Bu gün Azərbaycanın bir çox bölgələrində əzəli türk yurdu Qərbi Azərbaycandan qovulub, didərgin salınan çox sayda Qərbi azərbaycanlı yaşayır. Bir neçə mərhələdə ömür yoluna sürgün, deportasiya kimi ağır yüklər, vətən nisgili yazılanlardan dünyasını dəyişənlər də var, doğma yurdunun həsrəti ilə yaşayıb, acı xatirələri ilə ürəyinin başı qanayanlar da. Belə soydaşlarımızdan biri Qərbi azərbaycanlı Vaqif Hüseynovdur.
AZƏRTAC-ın bölgə müxbiri onunla söhbət edib, dədə-baba torpaqlarından ayrı düşməsi ilə bağlı həyat hekayəsini qələmə alıb.
1955-ci ildə Basarkeçər rayonunun Böyükməzrə kəndində anadan olan Vaqif Hüseynov doğma yurduna sevgisinin sonsuz olduğunu, keçmişdə qalan xoşbəxt və acı günlərinin tez-tez yuxularına gəldiyini deyir. “Dədə-babalarım 1948–1953-cü illərdə deportasiyaya məruz qalıb, Tərtər rayonuna gəlsələr də, sonradan doğma yurd onları səslədiyi üçün geri dönüblər. Beləliklə, mən 1955-ci ildə Qərbi Azərbaycanda doğulmuşam, orada böyüyüb, boya-başa çatmışam. Kəndimizdə çox gözəl çağlarımız olub. Kəndimizdə erməni ailələrin sayı az idi. Onlar o vaxt da bizimlə qaynayıb-qarışmaqdan çəkinirdilər. İmkan düşən kimi nifrətlərini büruzə verirdilər. Beşiyinin başında “Türk gəldi” deyib qorxudulanlardan heç zaman fərqli münasibət görmədik. Azərbaycanlılar isə həmişə humanist, istiqanlı, yardımsevər, mehriban olublar. Adət-ənələrimizi yaşadırdıq, qonşularla get-gəl edirdik, gözəl bayramlar keçirirdik. Əməyimizin halal bəhrəsini yeyib, dolanırdıq. Hər fəsli gözəl elimizdə yayda enişli-yoxuşlu yolları keçib yaylaqlara gedərdik. Heyf o günlərdən…”, – deyən və kövrək anlar yaşayan həmsöhbətim yaxşı xatirələrlə yanaşı, yaddaşına qara hərflərlə yazılan məqamlardan da söz açır.
“Dediyim kimi, kəndimizdə ermənilərin sayı az olsa da, məkrləri böyük idi. Onlar azərbaycanlıların savadlı kadr kimi yetişməsinə mane olurdular. Ona görə də orta məktəbi Qərbi Azərbaycanda oxusam da, ali təhsilimi Bakıda aldım. Daha sonra yenə ata yurduma, valideynlərimin yanına qayıtmağa qərar verdim. Bilirdim ki, təhsil almağa imkan vermədikləri kimi, iş tapmaqda da çətinlik çəkəcəyəm, yanılmadım da. İxtisasca mühəndis idim, məşğulluğumu təmin etmək üçün Zod kəndində Dağ-Mədən Kombinatına üz tutdum. Rəhbəri erməni idi, mənə bir neçə il ancaq tuneldə fəhlə kimi işləyə biləcəyimi dedi. Qəbul etmədim, sonra bir təhər yenə rəhbərliyində ancaq ermənilərin olduğu, 36 kənddən şagirdlərin təhsil aldığı texniki peşə məktəbinə müəllim kimi işə düzəldim. Orada da işləməyə imkan vermirdilər. Bizim üçün süni problemlər yaradırdılar, bezdirməyə çalışırdılar. Yadımdadır, müəllimlər otağında bizə “Bu yerlərin sahibi biz olacağıq, siz isə buradan gedəcəksiniz” deyirdilər. Biz onları dəlillərlə, faktlarla susdurmağa çalışırdıq. Mən hələ 80-ci illərin əvvəllərindən danışıram. Demək ki, bunlar qurulmuş planın icrasına hazırlaşırmışlar”.
Müsahibim deyir ki, ermənilərin zülmü getdikcə daha da azğın hal alıb: “Ailə qurmuşdum, qızım və oğlum var idi. Ata yurdumda özümə ev tikmək istəyirdim. İnşaat materialları satılan mağazada satıcı erməni idi. Mənə qəzəblənərək “Sənə mal satmayacağam, sən nə deyib, ev tikdirirsən. Yeriniz dağın o tərəfidir, əvvəl-axır sizi ora yola salacağıq” deyib, sifətini turşutdu. Mən də cavab verdim ki, “Ata yurdum buradır, niyə buradan getməliyəm?”. Bu sözləri eşidən kimi üstümə şığıdı. Yanındakı başqa erməni isə “Qoy tiksinlər də, onsuz da bizim üçün tikirlər” deyib, onu sakitləşdirirdi. Bax, bunlar bizə belə hörümçək toru qururdular. Bir qızımı 3 yaşında xəstəxanada öldürdülər. Uşaq soyuqlamışdı, hərarəti qalxmışdı. Xəstəxanaya apardıq. Bir də gördük uşağın başından iynə vururlar. Anası etiraz edəndə “Sən nə bilirsən axı, qoy işimizi görək, mane olma” deyə qışqırdılar. Bir neçə dəqiqə sonra övladımız gözümüzün önündə canını tapşırdı. Bu dərd ürəyimizdə qübar bağlayıb. Balamızı gözümüz baxa-baxa qətlə yetirdilər bu qatillər…”.
Vaqif Hüseynov bir təhər özünü ələ alıb, sözünün ardını gətirir. “1988-ci ildə lap azğınlaşdılar. Saqqallı erməni quldurları bizimlə qonşuluqda yaşayan, eyni kənddə qalan ermənilərə də silah paylayırdılar. Çalışdığım peşə məktəbində 45 il direktor işləmiş rəhmətlik Mahmud Hacıyevə təzyiq edib, yurdumuzu tərk etməyimizi söyləmişdilər. Mən etiraz edəndə atəş açdılar, cəld tərpəndim, güllə yayınıb, yandakı qutuya dəydi. Evlərin qapısından “Çıxın gedin, yoxsa sizi öldürəcəyik” cümləsi yazılan kağızlar atıb, gözümüzü qorxutmağa çalışırdılar. İşə gedə bilmirdik. Avtobus sürücüləri ermənilər idilər, bizi aparmaqdan imtina edirdilər. Ərzaq üçün mağazaya getməyə belə imkan vermirdilər. Qardaşımı bıçaqladılar, xəstəxanaya apardıq. Erməni tibb bacıları öz dillərində “Nahaq bıçağı dərinə batırmayıblar, gərək, öldürərdilər”, – deyə danışırdılar. Son günlərdə camaatın mal-qarasını aparmağa başlamışdılar. Malımızı, mülkümüzü, torpaqlarımızı yağmalayıb, özümüzü deportasiya etdilər. Quru canımızı götürüb, Göygöl rayonunda məskunlaşmalı olduq. Yaşlılar Vətən deyə-deyə dünyasını dəyişdilər. Biz də həsrət, nisgil dolu illər yaşadıq”, – deyə Vaqif müəllim bildirir.
Artıq işğal altındakı torpaqlarımızın azad edildiyini, hazırda isə ən böyük diləyinin ata-bala torpaqlarına qayıtmaq olduğunu bildirən Vaqif Hüseynov əmindir ki, Prezident İlham Əliyevin müdrik siyasəti və siyasi iradəsi ilə bu arzusuna da çatacaq: “Dövlətimizin başçısı dediyi sözlərin hamısına əməl edib, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, o yerlərdə həyata keçirilən böyük işlər bizi ürəkdən sevindirir. İnanıram ki, Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz evlərinə qayıdış hüququ bərpa ediləcək. Babalarımızın ocağında yenidən çıraq yandıracağıq. O torpaqlarda yenə tonqallar qalayıb, bayramlar keçirib, toy-büsat quracağıq”.
Müsahibəni aldı: Vüsalə Cənnətova