Vladimir Putin KTMT-nin son toplantısında Ermənistanın bu təşkilatdakı davranışları, daha doğrusu, KTMT ilə “məsafə saxlaması” məsələsinə toxunub. Məlum olduğu kimi, rəsmi İrəvan KTMT-nin tədbirlərinə qatılmasa da, eyni zamanda təşkilatı tərk etmir. Bu isə təşkilata üzv ölkələr tərəfindən birmənalı qarşılanmır.
Kanal32.az xəbər verir ki, KTMT-nin son iclasında Ermənistanla bağlı vəziyyəti şərh edən Putin İrəvanın KTMT-də tam iştiraka qayıdacağını istisna etməyib: “Ermənistan fasilə verdiyini bəyan edib, təşkilatdan çıxdığını elan etməyib. Ermənistan bugünkü iclasda qəbul edilən bütün sənədləri dəstəkləyir və bizim diqqətimizi buna yönəldir. Əgər belədirsə, o zaman Ermənistanın KTMT çərçivəsində tamhüquqlu işə qayıtması imkanı mövcuddur. Baxarıq…”
Daha sonra Putin Ermənistanın KTMT ilə bağlı davranışlarını özünəməxsus şəkildə ölkə daxilindəki vəziyyət və Qarabağla əlaqələndirib: “Ermənistanla KTMT arasındakı mövcud vəziyyəti çox güman ki, Ermənistanın özündəki daxili siyasi proseslər diktə edir. Təbii ki, bütün bunlar Qarabağdakı böhranın nəticələri ilə bağlıdır. Ermənistana qarşı heç bir xarici təcavüz olmayıb. KTMT isə xarici təcavüzdən qorunmaq üçün yaradılıb… Qarabağla bağlı hadisələrin özünəməxsus xüsusiyyətləri var, çünki Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və təbii ki, onu öz dövlət perimetrinə daxil etməyib. Bu o deməkdir ki, Qarabağda baş verənlərin hüquqi baxımdan Ermənistanla birbaşa əlaqəsi olmayıb”.
Münaqişənin bitməsindən və Azərbaycanın qəti qələbəsindən bir neçə il keçməsinə baxmayaraq, Rusiya başçısının yenidən Qarabağ mövzusunda nəsə deməsi heç də müsbət hal sayıla bilməz. Doğrudur, Putin bir tərəfdən bu məsələ ilə bağlı əvvəlki tezislərini təkrarlayaraq, bir növ Ermənistanın müharibədəki məğlubiyyətinə görə məsuliyyəti KTMT-nin üzərindən atmağa çalışıb. Lakin onun bunu “Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və öz dövlət perimetrinə daxil etmirdi” kimi ifadələrlə əsaslandırması qəti qəbuledilməzdir. Putinin sözlərindən belə çıxır ki, əgər Ermənistan Qarabağdakı keçmiş qondarma qurumun “müstəqilliyini tanısaydı”, yaxud bizim əraziləri rəsmən özününkü elan etsəydi, KTMT-nin hərbi müdaxiləsi üçün hüquqi əsas yaranardı? Məlum olduğu kimi, bu absurd, irticaçı və işğalçı yanaşmanı Putin bu gün Ukraynada tətbiq etməkdədir. Əvvəlcə qondarma “dnr” və “lnr”-in “müstəqilliyini” tanıyan Moskva daha sonra bir qədər də irəli gedərək, Ukraynanın beynəlxalq hüquq tərəfindən tanınan suveren ərazisinə aid dörd vilayəti öz əraziləri elan edərək, bunu konstitusiyasına saldı. Bu yolla açıq işğal faktına qondarma hüquqi don geydirməyə çalışan Putin sanki Ermənistana da vaxtında eyni üsuldan istifadə etmədiyinə görə irad bildirir. Bütün bunların fonunda Azərbaycanın İrəvandan Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi idialarının çıxarılmasını tələb etməsi və bunu sülh imzalamaq üçün şərt kimi qoyması olduqca başadüşüləndir.
Onu da unutmayaq ki, hətta 44 günlük müharibədən sonra da Kreml münaqişənin tam bitməsinə imkan vermirdi və onun həllini “gələcək nəsillərə” saxlamaq istəyirdi. Son çıxışında Rusiyanın XİN başçısı Sergey Lavrov da Azərbaycanla Ermənistanın sülh imzalamağa hazır olmadığını, bunun üçün uzun vaxta ehtiyac olduğunu dedi. Bütün bunlar Rusiyanın hələ də bölgəmizdəki vəziyyəti müxtəlif manipulyasiyalar və gərginlik ocaqları yaratmaqla öz nəzarətində saxlamaqda maraqlı olduğunu, gerçək sülhün, inkişafın əldə olunmasını istəmədiyini göstərir. Lakin Azərbaycan qardaş və müttəfiq Türkiyə ilə birgə əvvəlki acılı günlərin qayıtmasına imkan verməyəcək. Azərbaycan ordusunun, xalqının, iqtidarının qətiyyəti və şücaəti sayəsində qaytarılan torpaqlarımız heç zaman başqa dövlətlərin bölgəmizdəki geosiyasi maraqlarının təmin edilməsində alət kimi istifadə olunmayacaq.
C.Məmmədov
“AzPolitika.info”