XX əsrdə ermənilərin havadarlarının köməyi ilə azərbaycanlılara qarşı 1905-1906-cı, 1918-1920-ci illərdə həyata keçirdiyi etnik təmizləmə, 1930-cu illərdəki kütləvi repressiyalar, 1948-1953-cü, 1988-1989-cu illərdə reallaşan deportasiya… Bu tarixi faciələr artıq dünyasını dəyişmiş, eləcə də bu gün həyatda olan çox sayda Qərbi azərbaycanlının tale yoluna yazılıb. Hazırda qəlbi doğma yurddan ayrılıq həsrəti, əzablı günlərdən qalan acı xatirələrlə qovrulan insanları öz elinə-obasına dönüşə böyük inam ovudur. Ürəyində doğulub, boya-başa çatdığı Qərbi Azərbaycana qovuşmaq arzusunu ən dəyərli zinəti kimi daşıyan Qərbi azərbaycanlılardan biri də İrşad Abbasovdur.
AZƏRTAC-ın bölgə müxbiri Azərbaycan Texnologiya Universitetinin şöbə müdiri, dosent İrşad Abbasovla söhbət edib. O, ailəsinin əzəli torpaqlarımızdan sürgününə, doğma eldən ayrı düşməsinə dair xatirələrini bölüşüb. İrşad müəllim deyir ki, 1956-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Böyükməzrə kəndində, Mehralı kişinin ailəsində dünyaya gəlib. XIV əsrin sonu – XV əsrin əvvəlində Qazax mahalından Göyçə mahalına üz tutan, orada yaşayış məskənləri yaradan dörd qardaşdan birinin, Qulu ağanın saldığı Böyükməzrədə 1915–1918-ci illərdə Türkiyədən gəlmə еrmənilər də yеrləşdirildikdən sоnrа əhаli birgə yaşamağa məcbur olub.
“Tarixdən də bəllidir, ata-babadan eşitdiyim, özümün də şahid olduğum budur ki, 1988-ci ilədək ermənilərdən çox xəyanətlər gördük. Nəsibimizə zaman-zaman soyqırımı, deportasiya kimi faciələri yaşamaq düşdü. Tarixi-etnik torpaqlarında yaşayan azərbaycanlılara təzyiq göstərilməsi, onların vəhşicəsinə öldürülməsi, öz yurdlarından sürgün edilməsi, mal-mülkünün yağmalanması, neçə-neçə insanın itkin düşməsi, sağ gəlib çıxanların Vətən həsrəti ilə, qəm-qüssədən, müxtəlif xəstəliklərdən dünyasını dəyişməsi danılmaz faktlardır. Elə mən ilk təhsilimi Böyükməzrə kənd orta məktəbində almışam, 1972-ci ildə məktəbi qızıl medalla bitirmişəm. Erməni müəllimlərin azərbaycanlı şagirdlərin əksəriyyətinin dərslərini daha yaxşı oxumasını, təhsildə fəal və nümunəvi olmasını, məktəb daxilindəki idman yarışlarında üstünlük əldə etməsini necə qısqanclıqla qarşıladıqlarını, milliyyətcə erməni olan şagirdlərə “Nəyə görə türk sizdən güclü olmalıdır?” deyə təsir etdiklərini, onlarda bizə qarşı nifrət hissi oyatdıqlarını yaxşı xatırlayıram. Bu təbliğat daha sonra öz təzahürünü erməni uşaqların bizimlə dava etmək üçün bəhanələr axtarması ilə göstərirdi. Biz bağışlayan olsaq da, onlara boyun əymirdik. Xatırlayıram ki, təhlükəsizliyimizi təmin etmək üçün məktəbdən evə gələrkən əlimizə ağac parçaları götürürdük”, – deyə həmsöhbətim bildirir.
O, ermənilərin azərbaycanlıları doğma ellərindən sıxışdırıb çıxarmaq üçün hər cür vasitələrə əl atdığını deyir: “Gəlmə ermənilər əvvəlcə məskunlaşanlardan daha qəddar və kinli idilər. Onlar dövlət idarələrinə rəhbərlik edirdilər. Azərbaycanlıların müraciətlərinə baxmırdılar, insanları incidirdilər. Ayrı-seçkilik edir, gənclərimizin ali təhsil almasına, işlə təminatına, vəzifələrə təyinatına maneələr yaradırdılar. Bu səbəbdən mən və mənim kimi çox sayda gənc ailələrin də təkidi ilə ali təhsil üçün Azərbaycana, ya da başqa ölkələrə üz tuturduq. Odur ki, gəncliyimi doğma obamda keçirə bilmədim. Sonra isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi deportasiya məni yurdumdan tamamilə ayrı saldı. Yuxularımda Böyükməzrəmə gedirəm. Kəndin küçələrini gəzib-dolaşıram, evimizə çatanda məni böyük həyəcan ağuşuna alır. Qapımızı açıb, içəri keçmək istəyəndə isə yuxudan oyanıram. Doğma elimə, evimə yuxularda qovuşmaq çox ağırdır”.
