Səudiyyə Ərəbistanının “Əl Yaum” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Zəfər Gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığı, Şuşa şəhərinin işğaldan azad edilməsi ilə başa çatan 44 günlük döyüş əməliyyatlarının işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndiyi, şanlı Ordumuzun qısa müddətdə 300-dən artıq şəhər və kəndi düşmən tapdağından azad etdiyi diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, şəhidlərin qanı bahasına tam təslim olan Ermənistan ordusunun 30 ilə yaxın davam edən təcavüzünə və hərbi təxribatlarına son qoyulub. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və münaqişə hərbi-siyasi yolla nizama salınıb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, artıq Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur və kim onu diriltmək istəyirsə, bunu öz ərazisində edə bilər.
Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun şanlı Zəfəri erməni faşizminə də son qoyub. İşğaldan azad edilmiş ərazilərə səfər edənlər ermənilərin törətdikləri vəhşiliklərin, dağıntıların canlı şahidi olublar. Tarixi abidələr və ibadət məkanları məhv edilib, 67 məsciddən 65-i tamamilə dağıdılıb. Azərbaycanlıların və bütün müsəlmanların dini hisslərini təhqir edən düşmən müqəddəs ocaqlarda inək və donuz saxlayıb. Həmçinin Ermənistan bu ərazilərdə çoxlu sayda minalar basdırıb, təbii sərvətləri talan edib, bir sıra ağır cinayətlər törədib. Azərbaycan bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə və Beynəlxalq Məhkəməyə müraciət edib.
Yazıda məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması üçün genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı və torpaqların minalardan təmizlənməsinin davam etdiyi qeyd olunub.
Sonda müəllif yazıb: “Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ölkə tarixində yeni dövrün başlanğıcının əsasını qoyub və regionda yeni reallıq yaradıb. Eyni zamanda, Ermənistanı beynəlxalq hüquq normalarına, xüsusən qonşuların ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağa çağıran rəsmi Bakı qeyd edib ki, bu ölkənin regionda sülhə və təhlükəsizliyə təhdid yaratmayacağı təqdirdə həyata keçiriləcək regional layihələrdə iştirakı mümkündür.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə