Füzuli Tarix-diyarşünaslıq muzeyində Füzuli rayonunun işğaldan azad olunmasının ikinci ildönümü ilə əlaqədar Şəhidlərimizin xatirəsinə həsr olunmuş onların şəxsi əşyalarından ibarət “Qələbə qığılcımından Böyük Zəfərə” adlı tədbir-sərgi təşkil edilib.
Kanal32.az-a verilən məlumata görə,tədbirdə şəhid ailələri Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Xalisə Məmmədova çıxış edərək, Vətən müharibəsi nəticəsində qazanılan Qələbəyə görə şəhidlərə və qazilərə borclu olduğumuzu diqqətə çatdırıb. Vətən müharibəsi şəhidi İsmayıllı Məhəmmədəlinin atası Elxan Quliyev şəhidlərin xatirəsinin əziz tutulmasının, bu cür tədbirlərin davamlı keçirilməsinin təqdirəlayiq olduğunu bildirib. O, belə görüşlərin həm də şəhid ailələrinə təsəlli olduğunu diqqətə çatdırıb. Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova şəhid ailələrinin və qazilərin hər zaman dövlətin diqqət mərkəzində olduğunu bildirib. 44 günlük Vətən müharibəsinin tariximizə şanlı səhifə olaraq daxil olduğunu diqqətə çatdıran natiq 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin və ətraf kəndlərin işğaldan azad edilməsinin böyük hərbi strateji əhəmiyyət kəsb etdiyini bir daha vurğulayıb. O, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıq dolu döyüş və həyat yollarının gənc nəsil üçün əsl örnək olduğunu söyləyib.
Daha sonra Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizi Vüsalə Qaraşova muzeydə Vətən müharibəsi şəhidləri haqqında toplanmış eksponatlar barədə məlumat verib. Vətən müharibəsi şəhidlərinin şəxsi əşyalarından, sənədlərindən, təltiflərindən ibarət guşəyə baxış keçirilib. XX əsrə aid Qarabağ xalça nümunəsini Füzuli Tarix-diyarşünaslıq Muzeyinə hədiyyə edən Şəhid Tural Firəddin oğlu Qubatovun ailəsi Xalçanı muzeyə hədiyyə etməklə rayon mədəniyyətinə göstərdikləri diqqətə görə tədbir zamanı muzeyin direktor v.i.e Xalisə Məmmədova tərəfindən təşəkkürnamə ilə təltif edildi. Qeyd edək ki, sərgi oktyabr ayının 28-nə qədər davam edəcəkdir.
Kanal32.az