Rusiya mətbuatı rəsmi Bakının təbəssümündən niyə qorxur?

“Son bir neçə ildə Azərbaycan təlatümlü regionda Rusiya liderinə ən xoş üz göstərən yeganə ölkə olub. Belə ki, Ermənistan müttəfiqindən sürətlə üz çevirir, Gürcüstan isə Qərblə aralarında yaşanan böhrana baxmayaraq, Putin üçün çox da dost olmayan məkan kimi qalır”.

Kanal32.az xəbər verir ki, bu barədə “Radio Svoboda”-nın V.Putinin Azərbaycana avqustun 18-19-da gerçəkləşən dövlət səfərinə həsr olunmuş redaksiya məqaləsində bildirilir.

Qeyd olunur ki, Prezident İlham Əliyevin qonaqpərvərliyinin də hüdudu var və Bakı xeyli vaxtdır ki, özünün çoxvektorlu xarici siyasəti ilə müxtəlif meydançalarda oynaya bilir. Məqalədə bildirilir ki, 2024-cü ilin Qafqazında Putinin ümid edə biləcəyi ən yaxşı variant budur.

Müəlliflər yazırlar ki, Putinə təbəssümlərin arxasında Azərbaycan Rusiyanı regional siyasət meydanından çıxarmağa çalışır: “Onilliklər boyunca Rusiya ABŞ və Avropa ölkələri ilə birlikdə Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsində əsas rolu oynayıb. Lakin münaqişə tənzimlənməsi prosesinin kənar güclər üçün regionda öz təsirini artırmaq imkanı hesab edən Azərbaycan son aylarda Rusiyanı, eləcə də başqa xarici qüvvələri prosesdən uzaqlaşdıraraq, sülh müqaviləsi üzərində Ermənistanla təkbətək işləmək qərarına gəlib”.

Məqalədə deyilir ki, Azərbaycanın bu yaxınlarda ən ziddiyyətli məqamlardan biri olan Bakı – Naxçıvan nəqliyyat dəhlizi məsələsini sülh müqaviləsi danışıqlarından çıxarmaq qərarı da Rusiya üçün daha bir zərbə olub.

“Zəngəzur dəhlizi” marşrutu Bakı üçün kritik əhəmiyyətə malik olsa da, Rusiyaya regionda yeni “ayaqyeri” verməlidir. Belə ki, Moskva, Bakı və İrəvan arasında 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata görə Ermənistan ərazisindən keçməli olan bu marşruta Rusiya FTX-nin sərhəd qoşunları nəzarət etməli idilər. Moskva hələ də bu müddəanın son razılaşmada olacağına ümid edir və bu baxımdan Putinin Bakıda sülh danışıqları barədə verdiyi bəyanatlarda bir qədər təəssüf və kədər sezilirdi: “Əgər biz Azərbaycan və Ermənistan arasında sülh razılaşması imzalaya bilsək, sərhədin delimitasiya və demarkasiyasını başa çatdırsaq, haqqında çox müzakirə apardığımız logistika və iqtisadiyyatı blokadan çıxara bilsək, çox məmnun olardıq”.

Məqalədə deyilir ki, bundan daha çətin məsələlərə isə ümumiyyətlə toxunulmayıb. Məqalədə xatırlanır ki, may ayında Rusiyanın yüksək vəzifəli rəsmilərindən biri Moskvanın Qarabağda Rusiya konsulluğunun açılmasına ümid etdiyini bildirmişdi. Lakin hazırda bütün Qarabağda suverenliyini təmin edən Azərbaycanda bu istək narahatlıqla qarşılanıb. Azərbaycanlılar şübhə edirlər ki, Kreml bu gizli gündəliyi ilə regionda Rusiyanın və hətta bəlkə də Ermənistanın təsirini təkrar bərqərar etməyə çalışır.

Putinin Azərbaycana səfəri ərəfəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinin bu barədə sualına yayğın cavab vermiş və demişdi ki, ölkədə konsulluqlarla bağlı iş üçün məkan çox məhduddur. Səfir daha sonra Azərbaycan mediasına demişdi ki, o Qarabağda Rusiyanın səfirliyi olacağını deməyib. Bülbüloğlu bildirirdi ki, o bu məsələnin hələ müzakirə mərhələsində olduğunu deyib. Putin və Əliyev isə, belə görünür danışıqlar zamanı bu məsələyə toxunmayıblar.

Məqalədə bildirilir ki, iki ölkə arasında iqtisadi məsələlərlə bağlı ortaq məxrəc tapmaq çətin deyil. Əliyev aprel ayında Moskvaya səfər edəndə, danışıqların əsas diqqəti Azərbaycan ərazisindən keçərək Rusiyanı İranla və Fars körfəzi ilə birləşdirəcək nəqliyyat şəbəkəsinə yönəldilmişdi. “Bu layihə Rusiya üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Rusiya 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxilə edəndən sonra Qərblə münasibətləri çöküb və indi bu səbəbdən özünün ticarət əlaqələrini şərqə və cənuba doğru inkişaf etdirməyə çalışır. Belə bir şaxələndirmədən Azərbaycan da mənfəətlənə bilər, amma Putin və Əliyev arasında danışıqlarda bunu ilk növbədə Moskvanın istədiyi təsdiqlənib”.

“AzPolitika.info”