Qətərli professorun Azərbaycanın 44 günlük müharibədə müasir hərb strategiyası barədə kitabının təqdimatı olub
Azərbaycanın İordaniyadakı səfirliyində Qətər Milli Müdafiə Kollecinin professoru, bu təhsil ocağının nəzdindəki Hərbi Strateji Araşdırmalar Mərkəzinin aparıcı mütəxəssisi, təqaüddə olan polkovnik Əzzam Hüseyn əş-Şveyyatın müəllifliyi ilə işıq üzü görən “Müharibənin idarə olunmasının müasir strategiyası. Azərbaycan -Ermənistan müharibəsi 2020 (Dağlıq Qarabağ bölgəsi). Pilotsuz uçuşların müharibəsi” adlı kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir Eldar Səlimov müəllifin böyük əməyini, Azərbaycana olan xüsusi rəğbətini yüksək qiymətləndirərək, maraqlı kitaba görə dərin təşəkkürünü bildirib, O qeyd edib ki, bu elmi iş ərəb dünyasının hərbi və siyasi dairələrində geniş maraq doğuracaq.
Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin tarixinə nəzər salan səfir Azərbaycan rəhbərliyinin münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı siyasəti xatırladıb, 44 günlük Vətən müharibəsinin səbəbləri və nəticələri barədə məlumat verib, eyni zamanda, azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərindən ətraflı bəhs edib.
Kitabın müəllifi Ə.Əş-Şveyyat göstərilən diqqətə görə təşəkkürünü bildirib, Azərbaycan dövləti və xalqını bu möhtəşəm Qələbə münasibətilə ürəkdən təbrik edib.
Tarixi torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasətini xüsusi qeyd edən qonaq, müəllifi olduğu kitab haqqında qısa məlumat verib. O, tədqiqat əsərindəki geosiyasi əlaqələr, o cümlədən müxtəlif ölkələrin müharibəyə dair mövqelərinin əks etdirildiyini diqqətə çatdırıb.
Sonda müəllif Azərbaycan Ordusunun ən yüksək və müasir standartlara cavab verdiyini vurğulayıb, bu nailiyyətin Azərbaycan rəhbərliyinin səyləri nəticəsində qazanıldığını söyləyib.