Kanal32.az-ın “Qərib azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.
Anna Qaplan (Monahemi) 1965-ci il avqustun 23-də Güney Azərbaycanın Təbriz şəhərində anadan olub. Atası xalça satıcısı olan Anna Tehranda böyüyüb. Ölkəni islam inqilabı bürüyəndə Annanın valideynləri onu on üç yaşında təhlükəsizlik üçün ABŞ-a göndəriblər. Kimsəsiz uşaq və qaçqın kimi Bruklinə göndərilən Anna valideynləri qanuni olaraq Birləşmiş Ştatlara girə bilənə qədər Çikaqo şəhərində himayədar ailənin yanında yaşayıb. Ailəsinə qovuşduqdan sonra Nyu-Yorkun Kvins şəhərinə, daha sonra isə Qreyt-Nek şəhərinə köçüblər.
Güney azərbaycanlı ailə yəhudi köklərə də bağlıdır.
Anna Qaplan Stern Kolleci, Yeşiva Universiteti və Nyu-Yorkda Kardozo Hüquq Məktəbində təhsil alıb.
Siyasi karyerasına 2011-ci ildə Nort-Hempsted şəhər şurasının idarə heyətinin üzvü kimi başlayıb və Nyu-York Ştat Senatına seçilənə qədər burada işləyib. Anna bir müddət Qreyt-Nek şəhərinin ictimai kitabxanasında çalışıb, eyni zamanda Şimali Hempsted Apellyasiya Şurasının üzvü olub.
2016-cı il yanvarın 11-də Nyu-Yorkun üçüncü konqres dairəsi üçün Nümayəndələr Palatasında Stiv İsrailin boşaltdığı kresloya namizəd olacağını açıqlayıb. Amma seçkilərdə Demokratların namizədi Tom Suozziyə məğlub olub.
Anna Qaplan bir də 2018-ci il aprelin 27-də Nyu-York Ştat Senatına namizəd olacağını açıqlayıb. O, bu dəfəki seçkilərə daha peşəkar hazırlaşmışdı. Əlini ABŞ-ın keçmiş pezidenti Barak Obama, Nyu-York ştatının o vaxtkı qubernatoru Endryu Kuomo və Demokratlar partiyasının Nassau təşkilatının sədri Cey Yakobsun dəstəyini alaraq gücləndirmişdi. 2018-ci il avqustun 1-də Barak Obama tərəfindən təsdiqlənən Nyu-York Ştat Senatına ilk namizəd olub.
Anna Qaplan həmin il noyabrən 6-da keçirilən seçkilərdə hazırkı senator Elayn Fillipsi məğlub edib, 55 faiz səslə Nyu-York Ştat Senatına seçkilərdə qalib gəlib. Demokratlar bu seçkilərlə İkinci Dünya Müharibəsindən sonra üçüncü dəfə Nyu-York Senatında üstünlük əldə ediblər. Anna Qaplan isə Nyu-York ştatının qanunverici palatalarından birinə seçilən ilk keçmiş siyasi mühacirdir.
Anna Qaplan Senatın Ticarət, İqtisadi İnkişaf və Kiçik Biznes Komitəsinin sədridir və bu qurumun Uşaq və Ailələr, İnternet və Texnologiya, Məhkəmə, Nəqliyyat və Qadın Problemləri komitələrinin üzvüdür. O, həm də Qanunverici Qadınlar Qrupunda təmsil olunur.
Anna Qaplan 2019-cu ilin yanvarında “Nyu-York Tayms” qəzetinin ilk dəfə Nyu-York senatorları haqqında dərc olunan məqalədə diqqət çəkilən dörd yeni ştat senatorundan biri olub.
Anna və əri Darren Nyu-Yorkun Qreyt-Nek şəhərində yaşayırlar və iki qızı var.
Mənbə:\teleqraf.com\