Niderlandda “21 Azər” hərəkatı ilə bağlı tədbir keçirilib-VİDEO+FOTO

Benilüks Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə 18 dekabr 2023-cü il tarixində Niderlandın Rotterdam şəhərində “21 Azər” hərəkatı ilə bağlı anım tədbiri keçirilib.

“21 Azər” (12 dekabr) 1945-ci ildə Cənubi Azərbaycanda baş  vermiş  milli azadllq hərəkatınin 78-ci ildönümü münasibətilə Benilüks Azərbaycanlıları Konqresi (BAK) tərəfindən Niderland Krallığının  Rotterdam şəhərindəki “Qarabağ” İdman klubunun qərargahında tədbir təşkil edib.

BAK-ın mətbuat xidmətinin Kanal32.az-a verdiyi məlumata görə tədbirdə Niderlandda fəaliyyət göstərən Azərbaycan, türk təşkilat və icma üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Azərbaycanın azadlığı və bütövlüyü yolunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Milli Hökumətinin “Yaşa, yaşa Azərbaycan!” və Dünya Azərbaycanlılarının Milli himnləri səsləndirilib.

Davamında 21 Azər hadisələrini əks etdirən film nümayiş etdirilib.

BAK sədri Elsevər Məmmədov qonaqları salamladıqdan sonra 21 Azər hadisələri haqqında qısa xülasə vermis, xalqımızın tarixində onun mühüm bir hadisə olduğunu diqqətə çatdırıb.

BAK sədrinin müavini Sima Cəfərova isə öz çıxışında XX əsrdə Güney Azərbaycanda baş vermiş mühüm hadisələrdən danışmış, o sırada Səttərxan, Xiyabani, 21 Azər və digər milli oyanış hərəkatları tarixinə iştirakçıların nəzər-diqqətini cəlb etmişdir.  O, eləcə də, Güney azərbaycanlıların demokratiya və ədalətin, milli haqların bərpası, ana dilinin, yerli adət və ənənələrin yaşanması naminə apardıqları mübarizədən danışmışdır.  XX əsrdə baş vermiş 4 inqilabın labüd yaranma səbəblərini açıqlamağa çalışmışdır.  O,eyni zamanda 21 Azər inqilabı nəticəsində Güneydə qurulmuş və bir il fəaliyyət göstərmiş Azərbaycan Milli Hökumətinin apardığı islahatlar və gördükləri işlərdən də söhbət açıb.

Benilüks Azərbaycanlıları Konqresinin Cənubi Azərbaycan üzrə nümayəndəsi Araz Ataxan da 21 Azərdə (12 dekabr1945 ci il) Milli Hökuməti qurmuş, Baş nazir olaraq ona rəhbərlik etmiş Seyid Cəfər Pişəvəri və sonrakı quruculuq işlərində onunla çiyin-çiyinə çalışmış digər ziyalılarımızın həyat və yaradıcılığından, mübarizəsindən danışmışdır. O, bu hərəkatın yaranma zərurəti və inkişaf mərhələləri barədə tarixi faktları ortaya qoymuşdur. Araz Ataxan eyni zamanda Qacarlar İmperiyasınin süqutundan günümüzə kimi Azərbaycanın azadlığı və xalqının milli-mədəni hüquqları uğrunda yorulmadan, davamlı olaraq düşmənə qarşı çarpışan şücaətli mübarizlərin başına gətirilən müsibətlərdən də danışıb.

Ömrü bir il sürmüş Azərbaycan Milli Hökumətinin sürətli inkişafından və beynalxalq müstəvidə apardığı siyasətin önəmindən, eləcə də bu fəaliyyət və hərəkatın genişlənərək yayılmasından və Yaxın və Orta Şərq xalqlarına təsirindən qorxuya düşən beynəlxalq imperialist dairələrin anti milli siyasətindən, eləcə də Sovetlər İttifaqının Azərbaycan xalqına xəyanətindən, İran mərkəzi hökumətinin Azərbaycana göndərdiyi qoşun və hərəkata düşmən qüvvələrin törətdikləri vəhşiliklər və kütləvi qırğınlar nəticəsində 50 min nəfərə yaxın azərbaycanlının axıdılan nahaq qanlarından danışan A.Ataxanın məzmunlu çıxışı iştirakçıların dərin marağına səbəb oldu.

Tədbirdə daha sonra BAK İdarə Heyətinin üzvü, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişiyev də azadlıq hərəkatlarından, 44 günlük Vətən  müharibəsindən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın 30 ildən sonra düşmən caynağından qopmasından və azadlıq məfhumunun aspektlərindən danışıb.

Beynəlxalq Xanımlar Klubunun təsisçisi Kəmalə Cəlilova da öz çıxışında  21 Azər inqilabının Azərbaycanın tarixində  çox  önəmli hadisə  olduğunu vurğulayıb.

Niderland Belçika Azərbaycanlıları Koordinasiya şurasının üzvü Cəfər Gündoğdu da tədbir və 21 Azər hərəkatı barəsində öz mülahizələrini söyləyib.

Sonda tədbirdəki çıxışlar ətrafında fikir mübadiləsi aparılmış, gələcək planlar barədə müzakirələr olub.

   

KANAL32.AZ