“Regionda sülh üçün şərait…”-Hikmət Hacıyev

Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır.

Kanal32.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.

Prezidentin köməkçisi qeyd edib ki, regionda yaranmış yeni reallıq legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdən ibarətdir:

“Cənubi Qafqaz regionunda məhz Azərbaycan Respublikasının yürütdüyü siyasət nəticəsində torpaqlar işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Regionda sülh üçün çox yaxşı, münbit şərait yaranıb. Cənubi Qafqaz regionunda yeni status-kvo, yeni reallıq yaranıb ki, bu yeni status-kvo da artıq işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir”.

Eyni zamanda, o, Bakı və İrəvan arasında sülh müqaviləsi mətni üzrə işin yekunlaşdığını xatırladıb:

“Müsbət bir haldır ki, sülh müqaviləsinin mətni yekunlaşıb. Amma bununla bərabər, Ermənistanla ikitərəfli əsaslarda olan açıq məsələlər var. Biz düşünürük ki, Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı, qəti sülhə biz nail olaq”.

Onun fikrincə, hazırda Cənubi Qafqaz regionunda sülh üçün əlverişli şərtlər formalaşıb:

“Amma məmnunluqla deyə bilərik ki, Azərbaycanla Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana bu gün regionda sülh üçün ideal şərait yaranıb. Həqiqətən, regionda sülh var, sabitlik var. Hətta deyə bilərik ki, de-fakto regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması istiqamətində də Azərbaycan öz üzərinə düşəni edəcəkdir ki, regionda tam şəkildə qəti sülh bərqərar olsun”.