Prezident İlham Əliyev Azərbaycan Respublikasının bütün regionlarının inkişafı məsələlərini daim nəzarətində saxlayır, işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı bütün sahələri və bütün bölgələrimizi əhatə edir. Bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işləri davam etdirilir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 12 avqust 2022 ci il tarixində Qobustan, İsmayıllı və Ağsuya səfəri zamanı yeni istifadəyə verilən infrastruktur layihələri bunu bir daha təsdiqləyir.
Həmin səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib.Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə günümüzün ən aktual məsələlərinə toxunaraq ölkəmizdə görülən və görüləcək işlərdən danışdı.
Hazırda Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda öz gücünə yenidənqurma işlərini reallaşdırır. Zəngəzur dəhlizinin açılması istiqamətində çox mühüm layihələr həyata keçirilir. Amma Ermənistan yenə də bu prosesdə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Müxtəlif bəhanələr gətirərək Azərbaycanı yenə qıcıqlandırır.
İlham Əliyev bildirdi ki, Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər həmin ərazilərdən çıxmaq üçün Azərbaycandan avqustun sonuna qədər vaxt istəyiblər: “Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir”.
Orada yaşayanların müxtəlif fikirlər səsləndirməsi vəziyyəti yenə də gərginləşdirir. Azərbaycan Prezidenti həmin şəxslərə səslənərək “Yenə də bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır”, – deyə bəyan edib.
Azərbaycan üzərinə götürdüyü öhdəliklərinə sadiqdir. Azərbaycan Laçın yolunu da açıb, digər addımları da öhdəliklər əsasında atıb. Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. İlham Əliyev də qəti şəkildə bəyan etdi ki, Ermənistanın başqa yolu yoxdur, vaxt uzatmaq bu ölkəyə heç nə verməyəcək. Çünki bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır. Azərbaycanın həm hərbi, həm iqtisadi, həm də siyasi gücü, çəkisi gündən-günə artmaqdadır. Ermənistan isə faktiki olaraq təklənibdir. Ona görə ki, dünya bu ölkənin haqsız olduğuna şahidlik edir.
Ramilə Seyidova
Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri