Qayıdışa aparan cığır-FOTO

1.ÜMUMİ MƏLUMAT

1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – keçmiş Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olunub, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlar respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox obyektdə məskunlaşmağa məcbur olublar. BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə, sülh vasitəsi ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul etsə də, icrası dinc yolla mümkün olmayıb. Ermənistanın növbəti təxribatlarına və atəşkəsi pozmasına cavab olaraq, 27 sentyabr 2020-ci ildə Azərbaycan silahlı qüvvələri əks hücuma keçib, 30 il ərzində itirilmiş torpaqlarımızın böyük hissəsini 44 gündə azad etməklə, qaçqın və köçkünlərimizin doğma yurdlarına qayıtmasına şərait yaradıb. Bununla da Azərbaycan hökuməti “Böyük Qayıdış” proqramına – İkinci Qarabağ müharibəsindən sonra Qarabağı bərpa etmək prosesinə start verib. Buraya dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi də bu prosesdən kənarda qalmayıb. Birlik 2022-ci il fevralın 1-dən mayın 1-dək Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi” adlı layihəni həyata keçirib. Məqsəd qayıdış ərəfəsində  narahatlıq  yarada biləcək məsələləri köçkünlərin iştirakilə müzakirə etmək və hökumətə ismarıclar verməkdir.

Layihə çərçivəsində görülən işləri ictimaiyyətə çatdırmaq vəzifəsini Mingəçevir Dövlət Universitetinin media qrupu öhdəsinə götürüb.  Qrupun nümayəndələri qısa müddətdə 20 məntəqədə 112 köçkün arasında sorğu aparıb, eyni zamanda dialoq görüşlərində aktiv köçkünlərin iştirakına kömək göstərib.

2.SORĞULARIN YEKUNU

112 nəfər arasında 20-dək məntəqədə aparılan sorğular zamanı köçkünlərin kimliyi, qayıdışa münasibətləri və gəlirləri barədə məlumatlar toplanıb. 33 nəfərin cəlb olunduğu 4 dialoq görüşü isə açıq suallar ətrafında aparılıb və bu zaman qarşı tərəfin özünü daha sərbəst ifadə etməsinə şərait yaranıb. Sorğu və dialoqların nəticəsi kimi qayıdış ərəfəsində həm köçkünlərin, həm də hökumətin, xüsusən Qaçqın və Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) üzərinə düşən öhdəlikləri müəyyənləşdirmək imkanı yaranıb.

Sorğuların nəticəsinə görə, 91,1% ailəsi ilə birlikdə işğaldan azad olunmuş torpaqlara qayıtmaq, 8% ailənin bəzi üzvlərini burda saxlayıb, digərlərini işğaldan azad olunmuş torpaqlara qaytarmaq, yalnız 0,9% indiki yaşadığı yerdə qalmaq niyyətindədir.

Köçkünlərin qayıdışdan sonra məşğulluğu bu gün ən ümdə məsələlərdəndir. Sorğuya cəlb olunanlardan 66,1%-i hazrda işsiz, 33,9%-i isə müxtəlif işlərdə çalışan insanlardır. Onların 62,5%-i təsadüfi məvacibli iş, 28,6%-i  məvacibli iş tapa bilib. 8%-i  qeyri-kənd təsərrüfatı sektorunda, 0,9%-i  isə kənd təsərrüfatı sektorunda özünüməşğulluqla əhatə olunub.

Rəyi soruşulanların 49,1%-i köçkünlükdən öncə işləməyib. 28,6% məvacibli işdə çalışıb. 12,5% kənd təsərrüfatı, 8% qeyri-kənd təsərrüfatı sektorunda özünüməşğulluqla əhatə olunub. Yalnız  1,8%-in təsadüfi məvacibli işi (günəmuzd) olub .

Sorğu zamanı məlum olub ki, 51,8% məvacibli işdə, 18,8% kənd təsərrüfatı, 15,2%  qeyri-kənd təsərrüfatı sektorunda özünəməşğulluqla çalışmağı üstün tutur. Yalnız 3,6% təsadüfi məvacibli iş (günəmuzd /mövsümi) arzulayıb. 10,7% isə pensiyaçı olduğunu bildirib.

