Sabiq səfir köməkçisi Pakistan-Azərbaycan münasibətlərindən danışıb və…

Pakistan və Azərbaycan tarixi kökləri dərin, qardaş ölkələrdir. Bu əlaqələrin tarixi azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə birbaşa bağlıdır. Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründən daha da güclənmiş əlaqələr, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə davamlı olaraq inkişaf edib.
Vətən müharibəsində Pakistan tərəfindən ölkəmizə göstərilən diplomatik dəstək qardaşlıq münasibətlərimizi daha çox gücləndirdi.
Bu fikirləri qardaş ölkə Pakistanın Azərbaycandakı Səfirliyinin sabiq Səfir köməkçisi Vüsal Hümbətzadə deyib.
 Səfir köməkçisi ilə olan söhbətimiz zamanı Pakistan Mədəniyyət Mərkəzi və iki ölkə arasındakı münasibətlərin inkişafı barədə də suallara cavab aldıq.
– ADU-nun Pakistan Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında danışmağınızı xahiş edirəm.
Universitetimizdə hal-hazırda 20-dən çox ölkənin mərkəzləri mövcuddur. Mərkəzlərin açılmasının məqsədi ölkələr arasında mədəniyyət, təhsil, elm mübadiləsi aparmaq, xarici münasibətlərin inkişafında rol oynamaqdır.
Həmin mərkəzlərdən biri də Pakistan Mədəniyyət Mərkəzidir. Mərkəzin açılması uzun bir prosesin nəticəsidir. Ölkələr arasında olan əlaqələr, eyni zamanda Kamal müəllimin böyük səyləri nəticəsində mərkəzin açılmasına müvəffəq ola bildik. Fəaliyyətimiz milli dəyərlərin vəhdətini hər iki ölkənin ənənələrində əks etdirərək, geniş miqyaslı tədbirlərdə özünü göstərir. İstər rəsm sərgisi olsun, istər müxtəlif müsabiqələr, istər də yemək festivalı olsun, hər yerdə mərkəzimiz öz müsbət rolunu oynayır. Fəaliyyətimiz çərçivəsində tələbələr üçün nəzərdə tutulan mübadilə proqramları var. Bu da hər iki ölkənin təhsil sistemini, mədəni əlaqələrini tələbələrə aşılamaq məqsədi daşıyır.
– Pakistan Mədəniyyət Mərkəzi hər iki ölkənin əlaqələrinin inkişafında hansı rolu oynadı?
– Hər iki ölkə arasındakı əlaqələrin inkişafında Pakistan Mədəniyyət Mərkəzinin rolu çox böyükdür. Mərkəzin əhəmiyyəti ondan aydındır ki, açılışında Pakistan Milli Assambleyasının spikeri cənab Asad Qeysər şəxsən deputat heyəti ilə iştirak etmişdir. Məhz Pakistan Mədəniyyət Mərkəzinin yaranmasından sonra, Pakistandan digər nümayəndələr gələrək mərkəzlə tanış olub, universitetin rektoru ilə görüşüb və mərkəzlə bağlı müsbət təəssüratlarını bildiriblər.
Həmin görüşlərdə də iki ölkə arasındakı əlaqələrin gələcək planlarından danışılıb. Bu planlar arasında dövlət proqramları əsasında sərgilər, tədbirlər, xarici qonaqların tələbələrlə görüşü, xüsusi günlərin qeyd olunması, səfir saatları həyata keçirilir. Mərkəzin açılışı hər iki ölkənin tələbələri arasında da mədəni əlaqələrin mənimsənilməsində geniş rol oynadı.
– İki ölkə arasındakı əlaqələrin inkişafında, bu mərkəzin perspektivi nədir? 
– Pakistanşünaslıq ixtisasında təhsil alan tələbələrə mərkəzdə Pakistan dili, tarixi və mədəniyyəti öyrədilir. Burada səfir saatları, mədəni sərgilər, dövlət planlı müxtəlif tədbirlər keçirilir. Dövlət planlı tədbirlər arasında bu ilin may ayında “28 may – Azərbaycanın müstəqilliyi günü”nə həsr olunmuş tədbiri, Pakistan Milli Assambleyasının sədri spiker cənab Asad Qeysərin və Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfərin tələbələrlə görüşlərini qeyd edə bilərik. Hətta rektor Məhəmməd Cəfər ADU-nun tələbələri üçün mühazirə də oxuyub.
-Pakistandakı Azərbaycan Mədəniyyət Mərkəzi haqqında nə deyə bilərsiniz?
– Mərkəz bu il Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində açılıb. Mərkəz Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və təşkilatçılığı ilə yaradılıb. Bu münasibətlə Pakistanda xüsusi tədbir keçirilib. Keçirilən tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Milli Məclisin deputatı, ADU-nun sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov, ADU-nun xarici mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov, Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, ali təhsil müəssisəsinin prorektorları, müəllim və tələbə heyəti, eləcə də səfirlik əməkdaşları iştirak ediblər. Səfir mərkəzin iki ölkə arasında elmi, mədəni, humanitar sahələr üzrə münasibətlərin daha da dərinləşdirilməsində önəmli rol oynayacağını diqqətə çatdırıb.
Müsahibəni aldı: Nərmin Salmanova