Vladimir Putinin yalnız son prezidentlik dövründə Rusiyada siyasi ittihamlarla məhkum olunanların sayı Nikita Xruşşovun və Leonid Brejnevin SSRİ-yə rəhbərlik etdiyi dövrlərldəki analoji rəqəmləri üstələyib.
Kanal32.az xəbər verir ki, bu barədə “Project” nəşrinin hazırladığı araşdırmada bildirilir. Araşdırmada qeyd olunur ki, Rusiyada son altı il ərzində 116 minə yaxın insan birbaşa repressiyaya məruz qalıb. Bu rəqəmlərə polis əməkdaşlarına müqavimət və ya COVID-19 ilə bağlı tətbiq edilən məhdudiyyətlərin pozulması ilə bağlı hallar daxil edilməyib.
Söhbət siyasi və ya repressiv maddələr üzrə cinayət və ya inzibati təqibə məruz qalan insanlardan gedir. “Project”in hesablamalarına görə, 2018-ci ildən 2024-cü ilin fevralınadək ekstremizm, terrorizmə bəraət qazandırmaq, saxtakarlıq və ordunu nüfuzdan salmaq kimi cinayət ittihamları ilə 5613 nəfər təqib olunub.
Repressiyaların sayı Rusiyanın Ukraynaya hücumundan sonra güclənib. Xüsusilə terrorda ittiham olunanların sayı kəskin artıb. Müharibədən əvvəlki 2021-ci ildə 31 belə hal var idisə, 2023-cü ildə artıq onların sayı 111-dir.
“Buraya Ukraynada döyüşməkdən imtina etdiyi, casusluqda və s. ittiham olunan, eləcə də razılaşdırılmamış aksiyalarda iştiraka görə məsuliyyətə cəlb olunanlar daxil deyil”, – araşdırmada bildirlir.
Jurnalistlər qeyd ediblər ki, 1950-ci illərin ikinci yarısı və 1980-ci illərin əvvəllərində SSRİ-ni idarə edən Xruşşov və Brejnev dövründə Putinin 6 illik hakimiyyət dövründəkindən daha az adam antisovet təbliğatı və sovet sistemini gözdən salan məlumatların yayılmasına görə məhkum edilib.
Xruşşovun timsalında jurnalistlər 1956-1961-ci illəri əhatə edən altı illik dövr seçiblər ki, bu zaman 4883 repressiya hadisəsi baş verib. Brejnevin hakimiyyətdə olduğu 1968-1973-cü illərdə isə cəmi 1057 nəfər repressiyaya məruz qalıb.
“AzPolitika.info”