Sorğu iştirakçılarının 97,3%-i  dəstəyə ehtiyacı olduğunu, yalnız 2,7%-i olmadığını diqqətə çatdırıb. Əsas ehtiyac iş yeri (61,6%), torpaq və ya mal-qara (19,6%) və  artmış ailə üzvlərinin sayına uyğun ev və mənzillə (8%) bağlıdır .

Sorğu zamanı müsahibəyə cəlb olunanların özünün və ailəsinin son 1 il ərzində əmək fəaliyyətindən (məşğulluqdan və təsərrüfatdan) aylıq və illik  gəliri, ailənin bütün üzvlərinin aldığı müavinət, pul köçürmələri,  pensiya və digər gəlirlərin ümumi məbləği ilə bağlı məlumatlar da toplanıb. Ola bilər ki, cavablar tam reallığı əks etdirmir, çünki bizim bu məlumatları yoxlamaq və dəqiqləşdirmək imkanımız və marağımız yoxdur. Cavablara görə, sorğu iştirakçılarından 63,4%-i özünün və 29,5%-i isə ailəsinin heç bir qazancı olmadığını deyib. Qalan 7,1% illik gəlirlərinin 200 AZN-dən 12000 AZN-dək, müavinətlərinin 650 AZN-dən 6600 AZN-dək, pensiyalarının 2000 AZN-dən 6600 AZN-dək aralıqda dəyişdiyini bildiriblər.

93,7% son 12 ay ərzində digər gəlirləri olmadığını, 98,2% heç bir pul köçürməsi almadığını diqqətə çatdırıb. 6,3% il ərzində digər gəlirlərini 1320 manatdan 8400 manatadək, 1,8% isə ailənin əldə etdiyi pul köçürmələrinin 3600 manat olduğunu göstərib.

3.DİALOQLARIN YEKUNU

Görüş iştirakçılarının əksəriyyəti 30 il ərzində mənzil problemlərinin həll olunmadığını və qayıdış uzun çəkəcəyi halda sağlamlıqlarını daha çox itirəcəklərini diqqətə çatdırıblar. Xüsusən köçkünlərə mənzillərin paylanması zamanı korrupsiya hallarına yol verildiyi vurğulanıb. Məsələn, Laçın rayonundan olan qadın  deyib ki,  onun özünün və tanıdığı əksər köçkünlərin həyat şəraiti dözülməzdir: “Vaxtilə dövlətin hesabına mənzil almış məcburu köçkünlərin bir hissəsi faktiki orada yaşamır, Qaydaya görə, həmin mənzillər 3 ay yaşayış olmadıqda,  boşaldılıb, ehtiyacı olan başqa şəxsə və ya ailəyə verilməlidir”.

Ağdamdan olan 80 yaşlı qadın isə deyib ki, 2015-ci ildə dövlətdən ona bir otaqlı mənzil verilibb, lakin 2020-ci ildə həmin mənzili əlindən alıblar: “Oğlum məni Ukraynaya müalicəyə aparmışdı. Koronavirus başladı, yollar bağlandı, vaxtında qayıda bilmədim. Qayıdanda gördüm ki, mənzili boşaldıblar, əşyalarımı da pis günə qoyublar”.

Digər köçkünlərin çıxışlarında da oxşar fikirlər səslənib. Onların bəziləri mənzili olmadığlndan və yataqxanada cəmi bir otaqda məskunlaşdığından övladlarına yaxşı təhsil verə, onları vaxtında evləndirə bilmədiklərini diqqətə çatdırıblar.

Dialoq görüşününü iştirakçıları təklif ediblər ki, ictimaiyyət nümayəndələrinin, xüsusən mətbuat işçilərinin iştirakilə köçkün mənzillərinə baxış keçirilsin, hansının dolu və boş olduğu müəyyənləşdirilsin. Eyni zamanda qayıdışa qədər daha çox ehtiyacı olan insanlara həmin boş mənzillərdən verilməsi prosesi də ictimai nəzatət altında aparılsın.

