Qubadlı-Laçın istiqamətində hücum: nə baş vermişdi…-FOTO

İki gün sonra Azərbaycan ordusunun 28 ildən çox davam edən işğalın ardınca Laçın rayonuna daxil olmasının bir ili tamam olacaq. Xatırladaq ki, Laçın rayonunun azad edilməsi Ermənistanın təslim olmasına , hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr üçtərəfli bəyanatının şərtlərindən biri idi. Və erməni tərəfi həmin bəyanatda göstərilən qrafikə uyğun olaraq öz işğalçı qüvvələrini dekabrın 1-də Laçın rayonun ərazisindən çıxardı. Laçın şəhəri və Laçın-Şuşa yolu isə humanitar dəhliz qismində Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verildi.

Əslində hərbi əməliyyatların dayandırılmasına qədər Laçın rayonunun cənubu düşməndən demək olar ki, tam azad edilmişdi. Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının bölmələrinin və digər bölmələrin Arazboyu irəliləyərək İranla dövlət sərhədinə nəzarəti tam bərpa etməsindən, Zəngilan şəhərini azad edərək həmin istiqamətdə Ermənistanla sərhəddə yerləşən strateji Bartaz və Şükrataz yüksəklikləri uğrunda döyüşlərə başlamasından sonra Azərbaycan ordusunun bölmələri 2020-ci il oktyabrın 22-dən etibarən Qubadlı və Laçın rayonlarının azad edilməsi uğrunda hücum əməliyyatlarına başlamışdı.

Həmin vaxt düşmən qüvvələri böyük canlı qüvvə və texnika itkiləri verərək xeyli ölçüdə əldən düşmüşdü, bununla belə müqavimət imkanlarını qoruyub saxlayırdı. Xüsusən də döyüş əməliyyatları teatrının düzənlik ərazilərdən dağlıq və dağətəyi ərazilərə keçməsi müqavimət imkanlarını artırırdı. O cümlədən Ermənistan ərazisindən  və sərhədboyu yüksəkliklərdən Qubadlıya aparan əsas yol artilleriya-minomyot atəşi altında saxlanılırdı. Buna baxmayaraq Azərbaycan ordusu iki istiqamətdən-Cəbrayıl və Zəngilan istiqamətindən dağlarla irəliləyərək düşməni Qubadlı ərazisindən sıxışdırmağa başladı.

Ermənistan ordusunun Xanlıq kəndi istiqamətində, Yazıdüzü ərazisində əks hücuma keçərək Zəngilana aparan yolu bağlamaq, bununla da Azərbaycan ordusunun bölmələrini mühasirəyə almaq üçün göstərdiyi  cəhd isə iflasla nəticələndi. Əks hücum üçün cəmləşdirilmiş erməni qüvvələrinin heç döyüşə atılmağa belə imkan tapmadan Azərbaycan ordusunun artilleriya və reaktiv yaylım atəşi sistemləri ilə necə darmadağın edildiyinə dair görüntüləri o vaxt Müdafiə Nazirliyi yaymışdı.

Qoşunlarımız sürətlə irəliləyərək Qubadlının bəzi kəndlərini, oktyabrın 25-də isə Qubadlı şəhərinin özünün işğaldan azad etdilər. Həmin döyüşlərin iştirakçılarından bəziləri bu günlərdə Müdafiə Nazirliyinin təşkil etdiyi press-tur çərçivəsində bir qrup jurnalistlərlə birlikdə Qubadlıda oldular. Və döyüşlərin necə getdiyinə dair bəzi məqamları bölüşdülər.

Həmin hərbçilərin bir çoxu artıq mavi beret daşıyır, Azərbaycan ordusunun Türk ordusu modelinə uyğun yenidən qurulması proqramı çərçivəsində Türkiyədə 3 aylıq komando kurslarını başa vurub qayıdıblar və yeni yaradılan komando hərbi hissələrində, dağlıq ərazilərdə döyüşmək üçün yetişdirilən daha peşəkar döyüşçülər qismində xidmətlərini davam etdirirlər.

