Şair Səxavət Kəlbəcərli Mingəçevir polisindən yazdı

Uzun illər öncə erməni daşnaqlarının hücumu nəticəsində biz kəlbəcərlilər öz doğma yurd-yuvamızdan uzaq düşdük. O illər mənə yuxu kimi gəlsə də, çox gözəl xatırlayıram. Böyüklərimiz silah-sürsatsız, yalın əllə sərhədlərimizdə dayanır, ana-bacıları qorumağa çalışırdı. Lakin odlu silah qarşısında çox dayanmaq olmadı, biz yurdumuzu tərk etmək məcburiyyətində qaldıq. O zaman gördüklərim, eşitdiklərim – düşmən tərəfdən gələn güllə səsləri, anaların hıçqırtısı, uşaqların ağlaşması, mal-qaranın mələrtisi və s. və ilaxır qulaqlarımdan getmir, heç vaxt da getməyəcək.

Elə həmin zamanlardan Azərbaycan polisi əliyalın əhalinin yanında idi. Birinci Qarabağ döyüşlərində torpaqlarımız uğrunda ilk canından keçənlər də polisləriiz oldu. 44 günlük zəfər tariximizdə də Azərbaycan Polisinin əməyi, fədakarlığı danılmazdır. Azərbaycan Vətən Müharibəsində Şəhid olan polisləri sadalamağa çalışsaq, bu siyahının necə uzun olduğunun şahidi olarıq…
Otuz ilə yaxındır ki, Mingəçevir şəhərində məskunlaşmışam. Şəhərin ictimai-siyasi həyatında baş verən hadisələrin içindəyəm. Əvvəlki illərə nisbətdə son illər Mingəçevir şəhərində hökm sürən ictimai sabitlik məni də sevindirir, gələcəyimizin, balalarımızın əmin əllərdə olduğuna inandırır. Bütün bunlar Mingəçevir şəhərinin asayiş qoruqçularının işinə məsuliyyətindən xəbər verir. Polislik yeganə peşədir ki, onun iş saatı, iş günü olmur. Gecə-gündüz bilmədən iş başında olan bu dəyərli oğullar sayəsində rahat, firavan həyat sürürük.

Uzun illərdir ki, sürücüyəm. Bilirsiniz ki, sürücülük də diqqət tələb edən sahələrdəndir. Yol hərəkəti qaydalarına maksimal dərəcədə riayət etmək yatərli deyil. Biz nəzərə almalıyıq ki, yolumuza ruhi xəstə, fiziki əngəlli və yaxud da hansısa narkotik maddənin, dərman preparatlarının təsiri altında olan birisi çıxa bilər. Bu, sürücü də ola bilər, piyada da. Bu məqamda yol hərəkəti qaydalarına riayətdən başqa həm də diqqətli və anlayışlı olmaq lazım gəlir. Bəli, bizi bu diqqət və anlayışa sövq edən də polislərimizdir. Onların ayıq-sayıqlığı, küçələrdə tez-tez reydlər keçirməsi, sürücülər və piyadalar arasında maarifləndirici tədbirlər düzənləməsi gələcək qəzaların qarşısını almaqda mühüm rol oynayır. Son illər bizim şəhərdə yol qəzaları demək olar ki, minimuma enib. Məlumdur ki, qəzalar çox zaman yolun strukturunun düzgün olmaması, yol hərəkəti nişanlarının lazımi yerlərdə yerləşdirilməməsi nəticəsində baş verir. Mingəçevir şəhərində bu nüans da diqqətdə saxlanılır. Şəhərimizin bütün nöqtələrində nəzarətçi polis əməkdaşları ilə yanaşı, yol hərəkəti qaydalarını tənzimləyən nişanlara rast gəlirik.

Bütün bu işlərin həyata keçirilməsində Mingəçevir Polis Şöbəsinin, xüsusən də şöbənin rəisi Ədalət Əliyevin, Mingəçevir Yol Polisinin rəisi Yusif Paşayevin əməyi danılmazdır. Adını çəkdiyim hər iki vətən oğlu öz işlərini rahat otaqlarında deyil, əhali arasında keçirir. Sadə vətəndaşlar tanımasa da, tanıyanlar bilir, görür ki, Ədalət müəllim də, Yusif Paşayev də keçirilən reydlərdə, maarifləndirmə tədbirlərində və s. birbaşa iştirak edir, öz işçi heyətlərinə, əhaliyə, sürücülərə dəyərli tövsiyyələrini verirlər. Bütün bunlara görə mən öz adımdan, şəhər sakinləri adından Ədalət Əliyevə, Yusif Paşayevə və şəhərimizin asayişi üçün çalışan hər bir polis işçisinə öz dərin minnətdarlığımı bildirirəm.
Bu gün hər bir Azərbaycan vətəndaşı “məni polisim qoruyur” sözünü ürəklə söyləyir. Arzu edirəm ki, bu kəlam öz aktuallığını heç vaxt itirməsin.
Bizi qoruyan polisimizi Tanrı qorusun!

Səxavət Kəlbəcərli,
Azərbaycan Yazçılar Birliyinin üzvü , Prezident təqadçüsü