Dialoq görüşlərinə toplaşanlar birmənalı şəkildə doğma yurd-yuvalarına qayıtmağa hazır olduqlarını bildirblər. Xüsusən dövlətdən mənzil almamış və şəraiti ağır olan insanlar dərhal qayıtmaq istədiklərini deyiblər. Onların ən böyük nisgili rəhmətə getmiş əzizlərini Qarabağa apara bilməyəcəkləri ilə bağlıdır.  Həm də hesab edirlər ki, burdakı vəziyyət sağlamlıqlarını əllərindən alıb. Kəlbəcərdən olan ağbirçək qadının fikrincə, tezliklə qayıtsalar, uşaqları bir gün görər: “Orda buz yeyirdik, xəstələnmirdik, burda yanımızdan yel ötməmiş xəstə düşürük”.

Xocalıdan olan köçkünlər qayıdışla bağlı fərqli fikirlər səsləndiriblər. Hazırda universitetdə müəllim kimi çalışan köçkün xanımın qənaətinə görə, vaxtilə yaşadığı və hazırda rus və erməni silahlı birləşmələrinin olduğu Xocalıya qayıtmaq təhlükəlidir. Xocalıdan olan və orada dəmiryolu xidmətində çalışmış kişi isə “ermənisiz, russuz torpağıma ayaqyalın gedərəm”-deyib.

Köçkünləri təmsil edən şəxslər qayıdış prosesində könüllülüyü  qəbul etmədiklərini, məcburiyyət tətbiq edilməsini vacib sayıblar. Laçından olan 45 yaşlı şəxsin fikrincə, şəhidlərimizin qanı bahasına azad olunan torpaqlara kiminsə qayıtmamağa haqqı çatmır: “Mənim həyat yoldaşım yerlidir, uşaqlarım da burda doğulub. Onların heç biri Qarabağı görməyib, amma qayıdış üçün hamısı hazırdır. Bu gün dövlətin bizə ev tikmək imkanı yoxsa, yardım eləsin, özümüz başlayaq tikməyə. Hətta uzun müddətli faizsiz kreditlər verə bilərlər”.

Xocavənd rayonundan olan köçkün bildirib ki, Hadrut qəsəbəsi onların kəndinin şəraitinə, iqliminə uyğundur: “Təklif olunsa, rahatıqla köçə bilərik”.

Qayıdış zamanı qohumların bir yerə toplanması, yəni yaxın ərazidə məskunlaşması, evlərin köhnə yaşayış məskənlərində tikilməsi, kəndlərin keçmiş formasının saxlanması da əsas müzakirə mövzularından olub. 50 yaşlı kəlbəcərlinin fikrincə, evlərini  köhnə divarlarının yerində tikməklə kəndin tarixini qaytarmaq olar: “İctimai binaları dövlət tikəcək. Amma fərdi mənzilləri biz özümüz tikə bilərik. Bu zaman ustaya əl haqqı ödəmək lazım olmayacaq. Qoy pulu hissə-hissə versinlər, nəzarət etsinlər. Həm də bilmək istərdim: dövlət bir mənzili neçəyə tikir? Bəzən tenderi udan təşkilatlar heç də keyfiyyətli ev tikmirlər. Bu, korrupsiyaya da yol açır”.

Dialoq görüşlərində də məşğuliyyətlə bağlı məsələlər diqqət mərkəzində olub. Köçkünlərin fikrincə, Qarabağa qayıdacaq ailələrə maldarlıq, arıçılıq və əkinçiliklə məşğul olmaq üçün şərait yaradılsa, bundan həmin adamlar, eyni zamanda dövlət qazanar. Həmin şəxslərin əksəriyyəti  köçkünlük həyatına qədər bu peşələrdə çalışıblar. Bu istiqamətdə dövlət özünüməşğulluq və digər proqramlar çərçivəsində mövcud insanlara özəl bizneslərini qurmaq imkanı yarada bilər. Belə fikir səslənib ki, özünəməşğulluq proqramının tələbləri bir qədər yumşaldılmalıdır: “Beynəlxalqq təşkilatlar Azərbaycanda işləyərkən, əvvəl araşdırma aparırdılar. Kimin bacarığı nədir, həvəsi nəyədir? Məsələn, toxumaq istəyənə avadanlıq və xammal verirdilər. Eyni zamanda malını satmağa kömək göstərirdilər. Yadımdadır, bir məcburri köçkün ailəsinə layihə çərçivəsində 5 ədəd Suriya keçisi vermişdilər. İndi həmin şəxsin keçilərinin sayı 500-ü keçib”.

