Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Bu fikirlər Azərbaycan Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına tarixi müraciətindəndir. Bu tarixi sözlərin səslənməsindən artıq iki il ötür. Təxminən iki il əvvəl – təcavüzkar və işğalçı Ermənistanın növbəti qanlı təxribatı və fitnəkarlığına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyev səhər saatlarında rəşadətli Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamaq, “Döyüş, vur!” əmri verdi. İllərdir çox əziyyətlər, ağrı-acılar çəkmişik. Doğma el-obamızdan qəddarlıqla, amansızlıqla didərgin salınmışıq, olmazın faciələr görmüşük, öz vətənimizdə qaçqın, köçkün kimi yaşamağa məcbur olmuşuq. Bir gözümüzlə gülsək də, o biri gözümüzlə hər zaman ağlamışıq. Müharibənin açdığı, sarısaq da, heç vaxt tam sağalmayan, zaman-zaman qanayan, bizi incidən yaralarımıza sığal çəkib, Qarabağa yenidən dönəcəyimiz günün arzusu ilə yaşayırdıq.
30 il əvvəl yaşanan kədər sona çatdı! 30 illik vətən həsrəti, nisgili bitdi! 30 illik arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi! 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi! O gün bu günü idi. Bu gün qisas günü idi. Bu gün tarixi ədalətin bərpası günü idi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev 19 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Heç bir Zəfər, heç bir Qələbə itkisiz, qansız, şəhidlərsiz qazanılmır. Biz də 44 gündə minlərlə şəhid verdik, minlərlə qəhrəman övladlarımız Vətən yolunda sağlamlığını qurban verdi. Biz onların hər birinə borcluyuq, hər birinə minnətdarıq. Başda Müzəffər, Qalib Ali Baş Komandanımız olmaqla, bu Qələbəni bizə yaşadan hər kəsə təşəkkür edirik. Siz bizim fəxrimiz, qürurumuz, şanımız, şöhrətimiz, baş tacımızsınız. Şəhidlərimizin əziz ruhları qarşısında baş əyirik. Şəhidlər daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır.
Qələbə münasibətlə doğma xalqımızı və bu günlərdə ürəyi Azərbaycanla bir döyünən hər bir vətəndaşı təbrik edirik və bildiririk ki, bu müqəddəs missiyanı həyata keçirən Ali Baş Komandanla, müzəffər ordumuzla qürur duyuruq! Eşq olsun qüdrətli, yenilməz, cəsur Ali Baş Komandanımıza və məğlubedilməz Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Ramilə Seyidova,
YAP Siyəzən rayon təşkilatının sədr müavini