Müasir texnoloji diskursda ölümsüzlük artıq mifoloji və ya dini anlayış kimi yox, texniki problem kimi təqdim olunur. Bu yanaşmanın ən məşhur simalarından biri Elon Muskdır. Onun “insanı ölümsüz etmək üçün ona yüklənmiş proqramı dəyişmək lazımdır” fikri sadəcə futurist metafora deyil. Bu fikir bütöv bir yeni ideologiyanın qısa ifadəsidir.
Bu ideologiyanın mərkəzində bir iddia dayanır: insan təbiət deyil, konfiqurasiyadır.
Texnoloji elitlər insanı bioloji aparat, neyron şəbəkə və davranış modeli kimi oxuyur. Bu baxışda ölüm qaçılmaz son yox, dizayn qüsuru kimi qəbul edilir. Yaşlanma isə təbii proses deyil, dəyişdirilə bilən kod sayılır. Məhz burada təhlükəli dönüş başlayır. Çünki biologiyada ölüm səhv deyil, funksiyadır. Ölüm fərdi yox, növü qoruyan mexanizmdir. Onu ləğv etmək təkcə insan ömrünü uzatmaq deyil, insan anlayışının özünü dəyişmək deməkdir.
Tarix boyu ölümsüzlük ideyası hamı üçün deyil, həmişə seçilmişlər üçün nəzərdə tutulub. Dünən bu sehr, din və mif idi, bu gün isə laboratoriya, çip və alqoritmdir. Texnoloji ölümsüzlük də eyni məntiq üzərində qurulur. O bahalıdır, mürəkkəbdir və infrastrukturla yanaşı məlumat monopoliya¬sı tələb edir. Bu isə qaçılmaz olaraq iki sinifli bəşəriyyət yaradır: ölümü yenə bilənlər və ölümü yaşamağa məcbur olanlar.
Ölümsüzlük ideoloqları iddia edir ki, insan yaddaşı və şüuru kopyalana bilər. Amma əsas sual cavabsız qalır. Şüur informasiya toplumudurmu, yoxsa yaşanmışların cəmidir? Yaddaşı köçürmək mümkündür. Davranışı modelləşdirmək olar. Amma ağrını, qorxunu, peşmanlığı kopyalamaq olmur. Kopyalanan “mən” mən olmur. O, mənim simulyasiyamdır. Bu isə ölümsüzlük deyil, rəqəmsal kölgədir.
Yeni elitizm klassik elitizmdən fərqlidir. Əvvəllər elitlik torpaq, silah və kapital üzərində qurulurdu. Bu gün isə məlumat üzərində nəzarətə, texnologiyaya çıxışa və insanın öz biologiyasını dəyişmək imkanına əsaslanır. Bu, sadəcə sosial fərq deyil. Bu, ontoloji fərqdir. Bir qrup insan ölümlü qalır, digəri isə yenilənə bilən varlıq statusu alır. Beləliklə, bərabərlik anlayışı pozulmur, mənasızlaşır.
Ölüm yalnız son deyil. O məsuliyyət yaradır, mənanı sıxlaşdırır və zamanı qiymətli edir. Ölümsüz insan üçün tələskənlik yoxdur. Tələskənlik yoxdursa, seçim də yoxdur. Seçim yoxdursa, əxlaq aşınır. Sonsuz zaman qarşısında vicdan da, risk də ucuzlaşır. Bu səbəbdən ölümün ləğvi insanı gücləndirmir, onu etik cəhətdən zəiflədir.
Nəticə etibarilə ölümsüzlük ideologiyası insanı xilas etməyi vəd edir, amma əslində onu dəyişdirməyi planlayır. Bu dəyişiklik bəşəriyyətin hamısı üçün deyil, texnologiyaya sahib olan azlıq üçün nəzərdə tutulur. Məsələ ömrün uzunluğu deyil. Məsələ kimlərin ölümlə vidalaşa biləcəyidir.
Əgər ölümsüzlük seçilmişlər üçün mümkün olarsa, bu artıq elmi nailiyyət yox, yeni elitizmin manifesti olacaq. Və o dünyada insan ölümdən xilas ola bilər, amma insanlıqdan yox.
Elbəyi Həsənli. Sürix
Növbəti xəbər