Kanal32.az “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlının Editor.az-a müsahibəsini təqdim edir.
– Nigar xanım, uzun illərdir aktiv şəkildə sosial layihələr icra edirsiniz. Ancaq sanki cəmiyyət sizin haqqında yetərli qədər məlumatlı deyil. Xahiş edirik bir qədər özünüz haqqında məlumat verəsiniz…
-Mən Nigar Bayramlı Gəncə şəhərində doğulmuşam. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunuyam. Universitet illərindən artıq çalışmağa başlamışam. Amma təəssüflər olsun ki, bu illər ərzində heç bir zaman sosial məsuliyyət layihələri haqqında eşitməmişdim. 2009-ci ildə Bakıda keçirilən xeyriyyə yarmarkalarının birinə dəvət aldım. Gənclər onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün pul toplayırdılar. Məni ora könüllü satıcı qismində dəvət etmişdilər. Düşünürəm ki, o gün mənim üçün həyatımda dönüş nöqtəsi oldu. Düzdür, çox kiçik yaşlarımda atam bizi qardaşımla tez-tez qocalar evinə aparardı. Amma o zaman həmin müəssisələrin nə olduğunu, hansı fəlsəfi məna daşıdığını heç anlamırdıq.
Beləliklə, 2009-cu ildən bir qrup gənclə Bayıl, Şüvəlan qəsəbələrində, Binəqədi rayonunda aztəminatlı ailələrə ərzaq paylanılması aksiyalarında iştirak etdim. Hər kəs öz əmək haqqının bir qismi ilə ərzağın alınmasına yardım edirdi. Necə deyərlər niyyətin hara, mənzilin ora… Həmin ildən sonra həyat elə gətirirdi ki, mən daha çox xeyriyyə yarmarkalarında iştirak etməyə başladım, bu işlə məşğul insanlarla tanış oldum.
-Sizin təşkilat nə vaxt və hansı zərurətdən yaranıb?
-Bu işə yeni başladığım zamanlarda sosial şəbəkədə kiçik qrup açmışdım, özüm oxuyub özüm bəyənirdim… 2012-ci ildən “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətini təsis etdim. Çünki müraciətlər, dəstəklər çoxalırdı. Düşündüm ki, bu işlərin kordinasiya olunmasına ehtiyac var. Şəxsən mən gördüyümüz işləri heç vaxt “xeyriyyə” adlandırmağı sevməmişəm. Bu addımları, layihələri sosial yönümlü işlər kimi qiymətləndirirəm. Biz bugünədək çoxlu sayda məktəb, bağça, reabilitasiya mərkəzləri təmir etmişik, sıfırdan evlər tikmişik. Atdığımız bütün addımlar cəmiyyətimizə fayda verməyə, uşaqların gələcəyini dəstəkləməyə yönəlib.
“Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətini əsas məqsədi isə əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası, reabilitasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və arzularının gerçəkləşməsinə dəstək verməkdir.
– Bütün dünya, o cümlədən ölkəmiz üçün həssas dövr olan koronavirus pandemiyası və Vətən müharibəsi zamanı təşkilatınız tərəfindən hansı işlər görülüb?
-Pandemiya zamanı bütün dünya, eyni zamanda ölkəmizin çətin vaxtlarında may ayından başlayaraq yüzlərlə insana, xüsusən də rayonlarda yaşayan aztəminatlı ailələr, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ərzaq, geyim, dərmanlar təmin etdik. Bakı şəhəri və ətraf rayonlara mütəmadi olaraq yardımlar çatdırılırdı. Koronavirus pandemiyası zamanı mövcud məhdudiyyətlər zamanı fəaliyyətimizdə dəstək verən müvafiq qurumlara təşəkkür etmək istəyirəm.
44 günlük müharibə Vətənimiz üçün nə qədər çətin və ağır olsa da sonu zəfərlə yekunlaşdı. Biz şərəfli qələbə qazandıq. Gənclər olaraq ilk gündən hər zaman qələbəmizə inanırdıq. Bu müddətdə Azərbaycan dövləti, xalqı bütün qurumları və imkanları ilə ordunun yanında idi. Lakin biz də bu məsuliyyətli dövrdə vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışdıq. Təşkilatımız tərəfindən ilk olaraq Bərdə rayonunda əsgərlərə lazımi yardımlar edildi. Həftə sonraları isə daha çox ermənilərin mülki şəxslərə hücumları zamanı zərər çəkmiş ailələrə, sığınacaqda yerləşən uşaqlara yardımlar çatdırırdıq.
Kədərlə sevincin bir arada olduğu o günlər heç bir zaman yaddaşımızdan silinməyəcək. Qürur duyuram ki,Vətən müharibəsi zamanı vətəndaşlıq borcumu yerinə yetirərək görülən işlərə az da olsa töhfə verdiyim üçün Müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan fəxri fərmanla təltif olunmuşam. Lakin bunu heç bir zaman özüm üçün uğur kimi qiymətləndirməmişəm. Çünki bu prosesdə məndən daha çox əziyyət çəkən müvafiq yardımları edən, maddi dəstəklər göstərən insanlar, xalqımızın nümayəndələri olub. Mənim işim əsasən prosesləri kordinasiya etmək, lazımi məlumatları vermək olub.
/Editor.az/