Son günlər mətbuatda akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti kimi fəaliyyəti haqqında elmi ictimaiyyət və cəmiyyətin tanınmış şəxsləri tərəfindən müxtəlif məzmunlu yazılar dərc olunur. Ancaq bu yazılarda AMEA-nın prezidenti kimi onun Azərbaycan, o cümlədən dünya elminə verdiyi töhfələr haqqında yazılara demək olar ki, rast gəlinmir. Axı AMEA-nın Prezidenti kimi ilk növbədə onun elmi fəaliyyəti analiz edilməlidir.
Kanal32.az musavat.com-un araşdırmasını təqdim edir:
Tarixən AMEA-nın prezidentləri müəyyən bir elmi məktəbin yaradıcısı olmuş, yüksək ixtisaslı kadrlar yetişdirmiş məşhur alimlər (Mirəsədulla Mirqasımov, Musa Əliyev, Yusif Məmmədəliyev, Zahid Xəlilov və s.) olmuşdur. Maraqlıdır bəs Ramiz Mehdiyev hansı elmi məktəbin yaradıcısıdır və neçə elmi kadr hazırlamışdır?
Hörmətli oxucu, bu sualın cavabını onun 2018-ci ildə dərc olunmuş, 1964-2018-ci illəri əhatə edən elmi əsərləri və fəaliyyəti haqqında Biblioqrafiyanı (http://anl.az/down/R.Mehdiyev(biblioqrafiya).pdf), AMEA-nın rəsmi veb saytını (www.science.gov.az), o cümlədən açıq İnternet resurslardakı məlumatları analiz etməklə asanlıqla tapa bilər.
Ramiz Mehdiyevin “emli məqalələri”
Elə isə ilk olaraq akademikin dərc etdirdyi Biblioqrafiyada əksini tapan məqalələrə diqqət yetirək. Bu məqalələri analiz edidikdə aşağıdakı mənzərə üzə çıxır.
Bu cədvələ nəzər yetirdikdə məlum olur ki, Ramiz müəllim 55 il ərzində elmi jurnallarda cəmi 46 məqalə çap etdirmişdir. Belə ki, ilk 32 il (1964-1995) ərzində cəmi 4 elmi məqalə (8 ilə 1 məqalə), sonrakı 23 il (1996-2018-ci illər) ərzində isə 42 elmi məqalə yazmışdır. 46 məqalənin çap olunduğu jurnallara (Научный коммунизм: проблемы и исследования, Qanunçuluq, Fəlsəfə və sosial-siyasi elmlər və Dirçəliş-XXI əsr) nəzər saldıqda isə onların “elmiliyi” də məlum olur. Bu “elmi” məqalələrin də böyük əksəriyyəti özünün redaksiya şurasının sədri olduğu “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalında 2003-2008-ci illər ərzində dərc edilmişdir. Bu jurnal Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (2002-ci ildən prezidenti Ramiz Mehdiyevdir) tərəfindən 2003-cü ildə təsis edilmişdir.
Bir faktı da qeyd etmək lazımdır ki, qeyd olunan jurnalların heç biri Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər”in siyahısına daxil deyildir.
Akademikin kitabları
İndi isə müəllifi olduğu kitablara nəzər yetirək. Akademikin elmi məhsuldarlıq dövrlərini müəyyən etmək üçün kitablarının illər üzrə paylanmasını özündə əks etdirən aşağıdakı cədvələ baxaq:
Bu cədvəldən də göründüyü kimi akademik Ramiz Mehdiyevin elmi məhsuldarlıq dövrü 1995-ci ildən, yəni vəzifəyə təyin olunandan sonra başlamışdır. 1995-ci ilədək (32 il ərzində) yalnız 2 kitabı (cəmi 567 səhifə) dərc olunduğu halda, 1995-2017-ci illər (23 il) ərzində 32 kitabı (10927 səhifə) işıq üzü görmüşdür. Sual yaranır: yüksək dövlət postu tutmuş bir şəxs haradan vaxt tapıb bu qədər məqalə və kitab yazmışdır? Biblioqrafiyaya nəzər yetridikdə, aydın olur ki, bu kitablar müxtəlif mövzulara həsr olunmuşdur:
Ramiz Mehdiyevin dissertasiya mövzuları
Oxucular üçün yəqin ki, Ramiz müəllimin müdafiə etdiyi dissertasiya işlərinin mövzusu da maraqlı olardı. Onun 1972-ci ildə müdafiə etdiyi namizədlik (fəlsəfə doktoru) dissertasiya işi Leninizm ideyalarına həsr olunmuşdur. Dissertasiya işinin adı belədir: “V.İ.Lenin millətçiliyin və opportunizmin qarşılıqlı əlaqəsi haqqında”. Ramiz müəllim “Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri” mövzusunda fəlsəfə elmləri üzrə doktorluq dissertasiyasını isə 1993-cü ildə müdafiə etmişdir. Əgər Ramiz müəllim haqqındakı Biblioqrafiya kitabına nəzər salınsa aydın olar ki, 1993-cü ilədək onun bu mövzuda elmi jurnallarda heç bir məqaləsi çap edilməmişdir, yalnız 1992-ci ildə bir monoqrafiyaysına rast gəlmək olar. Onda sual yaranır: dissertasiya işi hansı elmi məqalələrin əsasında yazılmışdır? Təkcə 1992-ci ildə dərc edilmiş monoqrafiyanın (“Межнациональные отношения: анализ проблем и поиск решений”) əsasındamı? Axı hər kəsə məlumdur ki, dissertasiya işi resenziya olunan elmi jurnallarda və konfrans materiallarında çap olunmuş məqalələrin əsasında əsasında yazılır. Təkcə bir monoqrafiya əsasında dissertasiya işi (özü də elmlər doktorluğu üzrə!) müdafiə oluna bilərmi? Digər tərəfdən o da məlumdur ki, monoqrafiyanın özü də müəllifin dərc etdirdiyi məqalələr əsasında yazılır.
