Mingəçevir məktəblərində “Narkomaniyaya yox deyək”adlı tədbirlər davam edir.
Kanal32.az-ın məlumatına görə,Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 saylı tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Polis əməkdaşları, müəllimlər və şagirdlərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə məktəbin direktoru Azər Qazıyev çıxış edərək polis əməkdaşlarına məktəb haqqında ətraflı məlumat verib. Polis rəisinə söz verərək zərərli vərdişlərin fəsadları barədə şagirdləri maarifləndirdikləri üçün minnətdarlıq bildirib. Görüşdə çıxış edən şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, insan sağlamlığına ziyanından danışıb.
Ölkəmizdə “ağ ölüm”ə qarşı ciddi mübarizə aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində hüquq-mühafizə orqanları tərəfindən uğurlu tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb və gənclərə bu bəladan hər zaman uzaq durmalarını, sosial şəbəkələrdən istifadədə ehtiyatlı olmalarını, təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə edib. Rəis gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə iştirakçılara polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumat verib. O, həmçinin qeyd edib ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzi formalaşdırmaq üçün birgə mübarizə aparmalı, maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Rəis narkomaniyaya qarşı mübarizənin daha faydalı olması üçün gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında valideynlərin, müəllimlərin, eləcə də məktəb psixoloqlarının yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.
Tədbirdə polis əməkdaşları “Narkomaniya”, “Dini ekstremizm və radikalizm”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyi”, “Ümumi cinayət məcəllələri ilə bağlı” mövzularda çıxış ediblər. Tədbirdə Mingəçevir şəhər təhsil sektorunun məsləhətçisi Qorxmaz Abbaszadə öz çıxışında narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir deyib. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür.
Narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və məktəbliləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.
Esmira Hidayətova,
Mingəçevir