Şamaxıda elmi-praktik konfrans keçirilib-FOTOLAR

Şamaxıda İsmayıllı Regional Mədəniyyət İdarəsinin (İRMİ) və Şamaxı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 17 noyabr – Milli Dirçəliş Gününə həsr edilən “Milli dirçəlişdən milli tərəqqiyə gedən yol” mövzusunda elmi-praktik konfrans keçirilib. Elmi-praktik konfransda ADPU Şamaxı filialının bir qrup müəllimi və tələbəsi, İsmayıllı RMİ-nin Şamaxı rayonu üzrə baş məsləhətçisi, rayon Gənclər və İdman İdarəsinin məsul işçiləri, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər.

Kanal32.az AzərTac-a istinadən xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzindəki abidəsi ziyarət olunub, önünə çiçəklər düzülüb. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinin fondunda qorunub saxlanan sənədlərlə tanış olub, Şamaxı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Mərkəzin konfrans zalında keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi-praktik konfransı açan Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova Milli Dirçəliş Gününün xalqımızın azadlıq mücadiləsini əks etdirən əlamətdar bir gün olduğunu, dirçəliş tarixinin məhz görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rol oynayıb. Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə bağlıdır.

Elmi-praktik konfransda AMEA A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru dosent Cəbi Bəhrəmovun, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının, ADPU-nin Şamaxı filialının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zərifə Cavadovanın məruzələri dinlənilib.

Məruzələrdə vurğulanıb ki, böyük şəxsiyyət olan Heydər Əliyev nəhəng imperiyanın çökməsini mahir siyasətçi zəkası ilə öncədən dərk edərək, öz xalqını istiqlaliyyət yoluna istiqamətləndirib, milli dirçəlişdən milli tərəqqiyə gedən yolu göstərib. Azərbaycan SSR Ali Sovetinin 1991-ci ilin martında keçirilən iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edərək deyib: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Mən bu yoldan dönməyəcəm”.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə bu, müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi.

Böyük öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxarıldı. Sessiya Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Bu gün iftixarla demək olar ki, müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin göstərdiyi yolla inamla irəliləyir.