Dövlət müstəqilliyinin əldə edilməsi Azərbaycan xalqının qarşısında yeni tarixi vəzifələr qoydu. Bu vəzifələr ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qorumaq , milli dövlət quruculuğu prosesini ardıcıl olaraq həyata keçirmək və demokratik dəyərləri özündə əks etdirərək siyasi sistemi bərqərar etməkdən ibarət idi. Bundan əlavə Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və onun dünya birliyində layiq olduğu yerini tutması üçün geniş və məqsədyönlü iş aparılması tələb olunurdu. İqtisadi sahədə isə azad bazar iqtisadiyyatının və cəmiyyətin hər bir üzvü üçün layiqli həyat şəraitinin təmin edəcək sosial-iqtisadi sistemin yaradılması əsas məqsədlərdən idi. Yuxarıda adlarını sadaladığımız vəzifələrin həyata keçirilməsi cəmiyyət həyatının bütün sferalarında dərin və köklü islahatların aparılmasını tələb edirdi.
Azərbaycanın xarici siyasətində də, əsaslı dönüş ümummilli liderin hakimiyyətə qayıdışından sonra baş verdi. Azərbaycanın beynəlxalq aləmdə tanınması və dünya birliyində layiq olduğu yerini tutması üçün görülən böyük işlər nəticəsində əvvəlki illərdə buraxılmış kobud səhflər aradan qaldırıldı. Azərbaycanın müstəqilliyini, suverenliyini tanıyan dövlətlərin sayı getdikcə artmağa başladı. Ümulli lider Heydər Əliyevin Böyük Britaniyaya, Almaniyaya, Fransaya, Çinə, Rusiya Federasiyasına, ABŞ-a, İtaliyaya və başqa ölkələrə səfərləri xarici siyasət sahəsində əldə olunan uğurların əsas nümunəsi kimi dəyərləndirilməlidir. Səfərlərin hər birində Ulu öndər Heydər Əliyev Erməniztan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətində geniş məlumat vermiş Ermənistan Azərbaycan münaqişəsinin dinc yolla həlledilməsi və Qafqazda sülh yaradılması naminə böyük səylər göstərilmişdir. 1997- ci ilin avqustunda Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-a səfərini xarici siyasət sahəsində ölkəmizin ən böyük uğuru hesab etmək olar. Bu səfər zamanı Ağ evdə imzalanmış birgə bəyanat, neft müqavilələri və digər vacib sənədlər Azərbaycanla ABŞ-ın əməkdaşlığını yeni mərhələyə gətirmişdir.
Azərbaycanın xarici siyasətinin əsas aspektlərinin müəyyənləşdirilməsində Heydər Əliyevin müxtəlif yığıncaqlarda və iclaslarda etdiyi çıxışlar əsas rol oynamışdı. Belə ki, Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisdəki çıxışında Azərbaycan Respublikasının xarici siyasət kursuna toxunaraq demişdi: “Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasətinin hansı istiqamətdə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yarat-malıyıq”(1). O dövr üçün aparılan siyasi kurs göstərir ki, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi Azərbaycanın xarici siyasətin piraritet sahəsi olmuşdur.
Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin qətiyyətlə həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz siyasi və dövlət böhranından xilas oldu. İqtisadi böhran məngəsindən qutardı. Respublikada siyasi və iqtisadi islahatlar həyata keçirilməyə başladı. Prezident Heydər Əliyevin rəhbərliyi altında mülkiyyət münasibətlərini dəyişən özəlləşdirmə proqramı, torpağın xüsusi mülkiyyətə verilməsini nəzərdə tutan “Torpaq islahatı haqqında” və digər bir sıra qanunlar qəbul edildi və həyata keçirilməyə başladı.Azərbaycanın iqtisadiyyatını qaldırmaq, çox zəngin təbii ehtiyatlar potensialını hərəkətə gətirmək, müstəqilliyimizin ilk illərində daha vacib idi. Bunun üçün xarici investisiyanı Azərbaycana cəlb edilməsi zəruri məsələ idi. Bu məqsədlə Xəzər dənizinin Azərbaycan sektorundakı bir sıra neft yataqlarının birgə işlənməsi məsələsinə dair dünyanın iri neft şirkətləri konsorsiumu ilə 1994-cü il sentyabrın 20- də “ Əsrin müqaviləsi ” kimi məşhurlanan böyük neft kontraktının imzalanması Azərbaycanın siyasi, iqtisadi həyatında ən əhəmiyyətli hadisələrdən biri olmuşdu (Qasımov Ş.M. “İpək yolu”nun bərpası Türk birliyinin inkişafında yeni mərhələdir. Uluslararası Türk Dünyası Turizm Sempozyumu. Ankara, 1Ekim 2020, s.650-658).
