Operativ Qərargah toylarla bağlı yeni QƏRAR VERDİ

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilib.

Kanal32.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, toy məclislərinin COVID-19 pasportu olmadan 50 nəfərin iştirakı ilə keçirilməsi qadağan olunub.

Belə ki, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.

Qeyd edək ki, bundan öncə COVID-19 pasportu olmadan 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.

Nazirlər Kabinetindən yeni qərarla bağlı o da bildirilib ki, 2021-ci il 1 sentyabr tarixindən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb ediləcək.

Yəni 150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirakla bağlı mövcud olan bütün tələblər 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də tətbiq olunacaq.

Bu Qərar qəbul olunanadək 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.