Rusiya mediasından Azərbaycana yeni hücum

Rəsmi Bakının Kiyevdəki səfirliyə raket zərbəsinə etirazı Kremlə yaxın nəşrləri hərəkətə keçirdi, Ramiz Mehdiyev yada düşdü…

Noyabrın 14-də Rusiya qoşunlarının Kiyevə növbəti zərbələri nəticəsində Azərbaycan səfirliyinin binasına da zərər dəyməsi Bakı və Moskva arasında gərginlik yaradıb. Azərbaycan XİN “İskəndər” raketinin qalıqlarının Kiyevdə diplomatik nümayəndəliyin binasına düşməsi ilə bağlı etirazını bildirmək üçün Rusiyanın səfiri Mixail Yevdokimovu çağıraraq nota verib.

Ukrayna lideri Volodimir Zelenski isə məlumat verib ki, Azərbaycan Prezidenti İlham Əliyev onunla telefon danışığında bu zərbəni pisləyib və bildirib ki, Rusiya ilk dəfə deyil ki, səfirlik binasını və ya Azərbaycanla bağlı digər obyektləri hədəfə alır.

Azərbaycan XİN deyib ki, partlayış nəticəsində səfirliyin hasarı, inzibati bina, konsulluq şöbəsi və xidməti avtomobillər ciddi zədələnib, amma insan tələfatı olmayıb.

KANAL32.az Musavat.com-a istinadla xəbər verir ki, Kremlə yaxın Rusiya mediası bu hadisəni Azərbaycana yeni hücum fürsəti bilib. Məsələn, “Moskovskiy komsomelts” Azərbaycanın səfirlik səviyyəsində Rusiyaya etirazına nədənsə, barəsində ev dustaqlığı qərarı verilmiş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi yada salmaqla “cavab verib”. Məqalədə bildirilir ki, iki ölkə lideri arasında Düşənbədəki danışıqlardan sonra Bakı Rusiyaya qarşı mövqe alıb. “Düşənbə görüşündən az sonra Azərbaycanda siyasi sensasiya yaranıb. Əsrin dörddə birindən artıq Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmış Ramiz Mehdiyev dövlət çevrilişi təşkil etməyə cəhddə ittiham olunub. 87 yaşlı siyasi ağsaqqalın Kremlin maraqları naminə Bakıda hakimiyyəti ələ keçirməyi planlaşdırdığı iddia edilir”. Nəşr iddia edir ki, guya rəsmi Bakı Rusiya ilə gərginlikdə maraqlıdır.

“Svobodnaya pressa” da Azərbaycanı hədəf alan məqalə dərc edib. “Vladimir Putinlə İlham Əliyevin Düşənbədəki görüşündən sonra “buzların əriməyə” sevinmək hamı tərəfindən səhv idi. Azərbaycan rusofob siyasətini davam etdirir və Kiyevə yardım edir. Təəccüblü deyil ki, Zelenskinin hadisədən sonra ilk addımı Əliyevə zəng edib onun tam dəstəyini almaq olub”. Bunu nəşrə politoloq Mixail Neyjmakov deyib.

“2022-ci ilin aprelində Bakı Ukraynada yerləşən diplomatik nümayəndəliklərinin koordinatlarını Moskvaya ötürüb. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Rusiya Müdafiə Nazirliyi onları nəzərə alacağını bəyan edib. Bu doğrudurmu” sualına politoloq belə cavab verib: “Rusiya Müdafiə Nazirliyi hələlik belə bir sənədin ötürülməsini rəsmən təsdiqləməyib. Lakin belə koordinatların ötürülməsində qeyri-adi heç nə yoxdur. Aydındır ki, üçüncü ölkələr Kiyevdəki diplomatik nümayəndəlikləri üçün riskləri azaltmağa çalışacaqlar, lakin bu, belə riskləri tam aradan qaldırmır”.

Rusiya nəşrini Zelenski ilə İlham Əliyev arasındakı telefon danışışından da narahatlığını gizlətməyib: “Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyevə zəng edən Zelenski olub. Münaqişə tərəflərindən biri öz rəqibi ilə üçüncü ölkələr arasında gərginliyi artıra biləcək vəziyyətə diqqəti gözlənilən taktikadır. Üstəlik, həmin rəsmi açıqlamada İlham Əliyevin bu söhbət zamanı “diplomatik missiyalara bu cür hücumların qəbuledilməz olduğunu” bildirdiyi xatırladılır. Başqa sözlə desək, “hadisə” kimi daha neytral ifadə yox, “hücum” ifadəsi işlədilib. Təbii ki, Azərbaycan prezidentinin mətbuat xidməti onun sözlərini birbaşa deyil, dolayı sitat kimi çatdıraraq, sonrakı şərhlərdə bu ifadənin yumşaldılmasına nəzəri imkan yaradıb. Bununla belə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında “raket zərbələrinin məqsədli olması ilə bağlı suallar qaldırıldığı” da qeyd olunub . Ola bilsin ki, Bakının Kiyevlə əməkdaşlığı kontekstində yeni addımlar atılsın. Məsələn, Ukraynaya humanitar yardımın ötürülməsi və ya Azərbaycan rəsmilərinin Kiyevə səfəri ilə bağlı”.

“APN Şimal-Qərb”in redaktoru Andrey Dmitryev də Bakıya qarşı əssasız ittihamlar irəli sürüb. “Azərbaycan özünü tamamilə dost olmayan dövlət kimi aparsa da, silahlı qüvvələrimizin diplomatik nümayəndəliyə hücum etməsi mümkün deyil. Yeri gəlmişkən, səfirlik Rusiyanın hücumlarının qanuni hədəfi olan “Artem” raket zavodu yaxınlıqdadır. Əgər təhlükəsizlikdə olmaq istəyirlərsə, çantalarını yığıb harasa uzaqlaşa bilərlər”.

Dmitryev Odessa vilayətindəki Azərbaycanın neft terminalına avqust ayında edilən zərbələrə haqq qazandırıb. “Moskva Ukraynanın enerji obyektlərinə müntəzəm zərbələr endirir və onların kimə məxsus olması əhəmiyyət kəsb etmir, çünki onlar Ukrayna Silahlı Qüvvələrinin təchizat zəncirinin bir hissəsidir” deyə, o bildirib.

Musavat.com