Oktyabrın 8-də Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın – “ictimaishura.az” saytının təqdimatı keçirilib.
Tədbirin moderatoru, layihə eksperti Cəsarət Hüseynzadə diqqətə çatdırıb ki, bu platforma ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti – ECSOFT” proqramı çərçivəsində “İctimai Şuralar üçün onlayn portalın yaradılması” layihəsi formatında ərsəyə gəlib.
Cəsarət Hüseynzadə bildirib ki, son dövrlər ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafı üçün müxtəlif addımların atıldığını deyib. Bildirilib ki, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunu artırmaq üçün mərkəzi və yerli icra hakimiyyətləri yanında İctimai Şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biridir. Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planında “İctimai Şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış İctimai Şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, İctimai Şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi” qeyd olunur.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiya direktoru Jay Singh çıxışında bildirib ki, oxşar platformalar bəzi ölkələrdə də mövcuddur. USAİD missiya rəhbəri qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycanda ictimai iştirakçılığın və onun əsas mexanizmlərindən biri olan İctimai Şuraların inkişaf etdirlməsi istiqamətində tövhə verməkdən məmnundur. Jay Singh USAID-in bu istiqamətdə Azərbaycanın səylərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.
“MG Consulting” MMC-nin direktoru, QHT qanunvericiliyi üzrə ekspert Məhəmməd Quluzadə çıxışında “ECSOFT” proqramı haqqında məlumat verərək bildirib ki, ictimaishura.az saytı bu proqram çərçivəsində hazırlanan 2-ci platformadır. Bundan öncə E-Nəzarət Platforması (www.enezaret.az) fəaliyyətə başlayıb. Məhəmməd Quluzadə bildirib “ECSOFT” proqramı çərçivəsində dövlət qurumları ilə geniş əməkdaşlıq qurulub və həmin qurumların əməkdaşları üçün treninqlər təşkil edilib. Proqramın müxtəlif fəaliyyət istiqamətləri ilə QHT-lərlə də geniş əməkdaşlıq həyata keçirilib.
Daha sonra layihənin eksperti və ictimaishura.az saytının rəhbəri Cəsarət Hüseynzadə əyani formada saytın təqdimatını edib və görülən işlər barəsində məlumat verib.
Qeyd olunub ki, ötən ilin sonuna kimi 12 mərkəzi icra hakimiyyəti yanında ictimai şura fəaliyyət göstərib. “Milli Fəaliyyət Planı” çərçivəsində görülən tədbirlər nəticəsində hazırda mərkəzi icra hakimiyyəti yanında İctimai Şuraların sayı 20-yə çatıb. Bu ilin 9 ayı ərzində 14 nazirlik, dövlət komitəsi və xidmətləri yanında İctimai Şuralara seçkilər keçirilib. Bu baxımdan “Milli Fəaliyyət Planı”na qeyd olunun istiqamətlər üzrə töhfələr vermək məqsədilə 2021-ci ilin əvvəlindən “ictimaishura.az” platformasının yaradılmasına start verilib.
.
Layihənin əsas məqsədi İctimai Şuralar barədə ictimaiyyətin məlumatlığını artırmaq və onlarla qarşılıqlı əlaqə yaratmaqla fəaliyyət göstərdikləri dövlət qurumlarının işində şəffaflığının artırılmasıdır. Platforma 30 mərkəzi və yerli icra hakimiyyəti yanında İctimai Şuranı əhatə edir. İctimai Şuraların sayı çoxaldıqca platformadakı şuraların da sayı paralel olaraq artacaq. Sayt xəbərlər, elanlar, seçki, qanunvericilik, nəşrlər, hesabatlar, multimedia və İctimai Şuralar bölməsindən ibarətdir. İctimai Şuralar bölməsində mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və digər qurumlar yanında İctimai Şuralar kataloqu mövcuddur. Bu bölmələr üzrə yaradılan İctimai Şuralar haqqında məlumatların bazası formalaşdırılıb. Funksionallığı və əlçatanlığı təmin etmək məqsədilə platforma üzərindən İctimai Şuralar üçün subsaytlar yaradılıb. Sayt, eyni zamanda, İctimai Şuralar üçün öz subsaytlarını idarə etmək kimi texniki imkanlara da sahibdir. Həmin subsaytlarda İctimai Şuranın bazasının bölmələr üzrə formalaşdırılması üçün imkanlar mövcuddur.
Layihə çərçivəsində, eyni zamanda, cari ilin 9 ayı ərzində 14 mərkəzi İcra Hakimiyyəti və 3 digər qurum yanında İctimai Şuraya keçirilən seçkilərlə bağlı məlumatlandırma, maarifləndirmə və monitorinq tədbirləri həyata keçirilib. İctimai Şuralara seçkilərlə bağlı saytda, sosial şəbəkələrdə məlumatlar verilib və elektron poster yayımlanıb. Monitorinq çərçivəsində müxtəlif qurumlar yanında İctimai Şuralara keçirilən seçkilərlə əlaqədar qanunvericilik məsələləri ilə bağlı irəli sürülən 13 təklif nəzərə alınıb.
Tədbirdə çıxış edən Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov digər dövlət qurumlarının əməkdaşları və ictimai şura sədrləri bu layihənin informasiya mübadiləsi və qarşılıqlı fəaliyyət üzrə İctimai Şuraların potensialının genişləndirilməsi, ictimaiyyətin məlumatlandırılması və seçkilər də daxil olmaqla İctimai Şuraların fəaliyyətinə nəzarətin artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildiriblər.
Kanal32.az