Kövrəlib, qəhərdən gözləri dolan müsahibim özünü toparlamağa çalışır. Bir qədər sonra sanki özünü təsəlli edirmiş kimi iki oğlunu da uşaq vaxtı doğulub, boya-başa çatdığı kəndə apara bildiyini dilə gətirir. “Kəndimiz, babasının evi böyük oğlumun uşaqlıq xatirələrində qalıb. Buna o qədər sevinirəm ki… Onlarla, nəvələrimlə daim Qərbi Azərbaycanımızdan, o yerlərin tarixi torpaqlarımız olmasından, ora qayıtmağın haqqımız olmasından danışıram. İstəyirəm ki, övladlarım, nəvə-nəticələrim bir zaman qarış-qarış tanıyıb, sevdiyim o yerlərə gedə bilsinlər. Oraların gözəlliyini, doğmalığını yerində görüb, hiss etsinlər. Orada təkcə keçmişimizi, evimizi, mal-mülkümüzü qoymamışıq. Ürəyimiz də orada qalıb. Kəndimizin sakini olan bütün azərbaycanlılar kimi, baytar həkim olan atam, anam, qardaşım və 3 bacım da ailələri ilə birgə 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya edildi. Şəxsi mülkiyyətimiz, fərdi əmlakımız, hətta mənim böyük kitabxanam, ailə şəkillərimiz belə orada qaldı. Ermənilər qarşılarına çıxan hər kəsi, uşaq-böyük, qadın, yaşlı demədən, kənddən çıxmağa məcbur edib, əks təqdirdə öldürəcəkləri ilə hədələyirdilər. Ən zəruri əşyalarını belə götürməyə imkan vermədikləri, böyük təzyiq göstərdikləri insanları maşınlara yığıb, çarəsiz şəkildə Azərbaycana göndərmişdilər. Öz yurdundan çıxarılan bir çox insan kimi, mənim ailə üzvlərim də Göygöl rayonunda məskunlaşmalı oldu. Bu hadisə onlar üçün əsl məşəqqət idi. Bir müddət sonra bu dərdə dözməyən atam dünyasını dəyişdi. 96 yaşlı anam isə hələ də elinin, evinin həsrəti ilə yaşayır. Qonşularımızla əlaqə itib. Hərə bir tərəfə dağılmışdı…”, – deyə İrşad müəllim bildirir.
Otuz ildən artıq işğal altında olan torpaqlarımızın, Qarabağımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad olunmasından, Azərbaycanın suverenliyinin bərpasından, işğalçılara layiqli cavab verilməsindən böyük qürur hissi keçirdiyini deyən Qərbi azərbaycanlı bütün bunların onda ata-baba yurduna dinc yolla qayıdacağına inam yaratdığını deyir. Əmindir ki, doğma Göyçə mahalına, kəndlərinə duyduğu həsrət tezliklə sona çatacaq və o da doğmaları ilə birgə tarixi torpaqlarımıza dönəcək.
“İnam qələbənin yarısıdır. Bizim inamımız da, ümidimiz də böyükdür. Artıq Qarabağımıza qovuşmuşuq, əminəm ki, tarixi torpaqlarımıza geri dönüb, orada yaşamaq da bizə nəsib olacaq. Arzum var ki, kəndimizə dönüm, orada orta məktəbdə müəllim kimi çalışım. Bir arzum da var – uşaqlığımda “Sona bulağı” yaylağına gedərdik. Orada köçümüz düşən yerin arxasında bir dağ var idi. Hər dəfə gedəndə o dağın başına qalxıb, orada otururdum. Göyçə gölünə, kəndlərə uzun-uzadı baxıb, xəyala dalır, görüntünün möhtəşəmliyindən həzz alırdım. Bu zövqü yenə yaşamaq ən böyük arzularımdan biridir. İnanıram ki, bu arzum da çin olacaq”.