Şəkidən Qubaya İnküliziv İcmalaşmanın iziylə-FOTO

Təqvimlər  3  Dekabr – Beynəlxalq  Əlilliyi  olan  şəxslər  gününü  göstərən zaman,  cəmiyyətdə  bərabərliyin  və  həmrəyliyin  səsi  daha  uca  eşidilir.  Məhz bu  önəmli  tarix  ərəfəsində,  son  iki  ilin  yaddaşında  dərin  iz  qoyan,  qəlbləri bir  amal  ətrafında  birləşdirən  mühüm  bir  təşəbbüs —  “Öndə  Gənclər”  (Öndə) İctimai  Birliyinin  həyata  keçirdiyi  “InCamp”  (İnklüziv Kamp)  layihəsi  öz uğurlu  missiyasını  davam  etdirdi.

Birincisi  qədim  Şəkinin  tarixi  mühitində,  ikincisi  isə  Qubanın  bənzərsiz  təbiətində  baş  tutan  bu  düşərgələr,  sadəcə  bir  sosial  toplaşma deyil,  həm  də  gənclərin  potensialını  üzə  çıxaran  strateji  bir  platformaya çevrildi.  İştirakçısı  olduğum  bu  yolçuluq,  inklüzivliyin  sadəcə  bir  termin deyil,  bir  həyat  tərzi  olduğunu  hər  addımda  hiss  etdirən  mühüm  bir  təcrübə kimi  yadda  qaldı.

“InCamp”  layihəsinin  əsas  hədəfi  inklüziv  icmalaşmanı  nəzəriyyədən real  təcrübəyə  daşımaq  idi.  Layihə  çərçivəsində  iştirakçılar  üçün  xüsusi olaraq  təkliflərinin  hazırlanması  mövzusunda  intensiv  təlimlər  təşkil  olundu. Bu  təlimlər  gənclərə  yalnız  ünsiyyət  qurmaq  fürsəti  deyil,  həm  də  gələcəkdə öz  icmaları  üçün  faydalı  layihələr  hazırlamaq,  sosial  problemlərin  həllində aktiv  tərəfdaş  kimi  çıxış  etmək  bacarıqlarını  qazandırdı.

Düşərgənin proqramı təsadüfi seçilməmişdi. Müşahidələr və statistik təhlillər  göstərir  ki,  gənclər üçün mütəmadi elan olunan “İdeyanı reallaşdır” kimi qrant müsabiqələrinin qalibləri arasında əlilliyi olan şəxslərin təmsilçiliyi yox  dərəcəsindədir.  Bu  boşluq,  məsələyə  daha  fundamental  və  peşəkar yanaşma ehtiyacını doğurmuşdur. Məhz bu zərurətdən yola çıxan “InCamp” layihəsi,  əlilliyi  olan  gənclərin  sadəcə  iştirakçı  deyil,  həm  də  təşəbbüskar olması üçün mühüm bir hədəf müəyyənləşdirib: layihə təklifi hazırlama bacarıqlarının inkişafı. Düşərgə müddətində mənimsənilən bu biliklər, uzunmüddətli  perspektivdə  gənclər  sektorunda  inklüzivliyin  artırılmasını  və hər bir fərd üçün bərabər imkanlar mühitinin formalaşdırılmasını təmin etmək məqsədi daşıyır. Artıq  ideyalar  sadəcə  xəyalda  qalmır,  onlar  kağıza köçürülərək  real  dəyişikliklərə  yol  açmağa  hazır  formata  gətirilir.

Təxminən  bir  il  fərqlə  keçirilən hər iki mərhələ bir-birinə bənzədiyi qədər, həm də özünəməxsus xüsusiyyətləri ilə fərqlənirdi. Layihənin ilk addımı olan “Şəki InCamp”, Avropa Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər  və  İdman  Nazirliyinin  maliyyə  dəstəyi  ilə  reallaşdı.  Qeyd  etməliyəm ki,  Şəki Olimpiya İdman Kompleksində baş tutan bu 7 günlük düşərgə unudulmaz  bir  təcrübəyə  çevrildi.

