Şair-jurnalist Faiq Şəmiloğlu-“Ölüm süvarisi”-FOTOLAR

Dekabrın 3-də “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyinin Mingəçevir “Yaşa” Mərkəzinin ofisində mərhum şair-jurnalist Faiq Şəmil oğlu İsmayılovun xatirəsinə həsr olunmuş poeziya gecəsi keçirilib.
Tədbiri Birliyin Mingəçevir filialının rəhbəri Validə Əlizadə açaraq uzun illər Mingəçevirdə müxtəlif qurumlarda çalışan, təqaüddə olan ziyalıların-müəllimlərin, tibb işçilərinin, mədəniyyət işçilərinin, mühəndislərin təşəbbüsü və iştirakı ilə ayda iki dəfə Azərbaycanın görkəmli şair və yazıçılarının, ədiblərimizin, elm və sənət adamlarının həyat və yaradıcılığına həsr olunmuş poeziya gecələrinin keçirildiyni bildirdi. Qeyd etdi ki, bu cür ədəbi-bədii tədbirlərdə bir araya gəlməklə biz yaddaşımızı təzələyir, yenidən ölkəmizin tanınmış simaları ilə tanışlıq edir, həm də asudə vaxtımızı səmərəli keçiririk. Tədbirlərimizdə ictimaiyyət nümayəndələri, tələbə və gənclər də iştirak edirlər ki, bu da onların bilgilərinin artmasına, dünyagörüşlərinin zənginləşməsinə imkan yaradır.
Poeziya dərnəyinin rəhbəri Rizvan Mikayıllı Faiq Şəmil oğlu İsmayılovun həyatı ilə bağlı məlumat verdi. Bildirdi ki, Faiq Şəmiloğlu 1962-ci il mart ayının 2-də Yevlax rayonunun Kövər kəndində sadə ailədə dünyaya gəlib. Ailədə 4 bacı, bir qardaş olublar. Orta təhsilini başa vurduqdan sonra o, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Ali təhsilini bitirdikdən sonra Bakıda mədəniyyət sahəsində əmək fəaliyyətinə başlayıb. Sonra Yexlaxda mədəniyyət sahəsində, ardıynan isə Mingəçevir Dövlət Dram Teatrında fəaliyyət göstərib. 1990-cı ilin iyun ayından həyatını mətbuata bağlayıb. Ilk olaraq toxuculuq kombinatnda nəşr olunan “İnam” (“Əmək şöhrəti”), sonra isə “Səda” qəzetlərinin redaksiyalarında korrektor, müxbir, məsul katib, redaktor müavini vəzifələrində çalışıb. Fəaliyyəti dövründə şeirlər, hekayələr yazdığını kimsəyə bəlli etməyib. Və publisistik, qətiyyətli məqalələri ilə oxucu rəğbəti qazanıb. O dövrdə torpaqlarımıza yağı düşmənin hücumları zamanı həlak olan şəhidlərimizin haqqında məqalələr yazmış, ölkədə ilk dəfə nəşr olunan “Mingəçevir şəhidləri” kitabının müəlliflərindən biri olmuşdur.
Sonra Faiq İsmayılovun iş yoldaşı olmuş Kifayət Əliyeva onun yaradıcılığından bəhs edən geniş məruzə ilə çıxış edib, şeirlərindən parçalar səsləndirib. Azərbaycan Yazçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə özü ilə şəxsən tanışlığı olmasa da Faiqin böyük istedad sabibi olan, qələmə aldığ mənalı şeirlərinin qəlblərə yol açdığını bildirib. Mərhum şairin mətbuat sahəsində çalışdığı dövrdə iş yoldaşları olan Zahid Qasımlı “Səda” qəzetindəki fəaliyyətindən, birgə əməkdaşlıqlarından, Mətanət Məmmədova “İnam” qəzetində yaratdığı “20-ci sütun” ilə geniş oxucu auditoriyası qazandığını, vətənpərvərlik duyğularından söz açıblar.
Çıxşlarda Faiq İsmayılovun ən yaxın dostu və tələbə yoldaşı, “Ədəbiyyat qəzeti”nin baş redakroru Azər Turanın qələmə aldığı “Ölüm süvarisi” kitabı, eyni zamanda yazdığı şeirlərin zaman-zaman müxtəlif mətbu orqanlarında nəşr olunması onun mərhum şairə göstərdiyi ehtiram və sevgisinin nümunəsi olduğu bildirilib. İynə boyu şeirləri ilə Azərbaycanın poeziya aləminə işıq salan, yalnız ölümündən sonra şair kimi tanınan, sevilən, kitabları nəşr olunan, o cümlədən haqqında ədəbi-bədii tədbirlər keçirilən, yaddaşlarda iz salan Faiq İsmayılovun mətbuat sahəsindəki qısa dövrdəki fəaliyyəti zamanı qələmə aldığı publisistik məqalələrindən, yumor xarakterli çıxışlarından da bəhs olunub.
Faiq İsmayılovun həyat yoldaşı, Mingəçevir Dövlət Universitetinin baş müəllimi, psixoloq İlhamə İsmayılova gənc yaşında həyatdan köçsə də qısa ömür yolunda böyük yaradıcılıq salnaməsi yaradan, əsl dost, yoldaş, övlad, sirdaş olan Faiqin insanpərvərlik nümunəsi olduğunu bildirib, yaradıcılığından danışıb. Onun xatirəsinə anım tədbirlərinin, ədəbi-bədii gecələrin keçirilməsinin ədəbiyyat fədaisinə göstərilən məhəbbət olduğunu vurğulayaraq minnətdarlığnı ifadə edib.

Mingəçevir Dövlət Universitetinin tələbəsi Azad Həmzəyev Faiqə həsr etdiyi şeiri söyləyib. Gənc şair Elçin Məhərrəm isə Faiqin yaradıcılığından böyük ilham aldığını və qələmə almağa başladığı“Görəsən necə olur ağacların yuxusu” adlı romanını məhz nakam şairin xatirəsinə həsr etdiyini qeyd edib.
Tədirdə birlik üzvlərindən Minayə Məmmədova, Brilliant Əhmədova Faiqin şeirlərini söyləyiblər. Şair Məmməd Mərzili oxucu auditoriyası qazanan gənc və nakam şairin yaradıcılığının gənc nəsil üçün bir poeziya məktəbi olduğunu vurğulayıb.
Tədbir xoş ovqatla davam edib. Yaxın vaxtda ölkəmizin daha bir tanınmış yazıçısının həyat və yaradıcılığına həsr oluancaq görüş barədə söz açılıb.
    
Mətanət MƏMMƏDOVA,
Mingəçevir qəzetinin müxbiri