“Sərhədsiz Öyrənmə: Aktiv Təhsil və Şəxsi İnkişaf” layihəsinin açılışı keçirilib-FOTO

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Sərhədsiz Öyrənmə: Aktiv Təhsil və Şəxsi İnkişaf” layihəsinin açılış tədbiri keçirilib.

KANAL32.az-a verilən məlumata gğrə,layihə 287 nömrəli Zəkalar liseyinin direktor müavini Lalə Yusifova tərəfindən icra olunur və müasir təhsil mühitində şagirdlərin kompleks inkişafını hədəfləyir. Açılış tədbirində müasir təhsil sistemində şagirdlərin yalnız akademik biliklərlə deyil, eyni zamanda fiziki və psixoloji sağlamlıq baxımından da dəstəklənməsinin vacibliyi vurğulanıb. Layihənin əsas məqsədi şagirdlərin intellektual, fiziki və emosional inkişafını balanslı şəkildə dəstəkləmək, aktiv təhsil yanaşmalarını tətbiq etməklə onların ümumi rifah səviyyəsini yüksəltməkdir.

“Sərhədsiz Öyrənmə” təşəbbüsü çərçivəsində şagirdlərin tədris prosesində həm intellektual fəaliyyətlərə, həm də fiziki aktivliyə daha çox cəlb olunması, psixoloji rifahın gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi nəzərdə tutulur. Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər şagirdlərin fiziki və psixoloji sağlamlığına diqqəti artırmaqla yanaşı, daha balanslı, dayanıqlı və güclü nəsillərin formalaşdırılmasına xidmət edir.

Layihənin rəhbəri Lalə Yusifova çıxışında bildirib ki, təhsildə məqsəd yalnız yüksək akademik nəticələr əldə etmək deyil, eyni zamanda şagirdlərin fərdi inkişafını, sağlamlıq vəziyyətini və psixoloji rifahını nəzərə alan mühit yaratmaqdır. O, “Sərhədsiz Öyrənmə” layihəsinin bu istiqamətdə atılan mühüm bir başlanğıc olduğunu və gələcək perspektivlər baxımından geniş imkanlar açdığını vurğulayıb.

#GrantsEduAz

#IXQrant

#QrantMüsabiqəsi

#EduGrants