Mayın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı və Quba Soyqırımı Memorial Kompleksi arasında Anlaşma Memorandumu imzalanıb.
Kanal32.az “AzərTac”a istinadla xəbər verir ki, bundan sonra hər iki müəssisə arasında daha sıx əməkdaşlığın qurulması, elm və mədəniyyət sahəsində layihələrin keçirilməsi, müxtəlif məzmunlu sərgilərin və ekskursiyaların təşkili, KİV, sosial şəbəkələrdə birgə təbliğat və təşviqat işlərinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Quba Soyqırımı Memorial Kompleksində keçirilən görüşdə bildirilib ki, 2013-cü ildən fəaliyyətə başlayan kompleks türk-müsəlman soyqırımlarını təbliğ edən yeganə ideoloji mərkəzdir. Kompleksin yeni baxış strategiyasına əsasən, soyqırımı həqiqətlərini dünyaya çatdırmaq məqsədilə beynəlxalq aləmdə və ölkə daxilində əməkdaşlıq əlaqələrinin qurulması prosesi uğurla davam etdirilir.
Tədbirdə bildirilib ki, Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verən, ölkəmizin qabaqcıl ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 30 illik yubileyi qeyd olunur. Bu təhsil ocağında 700-dən çox tələbə təhsil alır.