Sosial Tədqiqatlar Mərkəzi və ötən 4 il…

QEYD: Sosial Tədqiqatlar Mərkəzi yaradılmasının dörd illiyi münasibətilə keçirilməsi nəzərdə tutulan silsilə hesabat – tədbirlərini təxirə salıb.

Belə ki, qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində meydana gələn faciənin təkcə türk xalqının deyil, Azərbaycan xalqının da faciəsinin olması amili əsas götürülərək sözügedən addım reallaşdırılıb.

Bu münasibətlə STM rəhbərliyi türk xalqı ilə həmrəylik  nümayiş etdirmək və ağır gündə öz dəstəyini göstərmək üçün müvafiq addımlar atıb, eyni zamanda qurumun rəhbərliyində təmsil olunan bir qrup şəxs Bakı Türk Şəhidliyini ziyarət edib, zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb.

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanı ilə yaradılıb.

STM ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

            Mərkəzin əsas fəaliyyət istiqamətləri aşağıdakıları əhatə edib:

  • Ölkənin sosial, iqtisadi, siyasi həyatı ilə bağlı ictimai rəyin öyrənilməsi və ictimai rəy əsasında analitik təhlil sənədlərinin hazırlanması;
  • Təhlil, arayış, siyasət, təklif, mövqe sənədlərinin və siyasətə dair tövsiyə sənədlərinin hazırlanması;
  • Dövlət proqramlarının (Milli Fəaliyyət Planları, strategiyalar və s. üzrə) icrası istiqamətində fəaliyyətlər;
  • Elmi-analitik nəşrlərin, o cümlədən dövri nəşrlərin hazırlanması və nəşr olunması;
  • Tədbirlərin, mətbuat konfransı və brifinqlərin keçirilməsi;
  • Mediada ölkənin sosial, iqtisadi, siyasi həyatı ilə bağlı analitik yazıların, intervülərin, tele və radio açıqlamalarının verilməsi.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tədqiqatların təşkilində peşəkar yanaşma tətbiq olunur. Sorğular, adətən, ümummilli səviyyədə keçirilir. Tədqiqatın məqsədi və hədəf qrupundan asılı olaraq respondent seçimində müxtəlif yanaşmalar tətbiq olunur. Respondentlərin seçimində sosial-demoqrafik göstəricilərə xüsusi diqqət yetirilərək, proporsionallıq təmin edilir. Sorğulara respondent seçimində təsadüfi seçmə metodundan istifadə edilir ki, bu da hədəf qrupuna aid hər bir vətəndaşa bərabər səviyyədə iştirak imkanı verir. Müsahibələr və fokus qrupların təşkilində isə qeyri-təsadüfi seçmə metodu ilə müəyyən meyarlara cavab verən respondentlər seçilir.

STM tərəfindən aparılan sorğular üzbəüz, telefon və onlayn formada olmaqla müxtəlif üsullarla keçirilir. Genişmiqyaslı tədqiqatlardan öncə sorğu anketlərinin yoxlanılması məqsədilə sınaq tədqiqatları keçirilir. Sınaq sorğularından alınan nəticələr əsasında sorğu anketində müvafiq dəyişikliklər edilir. Müsahibələrin məxfiliyi ciddi şəkildə qorunur, anonimlik təmin edilir.

2022-ci ildə STM tərəfindən bir sıra vacib tədqiqatlar həyata keçirilib.

            Daxili siyasətin təhlili departamentinin fəaliyyəti 2022-ci ildə  cəmi 147 analitik məhsulda, o cümlədən 7 analitik hesabat, 76 açıq və qapalı arayış, 1 elmi-analitik jurnal, 39 elmi, analitik məqalə, 24 yerli və beynəlxalq konfranslarda məruzə və çıxışlarda əksini tapıb. STM-in beynəlxalq redaksiya heyətinə və beynəlxalq ISSN (2788-8789) sertifikatına malik “Sosial tədqiqatlar” jurnalının ümumilikdə 2-ci sayı çap edilib.

Departament əməkdaşları tərəfindən aktual mövzularda təhlillər hazırlanıb. Avropa Parlamentində  siyasi korrupsiyalı  deputat  şəbəkəsi, “brilyant diplomatiyası” və erməni faktoru. Azərbaycana qarşı yeni dezinformasiya layihəsi; “Fransanın Azərbaycana siyasi hücumu: təşkilatçılar və məqsədlər”, “Harri Kasparov və onun Azərbaycanı hədəfə alan beynəlxalq “insan hüquqları, demokratiya və anti-korrupsiya” təşkilatlar şəbəkəsi; Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin (The International Society for Human Rights.(ISHR) fəaliyyəti, Azərbaycana münasibəti; Milli yaddaşda  qələbə ideologiyasının  formalaşması və “Azərbaycan Zəfər Tağı”nın yaradılması; AŞPA-da Azərbaycan müzakirələri və siyasi təzyiq cəhdlərinin pərdəarxası: Azərbaycana qarşı LGBT parlamentari şəbəkəsinin səfərbər edilməsi; Fransada erməni media imperiyası 2022-ci ilin oktyabrında reallaşdırılan şiddətli dezinformasiyanın  əsas mənbəyidir; Azərbaycan İran münasibətlərində böhrandan qarşıdurmaya doğru mərhələ: xarici-geosiyasi və daxili dini-siyasi durum; Yeni alternativ Laçın yolu: 30 illik yolsuzluq və…. 32 km-lik  yol;  Ekosidin beynəlxalq cinayət kimi təsbit edilməsi (ekosid hüququ) yönündə mövcud  olan qlobal hərəkata Azərbaycanın qoşulmasının zəruriliyi; “Avropanın yeni enerji siyasətində Azərbaycanın manevr imkanları” və s. təhlil yazıları böyük marağa səbəb olub.

Hesabat və arayışlarda ölkənin ictimai-siyasi gündəmini təşkil edən aktual proseslərin vəziyyəti, problemlərin çıxış yolları və proqnozlar əksini tapıb. Xüsusilə də, ölkədaxili siyasi proseslərin həftəlik, ongünlük və s. xronoloji formatda operativ təhlilinə və araşdırma əsaslı təkliflərin verilməsinə üstünlük verilib. 

Departament əməkdaşları Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən “Kiber Şərq” (CyberEast), həmçinin Avropa Şurası tərəfindən həyata keçirilən “Kibertəhlükəsiz Şərq” (Cybersecurity East) və “Şərq kibertəhlükəsizliyi” (Eastern cybersecurity) layihələri çərçivəsində Azərbaycanın 10 iqtisadi rayonu üzrə, 1600  respondent, həmçinin sahibkarlar və sahənin ekspertləri arasında keçirilən sorğunun nəticələri əsasında Azərbaycan və ingilis dillərində “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” adlı analitik hesabat hazırlanıb.

Sosial-iqtisadi təhlil departamenti ölkənin sosial-iqtisadi siyasəti üzrə müxtəlif istiqamətli sorğu və tədqiqatlar əsasında təhlillər, açıq və qapalı arayışlar və eləcə də siyasət təklifləri hazırlayıb. Departamentin fəaliyyətinin nəticələrini ümumiləşdirərək qeyd edə bilərik ki, 2022-ci ildə departament əməkdaşları ümumilikdə 110 analitik təhlil resursu təqdim etmişdir ki, onları da aşağıdakı kimi qruplaşdıra bilərik:

1 kitab tərcüməsi; 5 analitik hesabat; 14 qapalı arayış; 5 siyasət təklifi; 2 təhlil sənədi; 2 mövqe sənədi; 3 siyasət tədbirləri sənədi; 11 elmi və populyar məqalə; 6 yerli və beynəlxalq tədiblərdə  məruzə; 2 təlim proqramı.

Departament tərəfindən E.Giddens və F.Sattonun “Sosiologiyanın əsas anlayışları” kitabı Azərbaycan dilinə tərcümə edilib. Departament üzrə cəmi 5 analitik hesabat, 6 sorğu əsaslı tədqiqat layihəsi, 1 hesabat icmalı, 14 Qapalı arayış sənədi, 5 siyasət təklifi, 2 təhlil sənədi, 3 siyasət tədbirləri sənədi təqdim edilib.

İctimai rəyin öyrənilməsi departamenti tərəfindən 2022-ci ildə ümumilikdə 16127 respondentin iştirakı ilə 21 rəy sorğusu (11-i üz-üzə, 10-u telefon sorğusu) keçirilib, 9 icmal sənədi və 20 arayış sənədi, 2 analitik təhlil təqdim edilib, 2 kitab layihəsi hazırlanıb.

“Koronavirus pandemiyası ictimai rəydə”, “Qisas əməliyyatı ictimai rəydə”, “Qətiyyətli cavab əməliyyatı ictimai rəydə”, “Prezidentin fəaliyyəti ictimai rəydə (İnam indeksi) və digər sorğular cəmiyyətin böyük marağına səbəb olub.

Media və kommunikasiya departamenti tərəfindən 2022-ci il ərzində Sosial Tədqiqatlar Mərəzinə məxsus saytın “Media” bölməsinin “Press-reliz” kateqoriyasında ümumilikdə 40 press-reliz dərc edilib. 2022-ci il ərzində mərkəzin Youtube kanalından 36 video-çarx paylaşılıb. Paylaşılan video-çarxlar arasında STM-in Mətbuat xidmətinin hazırladığı müxtəlif verilişlər də yer alıb. Departament əməkdaşları tərəfindən 8 arayış sənədi təqdim edilib.

Bundan başqa STM-in rəsmi internet səhifəsi (stm.az) kontentlərlə zənginləşdirilməsi təmin olunub.

2022-ci ildə STM-in icraçı direktoru tərəfindən 14 təhlil, arayış, təklif, arayış sənədləri və anailtik hesabat, 6 rəy, 7 daxili sənəd, dövlət proqramlarının icrası ilə bağlı 19 hesabat hazırlanmışdır. Bundan əlavə, icra xarakterli sənədlər, rəsmi məktublar, təqdimatlar, əmrlər, protokollar və onlara əlavə olunan sənədlər hazırlanıb.

STM tərəfindən daim siyasi təqvimə uyğun olaraq blitz sorğular həyata keçirilir, müxtəlif sənədlər hazırlanaraq dövlətə təqdim edilir. Kadr bazasının formalaşdırılması üçün bütün əməkdaşlar koordinasiyalı formada fəaliyyət göstərir. Dövlət üçün önəmli sahələrdə mövcud tendensiyaları müəyyənləşdirmək və rəy sənədləri hazırlamaq üçün bəzən digər qurumlarla qarşılıqlı əməkdaşlıq edilir, təcrübə mübadiləsi aparılır.

Sosial Tədqiqatlar Mərkəzi və Türkiyənin Üsküdar Universiteti,Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu (SETA), USMER (Ulusal Strateji Mərkəzi), Rosskonqress Fondu və başqa nüfuzlu təşkilatlarla qurulmuş beynəlxalq əməkdaşlıq əlaqələri 2022-ci ildə daha da inkişaf etdirilmişdir.

STM 2023-cü ildə də öz fəaliyyət planına uyğun olaraq vacib layihələr həyata keçirəcək.

stm.az