Şəhərdə, yoxsa kənddə yaşamaq? Aynur Əfəndi Zadənin ARAŞDIRMASI

Atam inanırdı ki,  dağlarda gəzmək – kilsəyə getmək kimidir.
Aldous Huxley
Kənd havası sağlıq baxımından hər zaman əvəzolunmaz müalicə üsulu hesab olunub. Bəs kənd həyatı haqda eynisini söyləmək olarmı? Ümumiyyətlə kənd və ya şəhər həyatının insana bəxş etdiyi üstünlüklər hansılardır?
Bəşər cəmiyyəti inkişaf yolu keçdikcə insanların yaşayış məkanı olaraq kənd və şəhər anlayışı meydana çıxdı. Bu iki yaşayış məskəni bir-birindən sivil davranış qaydalarından tutmuş həyat tərzinə qədər kəskin fərqlənir.
Nə üçün insanlar üzləşdikləri çətinliklərə rəğmən şəhər həyatına üstünlük verir. Şəhərlərdə inkişaf və sənayeləşmə daha sürətlə getdiyindən və həyat daha əlçatan olduğundan hər zaman insanların diqqətini çəkib. Çünki insan övladı nəticəsi nə olur olsun daim parıltı gələn tərəfə can atıb. Bu baxımdan urbanizasiya təbii prosesdir və özü ilə birlikdə bir sıra problemlər gətirir. Şəhər həyatının üstünlükləri ilə birgə çatışmayan cəhətləri də vardır. Şəhərlərdə tıxaclar, ətraf mühitin qədərindən çox çirklənməsi, səs- küy insanlarda stress yaradır ki, bu da  əsəbi pozğunluq və digər bütün xəstəliklərin başlanğıcıdır. Kənd həyatı isə təbiətlə birbaşa əlaqədə olması ilə,  havası ilə, suyu ilə, organik məhsulları ilə, sakit həyatı ilə  şəhərdən daha üstündür. Bu üzdən də  kənd sakinləri  sağlam və uzunömürlü olur.   Şəhər və kənd əhalisi arasında sivil fərq mövcuddur ki, bu da şəhərə məskunlaşmış kənd insanında özünü daha kəskin büruzə verir. İlk vaxtlar insanlar adaptasiya məsələsində çətinlik çəkir.
Şəhər və kənd həyatını öz ölkəmiz üzərindən müqayisə edək. Böyük ölkələrdə inkişaf etmiş meqapolislər çox olduğundan sıxlıq baxımından tarazlıq yaranır. Bizdə isə tək inkişaf etmiş şəhər Bakı olduğundan  burada sıxlıq daha  çox müşahidə olunur. Insanların şəhərə meyl etməsinin bir sıra səbəbləri vardır.
80-ci illərin sonu 90-cı illərin əvvəli  Azərbaycan siyasi həyatında baş verən hadisələr həyatın bütün sahələrinə təsir etdi. Həmin dövrdə məlum Qarabağ hadisələri ilə bağlı bölgə əhalisi Bakı şəhərinə kütləvi köç etmək məcburiyyətində qaldı.  Bu da  Bakıda əhali sıxlığının  artımına səbəb oldu. Son dövrlərdə isə kənd yerində  iqtisadi vəziyyət ağır keçdiyindən insanlar qazanc  əldə etmək məqsədilə  şəhərə axın edir. Digər bir səbəb isə şəhər dövlət orqanları, universitetlər, inkişaf etmiş tibb müəssələri üzrə ixtisaslaşdığı üçün burda həyat daha rahatdır. Kəndlərdə inkişaf lazımi səviyyədə  getmədiyindən insanlar xəyalını qurduğu həyatı yaşamaq üçün şəhələrə üz tutur. Çox vaxt kənd sakinləri şəhərdə təhsil aldıqdan sonra geri qayıtmaq istəmir.Çünki insanlarin potensialını doğru istifadə etməsi üçün əlverişli şəraitin olmadığını düşünürlər. Bu səbəbdən də ucqar kəndlərdə daim müəllim, həkim, mühəndis və.s. çatışmamazlığı olur.  Bu axının qarşısını almaq üçün  kəndlərdə şəhərləşmə prosesini sürətləndirmək, həyatı asanlaşdırmaq lazımdır.. Bir hal da var ki, insan  yaşa dolduqca insani instinktindən dolayı  torpağa meyilli olur. Necə deyərlər gəldiyi yer onu geri çəkir. Buna görə də yaşlı insanlar şəhərdə yaşasalar belə daima bir parça torpaq sahəsi olan həyət evinə ehtiyac duyurlar.  Hər şeyə rəğmən insan özünü harada xoşbəxt hiss edirsə və harda görürsə orda olmalıdır
Müəllif: AYNUR ƏFƏNDİ ZADƏ

 

/newpost/