Rektor “Açıq mikrofon”da tələbələrin suallarını cavablandırıb

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru dosent Aqil Şirinov “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüş keçirib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, görüşdə ali təhsil müəssisəsinin dövlətin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran A.Şirinov tələbələrə qarşıda duran hədəflərdən danışıb, onlara dərslərində fəal olmağı, dərin biliklərə yiyələnməyi tövsiyə edib.

A.Şirinov xurafatın aradan qaldırılması üçün dini elmlərlə yanaşı, dünyəvi elmlərin də mənimsənilməsinin vacib olduğunu vurğulayıb.

Rektor qeyd edib ki, din təkcə teoloji deyil, eyni zamanda, ictimai, psixoloji, tarixi və fəlsəfi yönləri olan bir fenomendir. Bu baxımdan din müxtəlif aspektlərdən öyrənilməli, müasir dövrün reallıqları nəzərə alınmalıdır.

A.Şirinov ali təhsil müəssisəsində təşkil olunan fiqh, hədis və ərəb dili kursları haqqında məlumat verib. Bildirilib ki, kurslar tələbələrin biliklərinin təkmilləşdirilməsi üçün təşkil olunub. Tələbələrin dünyagörüşünün artırılması məqsədilə müxtəlif müsabiqələr və səfərlər həyata keçirilir.

Tədbirdə tələbələrin tədris prosesi, təlim, təhsil, sosial məsələlər və s. ilə bağlı sualları cavablandırılıb.