Ölkənin ən vicdanlı hakimi vəkillərin müdafiəsinə qalxdı

Xatırladaq ki, son günlər qanunvericiliyə edilmiş dəyişiklərə istinad edən bəzi hakimlər vəkillərin vəsatətlərini rədd edir. Bu isə vəkillik institutu  ilə məhkəmələr arasında mübahisələrə səbəb olub.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov son günlərin aktual mövzusuna dair fikirlərini yazıb.

Kanal32.az gununsesi.info-ya istinadən hakimin qeydlərini təqdim edir:

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən “Cinayət prosesində müdafiə tərəfinin vəsatətlərinin həlli ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi barədə” izah qərarının qəbul edilməsinə zərurət var.

Müqayisə üçün qeyd edək ki, RF Ali Məhkəməsinin Plenumu cinayət-prosessual sahədə vacib məsələlər üzrə izah qərarları qəbul edib. Məsələn, “Cinayət mühakimə icraatında müdafiə hüququnu təmin edən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi barədə” 30.06.2015-ci il tarixli, 29 №-li qərar; “Birinci instansiya məhkəmələrində cinayət işlərinə baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsi barədə” 19.12.2017-ci il tarixli, 51 №-li qərar; “Cinayət-prosessual qanunvericiliyin cinayət işinin məhkəmə baxışına hazırlanmasını nizamlayan normalarının məhkəmələr tərəfindən tətbiqi barədə” 22.12.2009-cu il tarixli, 28 №-li qərar; “Cinayət işləri üzrə məhkəmə ekspertizası barədə” 21.12.2010-cu il tarixli, 28 №-li qərar; “Məhkəmələr tərəfindən RF Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiqi barədə” 05.03.2004-cü il tarixli, 1 №-li qərar; “Cinayət işləri üzrə mülki iddialara məhkəmələrdə baxılması təcrübəsi barədə” 13.10.2020-ci il tarixli, 23 №-li qərar və s. çoxsaylı qərarlar.

RF Ali Məhkəməsinin Plenumu izah qərarlarında müdafiə hüququ və vəsatətlərlə bağlı müxtəlif izahlar verib. Məs., “Birinci instansiya məhkəmələrində cinayət işlərinə baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsi barədə” 19.12.2017-ci il tarixli qərarın 5-ci bəndinin 1-ci və 2-ci abzaslarına görə işə baxılmasına başlanmasına qədər daxil olmuş, yaxud məhkəmə iclasının hazırlıq hissəsində verilmiş vəsatətlər onların elan edilməsindən və müzakirəsindən bilavasitə sonra həll olunur. Plenum daha sonra qeyd edir ki, məhkəmə araşdırmasının bu hissəsində vəsatətin həlli üçün zəruri olan kifayət qədər məlumat olmadıqda hakim vəsatəti əsaslandıran əlavə materialların təqdim edilməsini tərəflərə təklif etməkdə və belə materialların tələb edilməsində onlara kömək etməkdə, o cümlədən qanuni və əsaslı qərar qəbul etmək üçün digər tədbirlər görməkdə haqlıdır. Bu izahla bağlı misal göstərək: Əgər müdafiəçi şahidin dindirilməsi barədə vəsatət verirsə, lakin şahidin ünvanını göstərə bilmirsə, hakim vəsatəti rədd etməli deyil, şahidin ünvanını müəyyən etməkdə müdafiəçiyə kömək etməlidir: şahidin soyadı, adı və ata adı üzrə “Elektron Məhkəmə” İnformasiya Sistemində axtarış verməklə onun ünvanını müəyyən etməlidir.

AR Ali Məhkəməsi Plenumunun müdafiə hüququ ilə bağlı izah qərarı yoxdur. Cinayət və cinayət-prosessual sahədə Plenum əsasən ittiham tərəfini maraqlandıran məsələlər üzrə izahlar verib: təqsirləndirilən şəxs necə mühakimə olunmalıdır, necə cəza təyin olunmalıdır, cəzaçəkmə müəssisəsinin növü necə müəyyən olunmalıdır və s. Yalnız 27 il bundan əvvəl – 02.12.1994-cü ildə Ali Məhkəmənin Plenumu tərəfindən qəbul olunmuş “Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərar mövcuddur. O zaman hazırkı Konstitusiya və CPM hələ qəbul olunmamışdı. Həmin qərarda qeyd olunub: “Məhkəmə təcrübəsi göstərir ki, müttəhimin müdafiə hüququnun təmin olunması barədəki konstitusiya prinsipi məhkəmələr tərəfindən əsasən gözlənilir və bu da öz növbəsində ədalət mühakiməsinin keyfiyyətinə müsbət təsir göstərir”. Qərar hazırda da Ali Məhkəmənin internet səhifəsindədir.

Əgər AR Ali Məhkəmənin Plenumu “Cinayət prosesində müdafiə tərəfinin vəsatətlərinin həlli ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi barədə” izah qərarı qəbul etsə, bu, “vəsatətlərin rədd edilməsi barədə” açıq-aşkar əsassız qərarların qəbul edilməsinin qarşısını almağa kömək edə bilər. Məhz Ali Məhkəmə mülki prosesdə açıq-aşkar əsassız vəsatət verən vəkillərin cərimələnməsi barədə təşəbbüs irəli sürmüşdü. İndi isə əksinə, cinayət prosesində vəkillərin açıq-aşkar əsassız qərarlardan qorunması üçün tədbir görülməlidir, yəni izah qərarı qəbul olunmalıdır. Ola bilməz ki, açıq-aşkar əsassız vəsatət verən vəkil olsun, ancaq açıq-aşkar əsassız qərar qəbul edən hakim olmasın.

Namiq Cəfərov

Bakı Apelyasiya Məhkəməsinin hakimi