Qətər qəzetlərində Azərbaycanın Müstəqillik Günü münasibətilə məqalələr dərc olunub

Qətərin ingilis dilli “The Peninsula Qatar”, “Qatar Tribun”, ərəb dilli “Al Raya”, Al-Sharq” Al-Arab” qəzetlərində Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə məqalələr dərc olunub.

Sözügedən qəzetlərdə bu əlamətdar gün münasibətilə Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən təşkil olunmuş rəsmi tədbir geniş işıqlandırılıb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, məqalələrdə keçirilən tədbirdə Qətər tərəfindən ölkənin Baş nazirinin müavini, dövlət naziri, Qətər Milli Kitabxanasının prezidenti Hamad Bin Abdulaziz Əl-Kuvarinin, Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qasım Əl Abdullah Al Taninin, Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi İbrahim Faxronun, Qətərdə akkreditə olunmuş xarici ölkə səfirlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi bildirilir.

Məqalələrdə, həmçinin Azərbaycan-Qətər münasibətlərindən bəhs olunub. Qeyd edilib ki, iki ölkə arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlıq inkişaf etməkdədir. Belə ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani 2016-cı il martın 7-də Azərbaycana, Prezident İlham Əliyev 2017-ci il fevralın 26-da Qətərə rəsmi səfər edib, 2021-ci il oktyabrın 18-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın üçüncü iclası keçirilib, həmin tarixdə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş” 2022-ci ilin 27 mart tarixində qüvvəyə minib.