“Azərbaycan Müəllimi” qəzeti, 01.11.2025-ci il buraxılışı. Aynur Arazqızı
Elm, sənaye və gəncliyin bir araya gəldiyi platforma
Oktyabrın 24-də Mingəçevir Dövlət Universiteti (MDU) növbəti dəfə təhsillə istehsalat arasında strateji körpü rolunu təsdiqlədi. “HBN Group” və Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə təşkil olunan “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” artıq təkcə bir tədbir deyil, regionun inkişaf modelinə çevrilib. Sammitin əsas tərəfdaşı kimi çıxış edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Job in Global” şirkəti (gümüş sponsor) bu təşəbbüsün milli səviyyədə əhəmiyyətini daha da artırdı.
“Regiondan qlobala” – yeni inkişaf fəlsəfəsi
MDU-nun rektoru, dosent Anar Eminov sammitin mahiyyətini bir cümlə ilə belə ifadə etdi: “Bu platforma regionun təhsil, sənaye və innovasiya gücünü birləşdirən gələcəyə yönəlik birlikdir.”
Rektorun sözlərinə görə, “Regiondan Qlobala” konsepsiyası Mingəçeviri təkcə Azərbaycanın enerji paytaxtı deyil, həm də elm və sənaye sintezinin innovativ mərkəzinə çevirməyi qarşıya məqsəd qoyur.
Sammit çərçivəsində 110 dövlət və özəl müəssisə tərəfindən 683 vakansiya və 787 təcrübə proqramı təqdim edilib, 90 startap layihəsi isə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bu rəqəmlər təsadüfi deyil – onlar MDU-nun əmək bazarına və innovasiya ekosisteminə verdiyi real töhfəni göstərir.

Rəqəmsal iqtisadiyyatın təməl daşı – universitet–sənaye əməkdaşlığı
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sammitin şəhər üçün strateji əhəmiyyət daşıdığını vurğuladı: “Belə tədbirlər regionun iqtisadi dinamizmini artırır, gənclərin karyera üfüqlərini genişləndirir.”
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdət Həsənov isə universitetlərin sənayeyə yaxınlaşmasını təhsilin yeni mərhələsi kimi dəyərləndirdi. O qeyd etdi ki, tətbiqyönümlü bilik və bacarıqların artırılması yalnız belə platformalar vasitəsilə mümkündür.
“HBN Group”un icraçı direktoru Tariyel Dövlətov sammitin ideya müəlliflərindən biri kimi, layihənin təhsil–biznes əməkdaşlığının təbii nəticəsi olduğunu söylədi. ATİB sədri Mürsəl Rüstəmov isə tədbiri iki qardaş ölkə arasında iqtisadi və akademik əlaqələrin dərinləşməsinin simvolu kimi qiymətləndirdi.
Tərəfdaşlıqlar, imzalar və yeni başlanğıclar
Sammit çərçivəsində MDU bir sıra nüfuzlu qurumlarla – Dövlət Məşğulluq Agentliyi (DMA), Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Azərbaycan HR İnstitutu, ASK, və “Proqress” Təlim və Tədris Mərkəzi ilə əməkdaşlıq memorandumları imzaladı. Bu sənədlər regional iqtisadi inkişafı, rəqəmsal bacarıqların artırılmasını və gənclərin məşğulluğunu hədəfləyən konkret layihələr üçün hüquqi zəmin yaradır.
DMA ilə birgə keçirilən Karyera Sərgisi isə sammitin ən canlı hissələrindən biri oldu. Sərgidə 100-dən artıq şirkət fəaliyyət istiqamətlərini təqdim etdi, tələbələrlə fərdi görüşlər keçirildi, gənclər öz bacarıqlarını sərgilədi. Bu, həm də universitetin açıq əmək bazarına inteqrasiyasının göstəricisidir.

Sərgidə – bilik, yaradıcılıq və texnologiyanın birliyi
Sammit çərçivəsində təşkil olunan Karyera və İnnovasiya Sərgisi tədbirin ən canlı hissələrindən biri idi. Sərgi salonunda müxtəlif sahələri təmsil edən stendlər gənclərlə iş dünyasının birbaşa təmasını təmin edirdi.
Burada Bookzone, Dastan və Kibu Nəşriyyatlarının birgə stendi xüsusilə diqqət çəkirdi. Ziyarətçilər arasında MDU-nun tələbələri, müəllimləri və region məktəblərinin nümayəndələri də vardı.
Bookzone nəşriyyatının direktoru Seymur Tağıyev bizimlə söhbətində tədbirdən məmnunluğunu ifadə etdi:
“Bu sammitin enerjisini hiss etmək mümkün deyil, onu yaşamaq lazımdır. Gənclərin elmə, kitaba marağı bizi çox sevindirdi. Biz tezliklə MDU-da müəllim və tələbələr üçün geniş kitab sərgisi təşkil etməyi planlaşdırırıq. Məqsədimiz mütaliə mədəniyyətini gücləndirmək və regionda kitab sənayesinə yeni nəfəs gətirməkdir.”
Seymur bəyin sözlərinə görə, yaxın aylarda MDU-nun kitabxanasında keçiriləcək sərgi həm yeni nəşrlərin təqdimatı, həm də müəllim və tələbələrlə müzakirə formatında olacaq.
ADMİU nümayəndəsi: “Təhsil və sənaye dialoqu inkişafın açarıdır”
Sammitdə iştirak edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tədris şöbəsinin “Ömürboyu təhsil, karyera və məzunlarla iş” bölməsinin rəhbəri, dosent Gülnarə Məmmədova tədbirin mahiyyətini belə dəyərləndirdi:
“Bu cür sammitlər tələbə və məzunlara təhsildən birbaşa iş dünyasına daxil olmaq, karyera qurmaq üçün real imkanlar yaradır. Universitet və sənaye arasında qurulan körpü artıq ideyadan çıxaraq praktik nəticələr verməyə başlayıb. MDU-nun təşəbbüsü regionlarda yeni təhsil–iş modeli formalaşdırır.”

