Səfir Tahir Tağızadə etimadnaməsini Macarıstan Prezidenti Yanoş Aderə təqdim edib

Budapeşt, 18 noyabr, AZƏRTAC

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə etimadnaməsini Macarıstan Prezidenti Yanoş Aderə təqdim edib.

AZƏRTAC xəbər verir ki, Şandor sarayında baş tutan mərasimdə etimadnamənin təqdim olunmasından sonra Prezident Yanoş Aderlə səfir Tahir Tağızadənin protokol görüşü gerçəkləşib. Səfir Tahir Tağızadə Macarıstan Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb, 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dövrdə dost Macarıstanın ədalətli mövqeyinin və ölkəmizin ərazi bütövlüyünə nümayiş etdirdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Səfir Azərbaycan və Macarıstan arasında çoxtərəfli müstəvidə — BMT, ATƏT, AŞ, Aİ, Türk Dövlətləri Təşkilatı, həmçinin, digər regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsinin əməkdaşlığımızın dərinləşməsinə xidmət etdiyini, eləcə də ölkələrimiz arasında iqtisadi, enerji və təhsil sahəsində tərəfdaşlığın uğurla davam etdirildiyini bildirib. Səfir ölkələrimiz arasında əlaqələrin iki xətt üzrə — strateji tərəfdaşlıq və xalqlarımız arasında dostluq istiqamətində inkişaf etdiyini vurğulayıb.

Prezident Yanoş Ader səmimi salamlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və onun da salamlarının çatdırılmasını xahiş edib.

Prezident ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edərək, enerji sahəsində əməkdaşlığın genişlənməsinə önəm verdiklərini söyləyib. Enerji qiymətlərində son aylar kəskin artımın baş verməsinə diqqət çəkən Macarıstan Prezidenti ölkəsinin enerji təhlükəsizliyinin qorunmasının vacib məsələlərdən biri olduğunu nəzərə alaraq, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyi ilə bağlı baxışı ilə maraqlanıb.

Bunun ədalətli yanaşma olduğunu bildirən Prezident J.Ader iki ölkə arasında enerji daşıyıcıları sahəsində əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə və Cənubi Qaz Dəhlizinin Macarıstana şaxələnəcək qolunun inşasının tamamlanmasından sonra 2023-cü ildən etibarən Azərbaycan qazının Macarıstana idxalına başlanacağına inamını ifadə edib.

Səfir T.Tağızadə öz növbəsində TANAP və TAP layihələrinin istifadəyə verilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edərək, ölkəmizin etibarlı tərəfdaş olaraq enerji faktorundan siyasi alət qismində istifadə etmək niyyətində olmadığını diqqətə çatdırıb.

Azərbaycanın hazırda gələcəyə hədəflənmiş layihələr üzərində işlədiyini deyən səfir, işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və yenidənqurma işlərinə başlandığını, həmin ərazilərin ölkə başçısı tərəfindən “yaşıl zona” elan edildiyini vurğulayıb. Səfir işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə dost ölkələrin şirkətlərinin cəlb edilməsinin xüsusi təşviq olunduğunu, bu baxımdan bir çox sahədə (ərazilərin minalardan təmizlənməsi, bərpa olunan enerji, su idarəçiliyi, tikinti, yol, o cümlədən dəmir yolu infrastrukturunun bərpası, elektrik xətlərinin çəkilməsi, sərhəd quruculuğu) Macarıstan şirkətləri ilə əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd etmiş, bərpa işlərində iştirak etmək istəyən Macarıstan şirkətləri üçün “Eximbank” tərəfindən 100 milyon ABŞ dolları həcmində kredit xətti açılmasının ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Cavab olaraq, Prezident Y.Ader bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinə maraqlı olduqlarını qeyd edib.

Sonra səfir Budapeşt şəhərinin Qəhrəmanlar Meydanında “Naməlum əsgər”in abidəsi önünə əklil qoyub.