Rəqəmsal əsrdə piratçılığa qarşı mübarizə

Rəqəmsal əsrdə informasiya texnologiyalarının inkişafı müəlliflərə əsərlərini daha geniş auditoriyalara çatdırmağa imkan yaratsa da, eyni zamanda müəlliflik hüquqlarının müdafiəsini çətinləşdirmiş və piratçılıq anlayışının daha da aktuallaşmasına gətirib çıxarmışdır. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə” haqqında Qanunda göstərilən anlayışa əsasən piratçılıq – hüquq sahibinin razılığı olmadan audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitab nüsxələrinin hazırlanması (istehsalı) və yayılmasıdır. Piratçılığa qarşı mübarizənin əhəmiyyəti isə yalnız hüquq sahiblərinə (müəlliflərə) vurulan maddi və mənəvi zərərlə deyil, həmçinin iqtisadiyyata mənfi təsiri ilə səciyyələnir.

Beynəlxalq Ticarət Palatasının (ICC) araşdırmaları və statistik göstəricilərə nəzər yetirdikdə piratçılığın qlobal miqyasda böyüməyə davam edən milyardlıq sənayeyə çevrildiyini və bununla əlaqədar yaranan sosial-iqtisadi riskləri görmək mümkündür. Bu risklərin azaldılması, eləcə də piratçılığa qarşı mübarizə siyasətinin düzgün qurulması məqsədilə beynəlxalq arenada bir sıra tədbirlər həyata keçirilir. Həmin tədbirlərə nümunə olaraq əqli mülkiyyət obyektlərinin Gömrük Reyestrinə daxil edilməsi, kollektiv idarəetmə təşkilatlarının yaradılması, internetdən, sosial şəbəkələrdən və video xidmətlərdən lisenziyasız (pirat) məzmunun bloklanması və silinməsi, qeyri-qanuni internet resurslarının “WIPO ALERT” beynəlxalq qara siyahısına daxil edilməsi, rəqəmsal piratçılıqla məşğul olan subyektlərin müəllif hüquqları sahiblərinin iddiaları olan internet saytlarının qara siyahısına daxil edilməsini göstərə bilərik. Qlobal istifadəçi kütləsinə sahib sosial platformalarda bu kimi beynəlxalq tənzimləmələrin əhəmiyyəti danılmazdır, lakin piratçılığa qarşı mübarizə siyasətinin düzgün qurulması üçün yerli tənzimləmələr də olduqca əhəmiyyətlidir.

Azərbaycan Respublikasında əqli mülkiyyət hüquqlarının müdafiəsi və piratçılığın leqallaşdırılmasına qarşı mübarizənin hüquqi əsası kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”[1] Qanun, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”[2] Qanun, “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi” barədə Qaydaları[3] və “Azərbaycan Respublikasının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında Konvensiyasına qoşulması barədə”[4] Qanunu qəbul edilmişdir. Müəlliflik hüququ sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarət, qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər vəzifələr Əqli Mülkiyyət Agentliyi tərəfindən icra olunur.

Yerli tənzimləmə mexanizmlərindən bir digəri isə kollektiv idarəetmə təşkilatlarının yaradılmasıdır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna əsasən bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır və belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır. Həmin təşkilatların qeydiyyata alınmasını və onların fəaliyyətinə nəzarəti Əqli Mülkiyyət Agentliyi həyata keçirir. Hazırda Azərbaycanda aşağıdakı təşkilatlar fəaliyyət göstərir:

audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən “Kinorejissorlar Gildiyası” musiqili əsər (bəstəkar və şair) müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi

Uzun müddətdir fəaliyyət göstərən “Kinorejissorlar Gildiyası”-na üzv olmaq üçün audiovisual.az internet səhifələrində müqavilə nümunələri və müraciət formaları izahlı şəkildə yerləşdirilmişdir.

Əqli mülkiyyət hüquqlarının müdafiə mexanizminin bir hissəsi kimi məhkəmə müdafiəsinin rolu danılmazdır. Türkiyə kimi bir sıra xarici ölkələrin təcrübəsinə nəzər saldıqda piratçılığa qarşı mübarizədə hüquqların müdafiəsi mexanizmini gücləndirmək məqsədilə bu sahədə ixtisaslaşmış məhkəmələrin yaradılmasının uğurlu təcrübə kimi qəbul edildiyini görürük. Bu isə öz növbəsində məhkəmə və hakimlərin əqli mülkiyyət hüququ sahəsində ixtisaslaşmasının əhəmiyyətini göstərir. Azərbaycan qanunvericiliyində isə mümkün müdafiə vasitələri “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 2-ci fəslində və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 44-45-ci maddələrində öz əksini tapmışdır. Belə ki, 45-ci maddəya əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə zərərin əvəzinin ödənilməsi, hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq, həmçinin mülki iddianın təmin edilməsi məqsədi ilə təcili və səmərəli müvəqqəti tədbirlər barədə qərardad çıxarmaq hüququna malikdir. Qeyd etmək lazımdır ki, müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Beləliklə, əqli mülkiyyət hüquqlarının müdafiəsinin və xüsusən rəqəmsal əsrdə piratçılığa qarşı mübarizə mexanizmlərinin geniş yayılmış tendensiyalarını əhatə etdiyimiz bu yazı xarici təcrübə ilə Azərbaycanda mövcud olan, işləyən və inkişaf etdirilməli olan istiqamətlərini nəzərdən keçirməklə bu sahədə düzgün siyasətin qurulmasının sosial-iqtisadi əhəmiyyətini diqqətə çatdırır.

Müəlliflik hüququ obyektlərinin qeydiyyatı, o cümlədən hüquqların gömrük reyestrində qeydiyyata alınması və əsərlər üzərində hüquqların həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrdə Sizi təmsil etməsi məqsədilə EKVİTA şirkətinə müraciət edə bilərsiniz bilərsiniz. EKVİTA 50-dən artıq peşəkardan ibarət komandası ilə hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidmətləri göstərir. Aktiv müştəriləri arasında dünya miqyasında fəaliyyət göstərən və “Fortune 500”-də yer alan şirkətləri qeyd edə bilərik. Dövlət layihələri ilə yanaşı, həmçinin, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi və digər beynəlxalq donorların irihəcmli layihələrinin icrasında iştirak edir.

EKVİTA ümumi biznes məsləhət xidmətlərini hüquqi, maliyyə və vergi sahəsində zəngin təcrübə ilə birləşdirən kompleks peşəkar xidmət təqdim edir.

EKVİTA həmçinin “EKVITA Academy” layihəsi ilə müxtəlif sahələrdən olan mütəxəssislərçün peşəkar tədris proqramları təklif edir.

EKVİTA-nın bazardakı aparıcı mövqeyi beynəlxalq reytinq təşkilatları tərəfindən və müvafiq beynəlxalq standartlarla tanınır.

EKVİTA həmçinin ölkə xaricinə çıxan ilk Azərbaycan şirkətidir. Şirkət Özbəkistanda Asiya İnkişaf Bankının beynəlxalq tenderində qalib elan edilib.

Müəlliflər:

Emil Bəşirov-EKVİTA şirkətinin meneceri

Şəbnəm Quliyeva-BDU-nun Hüquq fakültəsinin IV kurs tələbəsi