Büdcə təşkilatlarında, xüsusən təhsil və digər sektorlarda çalışanları bir məsələ narahat edir: köçkünlər rayonuna, kəndinə qayıdanda onların hamısını indiki işləri ilə təmin etmək mümkün olacaqmı? İndidən planlaşdırılmalıdır ki, hansı kəndə, rayona nə qədər kadr lazımdır. Yəni hökumət bilməlidir ki, harda hansı iş yerlərini yaradacaq, qayıdışdan sonra kim nə işlə məşğul olacaq. Qayıdışa qədər Dövlət Məşğulluq Xidməti köçkünlərə hansı peşələri öyrədə bilər?

Digər ciddi məsələ qayıdan insanlara kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələrinin ayrılması ilə bağlıdır. Həm elmi fəaliyyətlə, həm də maldarlıqla məşğul olan köçkün qadın deyib ki, ona Ağdamda ev verməklə iş bitmir: “6 sotuq ərazidə heyvanı artırmaq olmur. Təəssüf ki, bəzi şəxslərə həddən çox torpaq sahəsi verirlər. Burada ədalətli yanaşmaya ehtiyac var”.

Bu gün bir çoxları belə hesab edirlər ki, nə qədər ki, ərazilər minalardan təmizlənməyib, insanları köçürmək olmaz. Şuşadan olan köçkün bu yanaşmanı doğru saymır. O, deyir ki, insanlar özləri təhlükəsizliklərini qorumalıdırlar: “Hamı bilir ki, Ağdamın kəndlərində mina ola-ola insanlar yaşayırlar. Bir müddət meşəyə getməyəcəyik”.

Köçkünlər işğaldan azad olunmuş ərazilərdə tam infrastrukturun qurulacağına da inanırlar. Onlar bildiriblər ki, sovetlər vaxtı qışda Kəlbəcərə getmək mümkün deyildi, çünki rahat yollar yox idi: “Kəlbəcərin və digər rayonların təbii qazla təminatı diqqətdə saxlanmalıdır. Məsələn, bu gün Qəbələnin, Oğuzun elə kəndləri var ki, hələ də qazsız qalıb, meşədən odun qırmağa da icazə verilmir. Buna görə də insanlar bölgələrdən iri şəhərlərə, əsasən paytaxta axışırlar”.

Dialoq iştirakçılarının bir qismi hesab edib ki, kəndləri birləşdirmək o qədər də effektli olmayacaq. Çünki kənddə yaşayan adam da mağazadan tərəvəz, yumurta alacaqsa, kənd kəndliyini itirəcək, ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarına ehtiyac artacaq. Halbuki insanların, xüsusən turistlərin bər-bəzəyi olmayan yaşayış məskənlərinə marağı var. Bu kəndləri olduğu kimi saxlamaq və kənd turizmini genişləndirmək məqsədəuyğun olardı. Həm də kəndlərin düşmən tərəfin təxribatlarından qorunmasına ciddi ehtiyac duyulur. Xüsusən Ermənistanla çox yaxın məsafədə olan kəndlərin.

Bu görüşlərdən sonra “Sülh göyərçini” (https://youtu.be/eZl9Q5u8PNE), “Biz qayıdırıq” (https://youtu.be/VeF20j7o8uc), “Dönüş nöqtəsi” (https://youtu.be/iwg3L5ZOvOo) adlı sənədli film-reportajları hazırlanıb.  Müxtəlif KİV-lər (“Vətən səsi”, “Mingəçevir işıqları”, “Azərbaycan Bələdiyyəsi”  qəzetləri, Kanal32 və Media1 informasiya agentlikləri, regional ELTV kanalı) layihə barədə məlumatlandırma aparıb (https://www.youtube.com/watch?v=Kyudy-sBsbo).

