Rusiya aerodromlarına kütləvi PUA hücumu olub

Avqustun 14-nə keçən gecə Ukrayna dronlarının Rusiya hərbi aerodromlarına gerçəkləşdirdiyi hücum bu müharibədə Ukrayna tərəfinin ən böyük və kütləvi PUA hücumu olub.

Kanal32.az xəbər verir ki, bunu Ukraynanın “UNİAN” nəşri öz mənbələrinə istinadla yazıb.

Məlumatda qeyd olunur ki, hücum nəticəsində Voronej, Kursk, Savasleyk və Borisoqlebsk aerodromlarına ciddi zərbələr endirilib. Bu, Rusiya qoşunlarının cəbhə xəttinə və Ukrayna şəhərlərinə KAB hücumları üçün sözügedən aerodromlardan istifadə edə bilməməsinə hesablanmış xüsusi planlaşdırılmış əməliyyat olub.

Qeyd olunur ki, Rusiya hərbi müxbirlərinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri bu obyektləri qoruya bilmədiyi üçün zərbələr effektli olub. Nəticədə təkcə “MiQ” hərbi təyyarələrinin müntəzəm olaraq qalxdığı Savasleykdə 10 partlayış qeydə alınıb. SBU-dakı məlumatlı mənbə isə bildirib ki, Ukrayna kəşfiyyat xidməti Rusiya hərbi maşınının aviasiya komponentini metodik olaraq zəiflətməkdə davam edir.

“Düşmənə havada üstünlük verən təyyarələrdir. Savasleyk aerodromunda Ukrayna PUA-ları “MiQ-31K” strateji bombardmançıları üçün xüsusi yanacaq olan anbarları vura bilərdi”. 

Bunu isə “Defense Express” yazır. Bildirilir ki, NASA peyk xidməti təyyarələr üçün yanacaq-sürtkü materiallarının boşaldılması və saxlanması obyektlərində güclü yanğını göstərir. Nəşrin məlumatına görə, “MiQ-31K” təyyarələri bu aerodromda yerləşdirilib və çox güman ki, həmin anbarlarda yüksək hündürlükdə səsdən sürətli uçuşlar üçün lazım olan xüsusi ağır termik dayanıqlı yanacaq olan “T-6” kerosini saxlanılırdı. Partlayışların da məhz bu anbarlarda baş verdiyi güman olunur.

Əlavə olaraq qeyd edək ki, PUA və taktiki raketlər, həmçinin, Kursk, Voronej, Belqorod, Nijni Novqorod, Volqoqrad, Bryansk, Oryol və Rostov vilayətlərinə də atılıb.