Döyüşçülər danışırlar ki, Qubadlı uğrunda gedən döyüşlərdə düşmən əsasən artilleriya və minaatan bölmələri ilə müqavimət göstərirdi, lakin yaxın döyüşlər də baş verirdi.

Mavi beretli çavuş Rüstəm Rüstəmov deyir ki, düşmən əsas qüvvələrini Qubadlının mərkəzində cəmləşdirmişdi, burada onların hərbi hissəsi yerləşirdi. Amma ətraf yüksəkliklərdə minaatan mövqeləri qurulmuşdu və bu səbəbdən Qubadlıya aparan əsas yolla irəliləmək mümkün deyildi. Bu, düşmən zərbələri üçün açıq hədəfə çevrilmək demək olardı. Ona görə də Azərbaycan ordusunun bölmələri iki istiqamətdən, dağlarla Qubadlıya doğru irəliləyiblər. Ətraf yüksəklikləri azad edəndən və şəhərə aparan yolu nəzarət altına alandan sonra artıq Qubadlı şəhərinə həmlə başlayıb.

“Qubadlı uğrunda döyüşlərdə mənim üçün ən ağır məqam artilleriya mərmisindən 3 döyüş yoldaşımın yanımda şəhid olması idi. Mən özüm də yaralandım, amma döyüşü davam etdirdim, indi rahatam ki, həm o döyüş yoldaşlarımın, həm digər şəhidlərimizin qisasını ala bildik”,-Rüstəm deyir.

Rüstəm müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib, Cəbrayıl, Füzuli, Qubadlı uğrunda döyüşüb, noyabrın 9-da ikinci dəfə yaralanıb və Şamaxı xəstəxanasına aparılıb, elə orada da düşmənin təslim olması haqda xəbəri eşidib.

Qubadlının azad olunması uğrunda gedən döyüşlərin daha bir iştirakçısı, zabit Turqay İbrahimoğlu da indi bu torpaqlarda qalib ordunun zabiti kimi qürurla xidmətini davam etdirir. Deyir ki, Qubadlı ətrafındakı hakim yüksəkliklərdən biri uğrunda gedən şiddətli döyüşlərdə onun tabor komandiri, polkovnik-leytenant Nail Orucov şəhid oldu.

“O, sözün əsl mənasında son damla qanına qədər döyüşdü, ağır yaralansa da döyüşdən çəkilmədi, dedi mən bu torpaqlarda öləcəm, amma geri çəkilməyəcəm. Son nəfəsində də bizə əmr etdi ki, olduğumuz yüksəkliyi nəyin bahasına olursa olsun əldə saxlamalıyıq. Komandirin şəhid olması bizi çox sarsıtdı, amma yüksəkliyi qoruduq və onun qisasını aldıq”,-Turqay həmin günləri xatırlayır.

Ərazinin coğrafi şərtləri elədir ki, Qubadlı şəhəri azad edilmədən Laçın istiqamətində irəliləmək mümkün deyil və bu baxımdan Qubadlının azad edilməsindən sonra ordumuz Laçın rayonunun cənub kəndlərini bir-birinin ardınca azad etməyə başladı. Noyabrın əvvəllərində  Azərbaycan ordusu artıq Laçın şəhərinin bir neçə kilometrliyində idi və Laçın-Şuşa yolu nəzarətə götürülmüşdü. Laçın şəhərinin azad edilməsi hərbi baxımdan artıq həll edilmiş məsələ sayıla bilərdi,  bu isə Ermənistanın kapitulyasiya sənədinə qol çəkməsini şərtləndirən amillərdən biri oldu. Və Laçın rayonunun qalan əraziləri Azərbaycanın nəzarətinə döyüşsüz qaytarıldı.

 

/virtualaz.org/