Düşərgədə əlilliyi olan şəxslər də daxil olmaqla, 18-27 yaş arası 30 fəal gənc  bir  araya  gəlmişdi. Proqram  kifayət  qədər  zəngin  və  intensiv  qurulduğu üçün  iştirakçılar  40  akademik  saatlıq  peşəkar  təlimlərdən  faydalanmaq  imkanı qazandılar. Təlimçilər – Fərhad Abdulov, Mələk Sultanlı, Cəsur Mədətzadə  və  Aydan Ağayeva – Avropa Şurası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi uzunmüddətli təlim proqramını (TRAYAZE) uğurla  bitirmiş  təcrübəli  mütəxəssislər  idi.  Onların  bələdçiliyi  ilə  keçən  hər saat  gənclərə  yeni  perspektivlər  qazandırırdı.

Təlim proqramı çərçivəsində iştirakçılar beynəlxalq PMP (Project Management Professional) yanaşmasını, layihələrin onurğasını təşkil edən Məntiqi  Çərçivə alətini və effektiv idarəetmə metodlarını dərindən mənimsədilər.  Proqramın  ən  güclü  tərəfi  nəzəriyyə  ilə  təcrübənin  sintezi  idi. Bu yanaşma gənclərə öz yaradıcı ideyalarını hər kəs üçün əlçatan layihələrə çevirmək  imkanı  yaratdı.

Düşərgə həm yüksək səviyyəli təhsil mühiti, həm də əyləncəli sosial fəaliyyətləri ilə yaddaşlara həkk olundu. Burada öyrəndiyimiz hər bir detal, əslində  gələcəkdə  qura  biləcəyimiz  maneəsiz  dünyadan  bir  parça  idi.

Şəki  düşərgəsinin  yaratdığı  böyük  rəğbətdən  sonra  “InCamp”  ruhu  bu dəfə  Qubada  yenidən  canlandı.  Gənclər  və  İdman  Nazirliyinin  maliyyə dəstəyi  və  “Öndə”  Gənclər  İctimai  Birliyinin  təşkilatçılığı  ilə  reallaşan növbəti  düşərgə,  məhz Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə ithaf olunmuşdu. Quba Olimpiya İdman Kompleksində baş tutan bu mərhələ inklüzivliyin  ən  praktik  və  dinamik  tərəflərini  özündə  birləşdirdi.

Şəki  ilə  müqayisədə  Quba  düşərgəsi  özünəməxsus  çətinlikləri  ilə  yadda qaldı.  Zamanın  daha  məhdud  olması öyrənmə prosedurunu kifayət qədər yorucu  və  intensiv  bir  formaya salmışdı. Lakin bu gərginlik iştirakçıların əzmini qıra bilmədi; gənclər hətta gecə saatlarına qədər öz layihə təklifləri üzərində  işləməyə,  ideyalarını  cilalamağa  davam  edirdilər.

Bu  yorucu  anlarda  “Öndə”  GİB-in  rəhbərliyi  və  Nazirlik əməkdaşlarının  bizimlə  çiyin-çiyinə  olması, hər bir sualı səbirlə cavablandırması və mənəvi dəstəyi sönməyə başlayan enerjimizi yenidən alovlandırırdı. Təlimçi  heyətinin  bu  dəfə  daha  sadə  tərkibdə  olmasına  rəğmən, proqramın  yükünü  Fərhad  Abdulov  öz  peşəkarlığı  ilə  çiyinlərində  uğurla daşıdı.

20  akademik  saatlıq  praktiki  təlimlər  zamanı  iştirakçılar  altı  fərqli meyar  üzrə  ciddi  şəkildə  qiymətləndirildilər.  Bu,  sadəcə bir düşərgə deyil, həm də gənclərin real bacarıqlarının sınağı idi. Sonda hər kəs “Öndə”nin 4 səviyyəli  sertifikatları  ilə  mükafatlandırıldı.

Xüsusilə  fiziki  əlilliyi  olan  Cavad  Qələndərlinin  I  dərəcəli  “Bayraqdar”,  görmə  məhdudiyyəti  olan  Nuranə  Cabbarlının  isə  II  dərəcəli “Hədəf”  sertifikatına  layiq  görülməsi  “İnCamp”ın  real  bəhrəsi  oldu. Bu uğurlar  sübut  etdi  ki,  zaman  nə  qədər  məhdud,  şərtlər  nə  qədər  ağır  olsa da,  iradə  və  dəstək  olan  yerdə  nəticə  qaçılmazdır.

