AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun gənc alimləri beynəlxalq məkanda fəallıq göstərirlər. Bu fəallıq həm beynəlxalq tədbirlərdə iştirakda, həm nüfuzlu xarici jurnallarda məqalələrin dərcində, həm də xarici sayt və telekanallar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əksini tapır.
Kanal32.az AMEA-nın yaydığı məlumata istinadən xəbər verir ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərini əsasən ərəbdilli televiziya, radio kanalları və saytlar vasitəsilə dünya ictimaiyyətinə çatdıran gənc şərqşünas alimlər cari ilin birinci yarısında da fəal olaraq, xarici KİV-lərdə Vətən müharibəsindən sonra regionda vəziyyət və görülən işlər barədə, 20 Yanvar, Xocalı faciələri, 31 mart soyqırımı, eləcə də Şərqin müxtəlif problemlərinə dair müsahibələr verib, yazılar dərc etdiriblər.
İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elnur Mustafayevin “Xocalı: İnsanlığın faciəsi” adlı məqaləsi İordaniya Haşimilər Krallığının “Neyruz”, Misir Ərəb Respublikasının “əl-Daulə”, İraqın “Əfkarul-hurra”, Suriya Ərəb Respublikasının “əl-Kitabat” informasiya portallarında dərc olunub. Bununla yanaşı gənc alim BBC-arabic kanalına, BBC arabic radiosuna, ABŞ-ın əl-Hurra kanalına, mərkəzi Londonda olan “əl-Arabi” kanalına müsahibələr verib.
Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin kiçik elmi işçisi Samid Bağırov İkinci Qarabağ müharibəsi, onun nəticələri, post-müharibə dövrü ilə bağlı bir sıra xarici KİV-lərə, o cümlədən İranın ərəb dilli “Əl-Aləm” telekanalına müsahibələr verib.
Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İran İslam Respublikasının “Xudafərin” jurnalının 189-cu sayında fars dilində dərc olunub. Şərqşünas alimin “20 Yanvar faciəsi: Azərbaycan xalqını müstəqilliyə aparan yol” adlı məqaləsi bir sıra Şərq ölkələrinin saytlarında da yayımlanıb. Məqalə İordaniyanın nayrouz.com saytında ərəbcə, Qazaxıstanın ea-news.kz və Özbəkistanın interpress.uz saytlarında rus dilində, İsveçdən yayımlanan farsdilli tribun.one saytında fars dilində dərc edilib. Alimin “Xocalı soyqırımı: insanlığın ən qanlı faciələrindən biri” məqaləsi isə Türkiyədən yayımlanan kriminsesigazetesi.com saytında türk dilində, Qazaxıstanın ea-news.kz və Özbəkistanın fikr.uz saytlarında rus dilində dərc olunub. Sübhan Talıblının həmçinin müsahibəsi turkishnews.com/tr saytında dərc olunub.
Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Yeganə Hacıyeva Yaponiyanın Tokio şəhərində təşkil olunmuş Müasir elmlərin innovativ araşdırmaları üzrə 3-cü beynəlxalq konfransda “Qarabağ müharibəsi və İran azərbaycanlıları” mövzusunda çıxış edib və məqalə konfransın materiallarında ingilis dilində çap olunub.
2021-cu ilin birinci yarısında Şərqşünaslıq İnstitutunun əməkdaşlarıxaricdə bir sırabeynəlxalq tədbirlərdə, elmi konfranslarda iştirak ediblər.
Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Namiq Məmmədov Fransada təşkil olunan V Beynəlxalq Paris Sosial Elmlər Konfransında “Alparslan Türkeşin Türkiyənin siyasi tarixində rolu” və ABŞ-ın Nyu York şəhərində təşkil olunmuş IV Beynəlxalq Konfransda “Türkiyədə 2002-ci il parlament seçkilərinin analizi” mövzusunda məruzələr edib.
İran filologiyası şöbəsinin böyük elmi işçi, f.ü.f.d. Günay Verdiyeva Türkiyənin Harran Universitetində keçirilən “Sosial və Humanitar Elmlər üzrə II Beynəlxalq Göbəklitəpə konqresi”ndə “Müasir Azərbaycan və fars dillərinin terminologiyasının bəzi aspektləri haqqında” mövzusunda məruzə edib.
