Bildiyimiz kimi, sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.
Bir neçə gündür, süfrələrimizin bəzəyinə çevrilən “İtisu” ölkə mediasının və sosial şəbəkələrin əsas xəbər mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçiləri böyük sevinc və coşquyla “İstisu”yla şəkillərini paylaşır, xoş sözlər yazırlar. Kəlbəcərli gənc şair, ictimai fəal Samir Mustafayev isə kəlbəcərlilərə xas olan şeir diliylə “İstisu”yu nəzmə çəkib. Əməkdaşımızla söhbət zamanı Samir qeyd edib: “Bu zavod bizim ailəmizin həyatında xüsusi önəm kəsb edir. Anam, atam, iki dayım, kəndimizin zəhmetkeş ağsaqqallarından olan Pirverdi Xıdırov və digər əzizlərimizin yolları buradan keçib. Anam gənc yaşında zavodda nümunəvi işçi olduğuna görə briqadir və şəhər sovetinin deputatı seçilib. Atam isə suyun istehsal olunduğu texnikanı çalışdırıb. “İstisu” zavodundan başlayan bu tanışlıq ailə həyatına çevrilmişdir.
Onu da qeyd edim ki, atam anamın işçisi olub. Zavodun açılışı isə ailə həyatı qurmalarının 35-ci ildönümə təsadüf etdi. Rəhmətlik Vaqif dayım uzun illər zavodun o zamankı rəhbərləri, el- obada böyük hörmət, izzət sahibləri olan Hacıyev Tofiqin, Bayramov Frontun sürücüsü, digər dayım Coşqun Ələsgəroğlu isə qaynaqçı işləmişdir. Müzəffər Ali Baş Komandanla əziz Mehriban xanımın “İstisu” zavodunun açlışını etdikləri gün bizim ailənin yaddaşına sevincli, həyəcanlı və kövrək bir gün kimi yazıldı. Bu şeir də o təsirli anlar içində yaranmış oldu.
Şükür bu günlərə, geridə qaldı,
Canlar yaxan o həsrətin, İstisu.
Loğmansan, təbibsən külleyi-ərzə,
Geri döndü şan- şöhrətin, İstisu.
—
Sənə üz tutanlar dərdini atar,
Sağalar şəfandan, çarəsin tapar.
Bir damcında İlahinin sirri var,
Dərmanısan yüz möhnətin, İstisu.
—
Taxta düzdən duman-çiskin görünür,
Buxarın dağlarla göyə sürünür.
Hər tərəfin gül- çiçəyə bürünür,
Qoynundasan sən cənnətin, İstisu.
—
Naxışın var qayaların daşında,
Min illərin tarixi var yaşında.
Yer almısan süfrələrin başında,
Hər bir evdə var hörmətin, İstisu.
—
Xalqımın növbəti Zəfər sayısan,
Şərqin mirvarisi, Zəmzəm tayısan.
Şəhidlərin, qazilərin payısan,
Dəyərlidir hər sərvətin, İstisu.
Samir Mustafayev
Kanal32.az