17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci il Noyabr ayının 17-də xalqımızın azadlıq səsini ucaldaraq ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Nəhayət 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Bu yol kifayət qədər mürəkkəb və ağır olsa da Azərbaycan uğurla addımlamağı, gələcəyə baxmağı bacardı.
Müstəqilliyini yeni bərpa edən Azərbaycan bu dəfə Ermənistanın təcavüzünə uğradı, ağır daxili çəkişmələrlə üz-üzə qaldı. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitlik və istiqrar təmin olundu, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla və uzaqgörənliklə davam etdirən Prezident İlham Əliyev bu müstəqilliyi daha da möhkəmləndirdi, güclü ordu qurdu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə xüsusi önəm verdi. Məhz bu siyasət nəticəsində 2020-ci ildə Azərbaycan işğal altındakı torpaqlarını azad edərək, bölgədə yeni reallıq yaratdı.
Hazırda postkonflikt dövrünü yaşayırıq. Görünən odur ki, Ermənistanın təxribatları bir müddət davam edəcək. Hər birimiz diqqətli olmalı, ayıq-sayıqlığımızı itirməməli, məsələlərə daha geniş və dərindən baxmağı bacarmalıyıq.
Qələbəmizi bir neçə amil təmin etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun qəhrəmanlığı, xalqımızın birlik və həmrəyliyi. Qarşıda isə hələ mühüm vəzifələr durur, müstəqilliyimizi gücləndirmək, qələbəmizi möhkəmləndirmək, birlik və həmrəyliyi qorumaq. Hər birimiz çalışdığımız sahədə öz töhfəmizi verməli, dövlətimizin daha güclü olmasına çalışmalıyıq.
Xalqımızı 17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə təbrik edir, hər zaman mübariz, əzmkar, müstəqil, bir və həmrəy olmağını arzulayıram.
Ceyhun Məmmədov,
Milli Məclisin deputatı