Gərgin  iş  prosesində  iştirakçıların  ən  böyük  motivasiya  mənbələrindən biri də Gənclər və İdman Nazirliyinin müşahidəçi nümayəndəsi Nərmin Cahangirova  idi.  Gecə  saatlarına qədər layihə yazan gənclərlə birgə vaxt keçirən,  hər  bir  məqamda  dəstəyini  əsirgəməyən  Nərmin  xanım  mehribanlığı və səmimiyyəti ilə hər kəsin rəğbətini qazandı. Fasilələr zamanı gənclərlə apardığı inkişafetdirici söhbətlər, bölüşdüyü zəngin bilik və təcrübələrlə iştirakçılar  üçün  əsl  bələdçiyə  çevrildi.

“İnCamp”  sadəcə  bilik  vermir,  həm  də  liderlər  yetişdirir.  Bunun  ən bariz  nümunəsi  ötən  ilin  iştirakçısı  olan  Dilguşə  Sadıqovanın  cəmi  bir  il ərzində iştirakçılıqdan təlimçiliyə yüksəlməsi oldu. “Öndə” Gənclər İctimai Birliyinin  könüllüsü  olan  bu  gəncimizin  qısa  müddətdə  belə  bir  inkişaf  yolu keçməsi, təşkilatın kadr potensialı və peşəkar təlimçi yetişdirmə sahəsindəki uğurunun  parlaq  bir  təzahürüdür.  Bu  uğur  hekayəsi  həmçinin  layihə  boyu digər  gənclər  üçün  də  real  bir  ilham  mənbəyinə  çevrilmişdi.

Layihənin  mənəvi  baxımdan  ən  təsirli  və  önəmli  tərəflərindən  biri  isə iştirakçılar  arasında  44  günlük  Vətən  müharibəsinin  qəhrəman  qazilərinin olması  idi.  Onların  bu  cür  inklüziv  mühitlərdə  fəal  iştirakı  həm  müharibə sonrası  adaptasiya  prosesinə, həm  də  mənəvi  travmaların  sağalmasına  əvəzsiz töhfə  verir.  Qazilərimizin  digər  gənclərlə  birgə  layihə  hazırlaması,  cəmiyyətdə daha güclü və daha dərin bir inklüziv icmalaşma mühitinin yaranmasına  ciddi  təsir  göstərəcəyinə  inanıram.

Şəkidən Qubaya uzanan bu yolçuluq bir daha sübut etdi ki, düzgün metodologiya, peşəkar yanaşma və səmimi mühit birləşəndə, fiziki məhdudiyyətlər  intellektual inkişaf və yaradıcılıq qarşısında heç bir maneə yarada  bilmir.  “InCamp”  sadəcə bir layihə deyil, inklüziv bir cəmiyyət modelinin  kiçik,  lakin  parlaq  mənzərəsi idi. Burada qazanılan biliklər və qurulan  sarsılmaz  dostluq  körpüləri,  gənclərin  gələcəkdə  daha  böyük  və  daha  əhatəli  uğurlara  imza  atacağına  dair  ən  böyük  təminatdır.

Qeyd  etmək yerinə düşərdi ki, əsl inklüzivlik – hər bir fərdin öz potensialını qorxusuzca reallaşdıra bildiyi, bərabər imkanların sadəcə kağız üzərində deyil, həyatın hər anında təmin olunduğu bir dünyadır. Şəkinin tarixi ruhundan  Qubanın  zirvələrinə  daşınan bu təcrübə göstərdi ki, ən böyük maneələr fiziki deyil, düşüncələrdə və ürəklərdə olanlardır. Həmin maneələr qalxdıqda  isə  ən  mürəkkəb  layihələr reallığa, xəyallar konkret hədəflərə çevrilir. İndi qarşıda duran ən mühüm vəzifə bu mühiti ölkə miqyasına yaymaq, “InCamp”  ruhunu  hər  bir  bölgəyə  aşılamaq  və  hər  bir  gəncin  səsini  daha uca,  daha  inamlı  duyurmaqdır.

Vaqif  Əmiraslan,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc yazar