Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır.

İki il öncə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri tərəfindən Cəbrayıl, Zəngilan və Füzulini işğaldan azad etdildən sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Xüsusi peşəkarlıq və fədakarlıq tələb edən Qubadlı əməliyyatı oktyabrın 25-də Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndlərinın alınması və strateji yüksəkliklərin ələ keçirilməsi ilə nəticələndi. Daha sonra isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qubadlı şəhəri düşməndən təmizləndi.

Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Bununla əlaqədar, 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.

Vətən müharibəsi 44 gün çəkdi, ancaq Qələbənin yolu daha uzaqdan başlayırdı. İqtisadi imkanların artması, beynəlxalq hüquqi bazanın yaradılması, ordunun gücləndirilməsi – bunlar ölkə başçısının fəaliyyətinin əsasını təşkil edirdi. Azərbaycan hər gün bu müqəddəs mübarizəyə yaxınlaşırdı. Müasir silahlarla və peşəkar hərbi kadrlarla formalaşan Ordumuz bu vəzifənin öhdəsindən layiqincə gəldi. Bu gün digər işğaldan azad edilmiş rayonlar kimi Qubadlının yenidən qurulmasında infrastruktur layihələri ön sıradadır. Artıq Qubalının bərpası işləri sürətlə həyata keçirilir. Bu işlərin gedişatı ölkəmizin müxtəlif güşələrində məcburi köçkün həyatı yaşayan qubadlıların döğma yurd-yuvalarına qayıdışına kömək edəcəkdir. Cənab Prezidentə təqdim edilən baş planda göstərildiyi kimi, rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Prezident İlham Əliyevin bu yaxınlarda səfəri zamanı Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid olduq.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qubadlıda “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Qeyd edək ki, Qubadlı şəhərində inşa ediləcək Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasından qidalanacaq. Mərkəz Qubadlı şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarə edilməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində müasir dispetçer idarəetmə sistemi və rəqəmsal şəbəkə modeli tətbiq ediləcək. “Qubadlı şəhər” 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiya əlaqələndirmə xətləri qurulmaqla, “Hadrut” qovşaq yarımstansiyaları arasında dairəvi təchizat sxemi təmin ediləcək. Eyni zamanda, “Qubadlı şəhər” və “Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiyaları arasında nəzərdə tutulmuş ikidövrəli kabel xəttinin çəkilməsi ilə Qubadlı və Cəbrayıl şəhərlərinin qarşılıqlı enerji mübadiləsi təmin olunacaq. Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində “Yaşıl Enerji” mənbələrinin qurulması nəzərdə tutulub. Mərkəzin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə işləmək imkanına malik olacaq.

Bir sözlə, Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur. Bütün bunlara görə, Ali Baş Komandan, böyük sərkərdə, bu Qələbənin bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, azad Azərbaycan!

Ramilə Seyidova,

YAP Siyəzən rayon təşkilatının sədr müavini