AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının Tehranda yayımlanan “Xudafərin” jurnalında “Azərbaycanın tarixi-maddi mənəvi abidələri erməni işğalı altında” sərlövhəli məqaləsi dərc olunub.
Kanal32.az xəbər verir ki,bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Məqalədə Ermənistanın Azərbaycana təcavüzü zamanı qədim Azərbaycan torpaqlarında, o cümlədən Qarabağ və ətraf rayonlarda 1600 dini abidəmizin ermənilər tərəfindən dağıdıldığı qeyd edilib. Bildirilib ki, işğal dövründə 1700 tarix və mədəniyyət abidəsinin üzərindəki tarixlər, divar yazıları götürülərək erməni mətnləri ilə əvəzlənib, 27 muzey və şəkil qalereyasından qarət olunan yüz min eksponatın taleyinə aydınlıq gətirilməyib. 500-dək tarixi memarlıq, 100-dən artıq arxeoloji abidə, fondlarında on minlərlə əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazmaları saxlanılan 927 kitabxana, 808 klub, 85 musiqi və incəsənət məktəbi, 10 istirahət və mədəniyyət parkı, 20 konsert təşkilatı, bundan əlavə əhalinin şəxsi evlərində saxlanılan 100 minlərlə dekorativ-tətbiqi sənət nümunələri – xalçalar, tikmə naxışlı qədimi geyimlər, zərgərlik və misgərlik əşyaları və s. Ermənistanın silahlı hərbi təcavüzü nəticəsində yandırılıb, qarət edilib, Ermənistana daşınaraq saxtakarlıqla özününküləşdirilib, yaxud da onların bir qismi xarici ölkələrdə “erməni mədəniyyətinin nümunələri” adı altında satılıb.
Alim məqalədə qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə yanaşı, təcavüzkar Ermənistanın beynəlxalq və regional güclərin hərtərəfli dəstəyi ilə xalqımıza qarşı etdiyi etnik təmizləmə, köçürülmə, soyqırımı və vandalizmin qısasını aldı. Bundan başqa, məqalədə Qarabağda dağıdılmış və təcavüzə məruz qalmış Alban abidələri, erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı beynəlxalq və regional təşkilatların mövqeyi, erməni təcavüzü nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı Azərbaycan Respublikasının atdığı addımlar və s. məsələlər öz əksini tapıb.