Mərkəzi Aran Regional Təhsil İdarəsində bölgədə fəaliyyət göstərən media qurumlarının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev, idarənin müvafiq əməkdaşları və müxtəlif media qurumlarının nümayəndələri iştirak edib.
Təhsil İdarəsinin müdiri Elçin Kərimov Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı andan bu günə qədər görülmüş işlər barədə məlumat verib və qarşıda duran hədəfləri diqqətə çatdırıb. O, regionda təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi və kadr islahatlarına, o cümlədən narahatlıq doğuran məsələlərə diqqəti yönəldib. Elçin Kərimov bölgədə çalışan media nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın və effektiv kommunikasiyanın qurulmasının vacibliyini də vurğulayıb.
Media mənsubları-Əməkdar jurnalist Fərman Nəbiyev, teleaparıcı İnqilab Şirinli, hərbi ekspert Natiq Əlisoy və digərləri təklif və suallarını səsləndiriblər. Müəllim və məktəb rəhbərlərinin işə qəbulu, məktəblərin və məktəbəqədər müəssisələrin təmiri, təhsilin idarə olunmasında valideynlərin iştirakı, dərslərə davamiyyətin yüksəldilməsi və repetitorluğun qarşısının alınması, məktəb ayaqyolularının gigiyenik vasitələrlə təchizatı, uşaq bağçalarının ərzaqla təminatı və digər məsələlərlə bağlı vəziyyət müzakirə olunub.
Qeyd olunub ki, illərlə yığılıb qalmış təhsil problemlərinin köklü həlli istiqamətində yaxın zamanda böyük layihələrin icrasına başlanacaq. Eyni zamanda gələcəkdə şagird başına düşən maliyyələşmə sisteminə keçilməsi nəzərdə tutulur ki, bu da daha səmərəli fəaliyyət göstərən məktəblərə inamı artıracaq.
Media nümayəndələri Təhsil İdarəsində Vətəndaşların Qəbulu Mərkəzinə və vətəndaşların məmnunluğunun təmin edilməsi məqsədilə yaradılan Çağrı Mərkəzinə baş çəkiblər.
Çağrı Mərkəzi ilə əlaqə nömrəsi: 146 03
Bildirilib ki, bu qəbildən olan görüşlər il ərzində bir neçə dəfə keçiriləcək.
mi-news.az