Kimlər AMEA-nın üzvü ola bilər?
Akademiyanın saytına nəzər saldıqda, aydın olur ki, Ramiz Mehdiyev 2007-ci ildə birbaşa akademik seçilmişdir. Hansı elmi töhfələrinə görə? Akademiyanın Nizamnaməsində yazılıb, kimlər AMEA-nın müxbir və həqiqi üzvləri seçilə bilər:
Akademiyanın həqiqi üzvləri (akademikləri), bir qayda olaraq, Azərbaycan Respublikasının vətəndaşları olan, elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Akademiyanın müxbir üzvlərinin içərisindən seçilirlər.
Elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları Akademiyanın müxbir üzvləri seçilirlər.
Yəqin hamı üçün maraqlı olar, görəsən Ramiz Mehdiyevin elmi fəaliyyəti bu tələblərə cavab verirmi? Açıq İnternet mənbələrdən götürülmüş məlumatlar analiz eilərsə, bu suala da cavab tapılmış olar.
AMEA-nın veb saytında (https://science.gov.az/az/forms/deystvitelnyie-chlenyi/53) göstərilir ki, akademik Ramiz Mehdiyevin beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 39-a bərabərdir. Lakin beynəlxalq Scopus (https://www.scopus.com/search/form.uri?display=basic#basic) və Web of Science (https://www.webofknowledge.com) elmi bazalarında (dünyada elmi ictimaiyyət tərəfindən qəbul olunan nüfuzlu elmi bazalar məhz bu bazalar hesab olunur) axtarış apardıqda məlum olur ki, bu bazaların heç birində akademikin bir məqaləsi də yoxdur. Akademiyanın tarixində ilk haldır ki, ona rəhbərlik edən şəxsin dünyanın nüfuzlu elmi bazalarında bir məqaləsinə rast gəlinmir. Sizcə buna nə ad vermək olar?
AMEA-nın Nizamnaməsində göstərilir ki, akademiklər tanınmış elmi məktəblər yaradan müxbir üzvlərin içərisindən seçilir. Başqa sözlə, elmin müvafiq istiqamətləri üzrə geniş tədqiqatlar aparan və elmi kadrlar yetişdirən mütəxəssislər arasından seçilməlidir. Yenə də AMEA-nın rəsmi saytına müraciət etsək, aydın olur ki, akademik Ramiz Mehdiyev indiyə kimi bir nəfər də olsun nə fəlsəfə və nə də elmlər doktoru hazırlamayıb.
Yuxarıda deyilənlər ümumiləşdirildikdə, belə bir mənzərə alınar. Hal-hazırda AMEA-ya rəhbərlik edən Ramiz Mehdiyev heç bir elmi məktəbin yaradıcısı deyil, heç bir elmi kadr (fəlsəfə doktoru və elmlər doktoru) yetişdirməyib, 55 illik elmi fəaliyyəti ərzində cəmi 46 “elmi” məqalə çap etdirib, beynəlxalq bazalarda referatlaşdırılan elmi jurnallarda bir məqaləsi də dərc olunmayıb.
Bu ürəkaçmayan mənzərə akademikin elmi fəaliyyətinin səthi analizinin nəticəsidir. Analizlər dərindən aparılarsa yəqin ki, bundan da dəhşətli mənzərənin şahidi olmuş olarıq. Ona görə də analizi burada saxlayıb, nəticə çıxarmağı dəyərli oxucuların ixtiyarına veririk.
Sizcə 75 illik şanlı tarixi olan elm məbədinə belə “elmi” nəticələri olan şəxs rəhbərlik edə bilərmi?
Sizcə akademik Ramiz Mehdiyevin AMEA-nın üzvü olmağa haqqı çatırmı?
Sizcə akademik Ramiz Mehdiyevin gənc alimlərə örnək olmağa haqqı çatırmı?