Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat Xpress.az-ın suallarını cavablandırıb.
KANAL32.az “xpress”ə istinadla TÜİB sədri ilə müsahibəni təqdim edirik.
– Hüseyn bəy, Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin mövcud vəziyyətini necə dəyərləndirirsiniz?
– Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr bu gün klassik ticarət münasibətlərindən çıxaraq, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qlobal iqtisadi sistemdə yaşanan dəyişikliklər, tədarük zəncirlərinin yenidən formalaşması fonunda hər iki ölkə regionda etibarlı və önəmli iqtisadi tərəfdaş kimi çıxış edir. İki ölkə arasında ticarət dövriyyəsi hər il artan dinamika nümayiş etdirir və bu göstəricilər ümumilikdə müsbətdir. Bununla belə, mövcud potensialımızın hələ tam reallaşdırılmadığını düşünürük. İstehsal, ixrac və birgə investisiya layihələri hesabına bu rəqəmlərin daha da artırılması üçün geniş imkanlar mövcuddur.

– Ortaq dəyərlər və dövlət başçılarının şəxsi münasibətləri ölkələr arasında iqtisadi əlaqələrə, əməkdaşlığa necə təsir edir?
– Azərbaycan-Türkiyə münasibətlərinin əsas fərqi ondadır ki, bu əlaqələr yalnız iqtisadi maraqlara deyil, ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə söykənir. Dövlət başçılarının qarşılıqlı etimada əsaslanan münasibətləri iqtisadi əməkdaşlığa güclü siyasi dəstək yaradır. Bu iradə sayəsində qəbul edilən qərarlar sürətlə icraya yönəlir, biznes dairələri üçün sabit və proqnozlaşdırıla bilən mühit formalaşır. Sahibkarlar üçün ən vacib amil olan etimad və davamlılıq məhz bu münasibətlər fonunda təmin olunur.

– Türkiyənin Azərbaycandakı investisiya və ticarət həcmini necə qiymətləndirirsiniz?
– Türkiyə bu gün Azərbaycanda ən fəal investisiya qoyuluşu həyata keçirən ölkələrdən biridir. Türkiyə şirkətləri energetika, sənaye, tikinti, bankçılıq, logistika, ticarət və xidmət sahələrində geniş fəaliyyət göstərir. Minlərlə türk şirkətinin Azərbaycanda qeydiyyatdan keçərək aktiv fəaliyyət göstərməsi iki ölkə arasında iqtisadi əlaqələrin real göstəricisidir. Bu investisiyalar təkcə maliyyə dövriyyəsinin artmasına deyil, eyni zamanda yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq bağını, ortaq tarixi, mədəniyyəti və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı etimada əsaslanan münasibətlərini nəzərə alaraq, Türkiyənin Azərbaycanda ən böyük investisiya tərəfdaşlarından biri kimi mövqeyini daha da gücləndirməsi üçün real imkanlar mövcuddur. Bu istiqamətdə iqtisadi-ticari dövriyyə də ilbəil artan dinamika nümayiş etdirir.

– Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının əsas prioritet istiqamətləri hansılardır?
– Əməkdaşlığın əsas prioritet istiqamətlərinə sənaye, kənd təsərrüfatı, qida istehsalı, enerji, logistika, nəqliyyat və xidmət sahələri daxildir. Xüsusilə qeyri-neft sektorunun inkişafı hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Son illərdə birgə istehsal, sənaye parkları, ixracyönümlü layihələr və regional inkişaf təşəbbüsləri ön plana çıxır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahələri gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır.

– Sizcə, Azərbaycan kənd təsərrüfatı məhsulları üçün Türkiyə bazarı nə dərəcədə əhəmiyyətlidir?
– Türkiyə Azərbaycan kənd təsərrüfatı istehsalçıları üçün böyük və stabil bazardır. Azərbaycandan Türkiyəyə meyvə-tərəvəz, quru meyvələr, fındıq, pambıq və digər aqrar məhsullar ixrac olunur. Bu istiqamətdə logistika imkanlarının təkmilləşdirilməsi, sertifikatlaşdırma proseslərinin sadələşdirilməsi və standartların uyğunlaşdırılması ixrac həcminin artmasına ciddi təsir göstərə bilər. Gələcəkdə birgə emal və qablaşdırma müəssisələrinin yaradılması da məhsulların rəqabət qabiliyyətini artıracaq.

– Orta dəhliz və Zəngəzur dəhlizinin işə düşməsi hansı nəticələr vəd edir?
– Orta dəhliz alternativ marşrutdan strateji əhəmiyyətli nəqliyyat xəttinə çevrilmə prosesini yaşayır. Azərbaycan və Türkiyə bu dəhlizin iki əsas sütunu kimi çıxış edir. Zəngəzur dəhlizi isə bu sistemin tamamlayıcı və strateji həlqəsidir. Bu dəhlizlərin tam gücü ilə işləməsi ticarət dövriyyəsini sürətləndirəcək, nəqliyyat xərclərini azaldacaq və Türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirəcək. Eyni zamanda, bu layihələr regionda uzunmüddətli sabitlik və inkişaf üçün möhkəm zəmin yaradacaq.

