından, energetiklər üçün salınmış yaşayış qəsəbəsinin infrastrukturundan hazırladığım oçerklər, xəbərlər, məlumatlar yer alıb. Bu, həm də mənim “Heydər Əliyev ili”nə dəyərli töhfələrimdən biridir. Yaşımın yeddinci onilliyinin astanasındayam. Mingəçeviri yaşıdım saya bilərəm. Onun həyatı mənim həyatımdır. Yazıb-yaratmaqdan hələ yorulmamışam. Şəhərin ictimai həyatında yaxından iştirak etməklə Mingəçevirimizin 75 illik yubileyinə töhfələrimi hazırlayıram. Şair Məmməd Aslan demişkən: Bu yolu seçdim ki, yanam, tutuşam, Alovlar içində qovrulan quşam. Ömrü söz uğrunda girov qoymuşam, Ayrı ürəyim yox, ayrı başım yox.
-Sizə, bütün mənalı həyatını Mingəçevirin tərəqqisinə, inkişafına, mənəvi cəhətdən zənginləşməsinə həsr edən bir ziyalıya can sağlığı, yaradıcılığınızın davamlı olmasını arzulayırıq!
Müsahibəni hazırladı: Esmira Hidayətova.