4.NƏTİCƏ VƏ TƏKLİFLƏR

  • Məcburi köçkünlərin ehtiyaclarının daha yaxşı qiymətləndirilməsi üçün müntəzəm sorğuların və dialoq görüşlərinin həyata keçirilməsinə ehtiyac vardır. Bu, köçkün icması üzrə müvafiq strategiyaları müəyyən etməyə, daha məlumatlı siyasət sənədi hazırlanmağa kömək edər.
  • Hökumət məcburi köçkün icmalarının daxilindəki qeyri-bərabərlikləri qəbul etməli və daha zəif məcburi köçkün qrupları önə çəkən diferensial siyasət tətbiq etməlidir. Zəif köçkün icmalarında həyat şəraitinin yaxşılaşması və onların iqtisadi müstəqilliyinin artırılmasına ehtiyac var.
  • Bütün mərhələlərdə şəffaflığın təmin edilməsi, xüsusən dövlət vəsaiti hesabına tikilmiş evlərə daha çox ehtiyacı olan köçkünlərin yerləşdirilməsi istiqamətində konkret addımlar atılmaıdır.
  • Hökumət və vətəndaş cəmiyyəti Azərbaycanda köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş dövlət proqramlarının səmərəliliyi ilə bağlı monitorinq aparmalıdırlar.
  • Hökumət məcburi köçkünləri işğaldan azad olunmuş ərazilərə, o cümədən erməni silahlı birləşmələrinin rus sülh məramlıları ilə birgə olduqları ərazilərə və onlara yaxın ərazilərə köçürürərkən mina təhlükəsini, əks tərəfin vaxtaşırı atəşkəsi pozmasını nəzərə almalı, fövqəladə şəraitə uyğun təxliyə planı hazırlamalıdır.
  • Hökumət eyni zamanda köçürülmə üzrə aydın prosedurlar hazırlamalı, xüsusən qohumların və yaxın adamların yenidən bir ərazidə məskunlaşmasına şərait yaratmalıdır. Ən başlıcası isə evlərin tikintisi, pay torpaqlarının bölüşdürülməsi, örüş və əkin yerlərinin ayrılması zamanı köçkünlərin rəy və təklifləri nəzərə alınmalıdır. Eyni zamanda özlərinə ev tikmək istəyən şəxslərlə bağlı müsbət yönümlü tədbirlər həyata keçirilməlidir.
  • Hökumət vətəndaş cəmiyyəti təşkilatları ilə birgə məcburi köçkünlərin qayıdışa qədər peşə bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirməlidir. Eyni zamanda Qarabağda iqtisadiyyatın inkişafı ilə bağlı planlar köçkünlərin bacarıq və ehtiyaclarına uyğun şəkildə qurulmalıdır.
  • Hökumət və vətəndaş cəmiyyəti təşkilatları köçkünləri qayıdışa həvəsləndirən layihələrin sayını və keyfiyyətini artırmalıdırlar. Bu baxımdan köçkünlərlərlə vaxtaşırı görüşlərə, onları həyat hekayələrindən bəhs edən məqalələrin yazılmasına və sənədli filmlərin çəkilməsinə ciddi ehtiyac var. Bu istiqamətdə yaxşı nümunələr var, lakin azlıq edir. Nəzərə alaq ki, ənənəvi qəzetlərin abunə və yayımı çox aşağı həddədir (məsələn, 10 molyon əhalisi olan ölkədə mərkəzi qəzetlər 5-10 min tirajla çıxır və bu da əhalinin 0,01%-nə çatım deməkdir). Əksəriyyətin onlayn media və TV-yə çıxışı var, bu baxımdan onlar köçkünlərin motivasiyasında əhəmiyyətli rol oynaya bilərlər.

mi-news.az