– 1992-ci ildən etibarən Azərbaycandakı fəaliyyətinizə qısa nəzər salaq. O dövrdə ilk iqtisadi fəaliyyətiniz hansı sahəni əhatə edirdi?
– 1992-ci ildə Azərbaycana gəldiyim zaman ölkə yeni müstəqillik qazanmışdı və böyük potensiala malik idi. İlk illərdə əsasən ticarət və istehsal sahələrində fəaliyyət göstərdik. Zaman keçdikcə iqtisadi mühitin formalaşması ilə fəaliyyət sahələrimiz də genişləndi və daha sistemli xarakter aldı. Bu gün isə həm biznes fəaliyyəti, həm də ictimai platformalar vasitəsilə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafına yönəlmiş fəaliyyət göstərirəm.

– Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesində Türkiyənin rolu necədir?
– Qarabağda əldə olunan tarixi Zəfərdən sonra bölgədə yeni inkişaf mərhələsi başlayıb. Şuşa, Füzuli və Zəngilan kimi ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur və sosial layihələr yeni regional iqtisadi modelin formalaşdığını göstərir. Türkiyə şirkətləri yol, yaşayış, sənaye və sosial obyektlərin tikintisində fəal iştirak edir. Bu iştirak həm iqtisadi əməkdaşlığın, həm də qardaşlığın real təzahürüdür.

– Qarabağ və Şərqi Zəngəzurda məşğulluq yönümlü layihələr həyata keçirilirmi?
– Bəli, bu istiqamətdə işlər davam etdirilir. Cocuq Mərcanlı layihəsi məşğulluq və sosial reinteqrasiya baxımından uğurlu nümunə oldu. Hazırda Qarabağda, Şərqi Zəngəzurda da yerli əhalinin dayanıqlı iş yerləri ilə təmin olunmasına yönəlmiş yeni layihələr müzakirə və planlaşdırma mərhələsindədir. TÜİB üzvlərinin qeyri-neft sektorunda fəaliyyəti artıq on minlərlə insanın məşğulluğunu təmin edir.

– 2025-ci il istər TÜİB, istərsə də Sizin üçün hansı uğurlarla yadda qaldı?
– 2025-ci il Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi üçün fəaliyyətlərin intensivliyi və əldə olunan nəticələr baxımından xüsusi əhəmiyyət daşıyan bir il oldu. İl ərzində əsas məqsədimiz Azərbaycan-Türkiyə iqtisadi əlaqələrini konkret layihələr və institusional əməkdaşlıq müstəvisində daha da dərinləşdirmək idi. Bu baxımdan Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumu ilin diqqətçəkən iqtisadi platformalarından biri oldu. Forumda hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, investorlar və biznes dairələri iştirak etdilər. Tədbir dövlət və özəl sektor arasında birbaşa dialoq platforması rolunu oynadı, investisiya imkanları və birgə istehsal layihələri ətrafında səmərəli müzakirələr aparıldı. TÜİB-in bu Forumda həm təşkilatçı, həm də fəal iştirakçı kimi çıxış etməsi görülən işlərin təqdimatı baxımından önəmli oldu. Eyni zamanda, TÜİB-in təşkilatçılığı ilə Türkiyəyə həyata keçirilən işgüzar səfər 2025-ci ilin diqqətçəkən addımlarından biri idi. Səfər çərçivəsində Türkiyənin ticarət və kənd təsərrüfatı sahələrinə cavabdeh qurumlarda görüşlər keçirildi, özəl sektor nümayəndələri ilə təmaslar quruldu. Bu görüşlər ticarət dövriyyəsinin artırılması, aqrar sahədə əməkdaşlıq və birgə istehsal imkanları baxımından faydalı oldu. Ümumilikdə, 2025-ci il TÜİB üçün dövlət-özəl sektor əməkdaşlığının gücləndiyi, biznes dairələri arasında etimadın artdığı və gələcək real layihələrin əsasının qoyulduğu bir mərhələ kimi yadda qaldı.

– TÜİB sədri olaraq gələcək planlarınız nədən ibarətdir?
– Gələcək dövr üçün əsas hədəfimiz Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığını daha dərin, sistemli və nəticəyönümlü mərhələyə daşımaqdır. Xüsusilə birgə istehsal layihələrinin genişləndirilməsi, regionlarda investisiyaların təşviqi, qeyri-neft sektorunun inkişafı və gənc sahibkarların dəstəklənməsi prioritet istiqamətlərimiz sırasında yer alır. Məqsədimiz iki ölkə arasında ticarət və investisiya əlaqələrini daha dayanıqlı və uzunmüddətli əsaslar üzərində qurmaqdır. Bu çərçivədə qarşıdakı dövrdə III Azərbaycan-Türkiyə İnvestisiya Forumunun keçirilməsini planlaşdırırıq. Sözügedən Forumun dövlət və özəl sektor arasında dialoqu daha da gücləndirən, konkret layihələrin müzakirə edildiyi və real investisiya qərarlarının formalaşdığı platformaya çevrilməsini hədəfləyirik. Əvvəlki forumların uğurlu nəticələri göstərir ki, bu cür platformalar iki ölkə biznes dairələri arasında etimadın artmasına və əməkdaşlığın praktiki müstəvidə inkişafına mühüm töhfə verir. Eyni zamanda, Türk dünyası çərçivəsində iqtisadi inteqrasiyanın gücləndirilməsi, regionlararası əməkdaşlığın genişləndirilməsi və yeni investisiya təşəbbüslərinin təşviqi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Əsas məqsədimiz Azərbaycan-Türkiyə qardaşlığını iqtisadi sahədə daha güclü və davamlı nəticələrlə möhkəmləndirməkdir.
Ərturan İSMAYIL