Media sektoru da ön sırada
Tədbirdə yaradıcı sənayenin və media sektorunun təmsilçiləri də yer almışdı. EL Televiziyası və Qafqaz TV öz stendləri ilə Sammitin informasiya dəstəyini təmin etdilər.
EL Televiziyası şirkətinin rəhbəri İqbal Məmmədəliyev dedi:
“Biz bu tədbiri sadəcə reportaj kimi deyil, bir inkişaf hadisəsi kimi görürük. Universitet və sənaye birliyinin regionlarda bu qədər aktiv qurulması ölkənin gələcək media və kommunikasiya mühitinə də müsbət təsir göstərəcək. EL TV olaraq bu prosesi işıqlandırmaqla yanaşı sənaye olaraq da tədbirdə stendimizlə iştirak etməkdən, tələbələri maarifləndirməkdən məmnunluq duyduq.
“Bu sammit həmçinin gənclərin Qarabağa dönüş yoludur”
Sərgidə iştirak edən Kəlbəcər məktəbinin müəllimi, “Kanal32” Media Şəbəkəsinin təsisçisi İnqilab Şirinli isə tədbirin sosial və mənəvi aspektlərinə diqqət çəkdi:
“Bu sammit mənim üçün təkcə təhsil və karyera hadisəsi deyil, həm də Qarabağa qayıdışın rəmzidir. Gənclərin burada gördükləri imkanlar onların gələcəkdə doğma yurdlarına innovativ biliklərlə dönməsinə şərait yaradacaq. Təhsil müstəqilliyin təməlidir, MDU isə bu təməlin regiondakı dayaq nöqtəsidir.”

İnnovasiya və Cambridge uğuru – MDU müəllimləri beynəlxalq arenada
Sammitin sonunda diqqət çəkən anlardan biri də MDU müəllimlərinin beynəlxalq uğurları ilə bağlı idi. ITAC imtahan mərkəzinin rəhbəri və Cambridge imtahanları üzrə koordinator Həsrət Şıxbabayev və Cambridge Resource Center-in koordinatoru, ingilis dili müəllimi Lalə Rüstəmova universitetin son nailiyyətlərindən danışdılar.
Lalə xanım bildirdi ki “Mingəçevir Dövlət Universitetinin müəllimləri bu il Cambridge Teaching Knowledge Test (TKT) Module 1 imtahanında yüksək nəticə göstərərək beynəlxalq sertifikatlar qazandılar. Bu nailiyyət MDU ilə ITAC arasında qurulan əməkdaşlığın real nəticəsidir. Növbəti addım isə artıq bəllidir — Mingəçevirdə və region məktəblərində ‘Cambridge English Qualifications’ üzrə İngilis dili Yarışması keçiriləcək. Bu yarışma məktəblilərə öz biliklərini beynəlxalq səviyyədə sınamaq imkanı verəcək.”

Startap ekosistemi – regiondan doğan ideyalar
“UniStartup” müsabiqəsi çərçivəsində MDU və digər region universitetlərinin gəncləri 90-a yaxın innovativ layihə ilə çıxış etdilər. Bu ideyalar “SmartNation”, “HTEC-Invest”, Rəqəmsal İnkişaf Agentliyi və “Synergy Consulting” kimi qurumların ekspertləri tərəfindən dəyərləndirildi. Gənclərin enerjisi və yaradıcı baxış bu sammiti təkcə karyera deyil, həm də inkişaf laboratoriyasına çevirdi.
Eyni zamanda, “Mutfakçı” şirkətinin rəhbəri İlkin Manafov və “Resource HUB” MMC-nin direktoru Gülnarə İsmayılova tərəfindən keçirilən master-klasslar gənclərin biznes və liderlik bacarıqlarının inkişafına yönəldi.
MDU – regionun gələcəyini formalaşdıran universitet
“Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” göstərdi ki, təhsil təkcə auditoriyada deyil, həm də ictimai və iqtisadi proseslərin mərkəzində olmalıdır. Bu sammit Mingəçeviri bir daha regiondan qlobal məkana uzanan elmi və sənaye körpüsünün başlanğıc nöqtəsinə çevirdi.
Gənclərin, iş adamlarının, müəllimlərin və universitetlərin bir platformada görüşməsi gələcək Azərbaycanın ən güclü sərmayəsinin — insan kapitalının formalaşdığını sübut etdi.
“Regional Universitet–Sənaye Birliyi Sammiti” yeni inkişaf mərhələsinin adı, regiondan qlobal məkana uzanan yolun başlanğıcıdır. MDU bu istiqamətdə təkcə elm mərkəzi kimi deyil, həm də sənaye və innovasiya diplomatiyasının aparıcı ünvanı kimi formalaşır.
Bu sammit göstərdi ki, Azərbaycan təhsili artıq regionlarda da dünya miqyasında danışılan dəyərlər yaradır. Mingəçevirin Kür sahilində başlanan bu təşəbbüs, əslində, gələcəyin iqtisadi, elmi və sosial xəritəsində Azərbaycanın yerini bir daha möhkəmləndirir.