Samir Mustafayev Şəhid Nicat Qasımovla bağlı xatirələrini yazdı-FOTO

I Qarabağ döyüşləri və 44 günlük Vətən müharibəsinin sonundakı tarixi zəfər zamanı Murov, Kəlbəcər uğrunda gedən döyüşlərdə minlərlə igid oğlumuz şəhidlik zirvəsinə ucaldı, itkin düşdü və ya qazi oldu.
2020-ci ildə Vətən müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə Murov dağında şəhidlik zirvəsinə ucalan oğullardan biri də Gəncədə bir həyətdə böyüdüyüm uşaqlıq dostum, Milli Qəhrəman Əliyar Əliyevin bibisi nəvəsi Nicat Qasımov oldu. Nicat hələ orta məktəbə belə, getməyən iki körpə balasını (bir oğul və biri qızını) bizlərə əmanət edərək, döyüşlərə qatılmışdı.
Sonuncu telefon zəngi zamanı Nərminə anaya demişdi: “Narahat olmayın, hər şey yaxşıdı, Bünyamingilə gedirik.”
Burda Bünyaminin adı şifrə kimi çəkilmişdi: o, Kəlbəcər rayonun Bağlıpəyə kəndindən olan dostumuzdur. Qısa söhbətində Nicat bildirmək istəmişdi ki, ordumuz Kəlbəcərə gedir. Və o zəng Nicatın sonuncu zəngi oldu… Sonra onun Vətən uğrunda canından keçdiyi xəbəri gəldi… Sonra da Zəfər xəbəri gəldi! Və biz bir gözümüzlə şəhidlərimizi ağladıq, bir gözümüzlə zəfərimizə sevindik…
Qasımov Nicat Elşən oğlu 17 oktyabr 1991-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2007-ci ildə 33 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2007-2010-cu illərdə 1 nömrəli Peşə liseyində (indiki: Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil almışdır. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrində xidmət etmişdir.
2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağırılmışdır. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmiş, Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 4 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qasımov Nicat Elşən oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.
…Murovdan keçib Kəlbəcərə gedən yol “Nicat yolu” kimi qəlbimdə bir iz salıb.
1993-cü ildə də bu yol “Nicat yolu” oldu. Ağdərə yolu bağlı olduğundan, 60 min insanı yağı düşməndən xilas edən tək yol Murov yolu idi. Murovdan keçib Kəlbəcərə gedəndə tək polis postlarından deyil, mənəvi bir borc olaraq, qəhrəman oğulların ruhundan da icazə almaq lazımdır.
Cahana bəllidir bu əzəmətin,
Doğma Kəlbəcərin gözüsən, Murov.
Bu hissə ad tapmaq çətindən çətin,
Qəmli bir sevincin özüsən, Murov.

 

Nələr yaşatmadın bizlərə, eh, sən!
Duman sən, çisgin sən, gül üstə şeh sən.
Zirvələr göndərən sərin bir mehsən,
Gah da yanan qəlbin közüsən, Murov.

 

Zirvən məzar oldu neçə bədənə,
O canların haqqı çətin ödənə.
Həsrət qoydun doğulduğum vətənə,
Çəkdin hər sınağa bizi sən, Murov.

 

Sönmüş ocaqların yanır çırağı,
Gəlir Sarıyerdən elin sorağı.
Könlümün ağrılı, acılı dağı,
Dilimin ən şirin sözüsən, Murov.

 

Olmusan xalqımın müqəddəs piri,
Qucaq açdıqların dönmədi geri.
Minlərlə igidin əmanət yeri,
Şəhid oğulların izisən, Murov.

 

Samir Mustafayev