Şərqşünaslığın tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, f.ü.e.d. Roida Rzayeva “XXI əsrdə sülh və təhlükəsizlik üçün konfessiyalararası əməkdaşlıq” V virtual konfessiyalararası harmoniya konfransında BMT-nin elan etdiyi “Konfessiyalararası harmoniya həftəsi”nə həsr olunan onlayn vebinarda “Dialoqun fəlsəfəsi” mövzusunda məruzə edib.
Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Sübhan Talıblı “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə “Çanaqqaladan Qarabağa Türk zəfəri” adlı Çanaqqala savaşının 106-cı il dönümünə həsr olunmuş onlayn konfransda çıxış edib.
Türk filologiyası şöbəsinin elmi işçisi Xanım Abdullayeva Beynəlxalq İğdır Sosial Elmlər Konfransında ilk türk novella yazarına dair məruzə edib.
Şərqşünaslıq İnstitutunun gənc alimlərinin ötən 6 ay ərzində nüfuzlu xarici elmi jurnallarda bir sıra elmi məqalələri dərc olunub.
Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Namiq Məmmədovun “Türkiyədə Milli Görüş hərəkatının idealogiyası və tarixinin analizi” adlı məqaləsi “İnternational Journal of Social, Political and Economic Research” adlı jurnalda çap olunub. Alimin Fransanın Paris şəhərində təşkil olunan V Beynəlxalq Paris sosial elmlər konfransındakı “Alparslan Türkeşin Türkiyənin siyasi tarixində rolu” adlı məruzəsinin və ABŞ-IN Nyu York şəhərində təşkil olunmuş IV beynəlxalq konfransındakı “Türkiyədə 2002-ci il parlament seçkilərinin analizi” mövzusunda məruzələrinin mətni müvafiq konfransların materiallarında nəşr edilib.
Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elnur Mustafayevin “İlkin qəbilə dinlərində mehdilik inancının motivləri” adlı məqaləsi Bolqarıstan Respublikası “South-West” (Cənub-Qərb) Universitetinin fəlsəfə və politologiya sahələri üzrə ixtisaslaşmış, “Erih Plus” indeksli “NOTABENE” elektron elmi jurnalında dərc edilib. Alimin “Səfəvilər dövlətinin ideoloji siyasətində mehdilik inancının yeri” adlı məqaləsi isə Ukraynanın V.İ.Vernadski adına Tavriya Milli Universitetinin “Vçeni zapiski jurnalında çapdan çıxıb.
Türk filologiyası şöbəsinin elmi işçisi Xanım Abdullayevanın Beynəlxalq İğdır Sosial Elmlər Konfransının materiallarında ilk türk novella yazarına dair məruzəsinin mətni çap olunub.
Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Təranə Həşimovanın müasir Azərbaycan və özbək ədəbiyyatında Əmir Teymur obrazına dair məqaləsi Türkiyədə “Akra Sanat, Kültür, Edebiyat Dergisi”ndə, həmçinin özbək şairi Tahir Kahharın yaradıcılığına dair məqaləsi Ankara Universitetinin “Türkoloji dergi”sində çap olunub.
Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi Lalə Qasımlının tərtib etdiyi və redaktoru olduğu “60`lardan günümüze Azerbaycan hikayesi” toplusu Türkiyənin paytaxtı Ankarada türk dilində nəşr olunub. Topluda əsasən türk, eləcə də bir sıra Azərbaycan müəlliflərinin müasir Azərbaycan şair və yazıçılarına dair məqalələri yer alır. Bu sırada Lalə Qasımlının “”İsmail Şıhlı`dan Mertlik Dersi: Namert Kurşunu” məqaləsi də topluda dərc olunub.
İran filologiyası şöbəsinin elmi işçisi Nigar Ağayeva Azərbaycan Respublikası XİN, Mədəniyyət Nazirliyi və AMEA-nın birgə layihəsi çərçivəsində Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutu tərəfindən üzv ölkələrin hər birindən 100 atalar sözü əks olunacağı fars dilində kitabın çap edilməsi üçün Azərbaycan atalar sözlərinin fars dilində ekvivalentlərini tərtib edib.
Gənc şərqşünaslar öz səmərəli fəaliyyətlərini uğurla davam etdirirlər və 2021-ci ilin ikinci yarısında bir sıra beynəlxalq konfranslarda, tədbirlərdə iştirakı planlaşdırırlar, nüfuzlu elmi jurnallara yeni elmi məqalələr təqdim edirlər.