Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?

Rusiya ordusu yerüstü hücum taktikasını daim dəyişməsinə baxmayaraq, Ukrayna müdafiəsini yarmaq cəhdlərində ciddi çətinliklərlə üzləşir.

KANAL32.az xəbər verir ki, bu barədə “Forbes”in analitiki Vikram Mittal qeyd edib.

O bildirib ki, Rusiya qüvvələrinin uğurlu hücum əməliyyatları aparmaq qabiliyyəti davamlı şəkildə azalır:

“Ukrayna bölmələri pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə düşməni effektiv şəkildə aşkar edir və məhv edir, çox vaxt onun irəliləmə cəhdlərini tamamilə puça çıxarır. Böyük miqyaslı zirehli hücumlar zamanı ağır itkilərə cavab olaraq Rusiya müxtəlif hücum formatlarını sınaqdan keçirməyə başlayıb: kiçik qruplarla sızma taktikalarından tutmuş, yüngül texnikanın istifadə olunduğu “hibrid” mexanikləşdirilmiş hücumlara qədər.

Əvvəlcə işğalçı qüvvələr sovet üslublu kütləvi hücumlardan imtina edərək kiçik qruplarla gizli irəliləmə taktikasına keçdilər. Son bir il ərzində belə hücum qrupları tağımdan bölmələrə qədər kiçilib, hazırda isə Rusiya qoşunları getdikcə daha çox iki nəfərlik qruplarla sızma taktikasından istifadə edir. Bir neçə belə cütlük eyni vaxtda irəli göndərilir və hesab edilir ki, onların heç olmasa bir hissəsi mövqelərdə möhkəmlənə biləcək.

Lakin Ukrayna dron operatorları hətta bu cür kiçik hədəfləri də uğurla aşkarlayırlar. Rusiyalı hərbçilər ön mövqe yarada bilsələr belə, həmin nöqtələrin logistik təminatı qısa müddətdə PUA-larla məhv edilir, bundan sonra Ukrayna qüvvələri əks-hücumlar vasitəsilə həmin əraziləri təmizləyirlər”.

/axar.az/