Azərbaycan Respublikasının Prezidenti сənab Heydər Əliyev imzalanma mərasimində çıxış edərək demişdi: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün , dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu, dünyaya bir daha nümayiş etdirdik. Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycanın iqtisadiyyatına qovuşması üçün şərait yaradırıq…”( Xalq qəzəti, 30 noyabr 1995-ci il ) .
Öz çıxışı ilə Ulu öndər Azərbaycanın iqtisadi siyasətinin əsas aspektlərinə toxunaraq, müstəqil Azərbaycan dövlətinin bazar iqtisadiyyatı yolu ilə getmək əzmində olduğunu və müqaviləni imzalamaqla xarici dövlətlərin Azərbaycana investisiya qoymasına əsaslı yol açıldığını qeyd etmişdi. Bununla yanaşı digər sahələrdə çalışan şirkətlərin də, Azərbaycanda fəaliyyət göstərməsinə zəmin olduğunu göstərirdi. Ölkə başçısı bu fikirləri ilə bir daha Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya nümayiş etdirirdi.
Ümulli lider Heydər Əliyevin çıxışları və məruzələri Azərbaycan Respublikasında Dövlət siyasətinin strateji xəttinin müəyyən edilməsində, siyasi sistemin dərin islahatlarında, bu islahatların daha mütərəqqi əsaslarla aparılmasında konseptual rol oynayırdı. Bu baxımdan Heydər Əliyevin 1993-cü il iyunun 15-də Parlamentdə etdiyi çıxış Azərbaycan Respublikasının gələcək fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsində böyük rola malik olmuşdu. O, çıxışında qeyd etmişdir ki, biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizaiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan illərdən, əsrlərdən sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm də müasir potensialı olduqca böyükdür. Hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil, demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır.
Ulu öndərin Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən biri milli münasibətlərdə mövcud olan gərginliyin aradan qaldırılması və ümumiyyətlə milli məsələyə dair mövcud olan problemlərin aradan qaldırılması olmuşdu. Ulu öndər bəyan edirdi ki, Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların vətəni olub, bundan sonra da, vətəni olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmalıdır. Əgər biz bu məvhumları rəhbər tuta bilsək və bunu əməli sürətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birliyini təmin edə bilərik. Bu bizim əsas vəzifələrimizdən biridir. Güman edirəm ki, biz buna nail olacağıq.
Azərbaycan iqtisadiyyatının gələcək inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin müxtəlif iqtisadi formalarda, toplantılarda etdiyi çıxışlar və söylədiyi nitqlər həlledici rol oynamışdı. Bu baxımdan Heydər Əliyevin müntəzəm olaraq keçirilən “Xəzər neft-qaz” sərgisinin 1996-cı ildəki açılış mərasimində etdiyi çıxışı diqqətə layiqdir. Bu çıxışların hamısında Azərbaycanın iqtisadiyyatının bütün dünyaya açıq olması, onun dünya iqtisadiyyatına inteqrasiya etmək istəyini nümayiş etdirmək məqsədi güdüldüyü aydın görünür. Çıxışlarının birində deyir: “Biz, məhz bu yolla dönmədən gedəcək, azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsiplərini Azərbaycanda dönmədən həyata keçirəcəyik, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə inteqrasiyasının inkişafı üçün bütün ölkələrlə və dünyanın bütün şirkətləri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq edəcəyik” (Respublika qəzeti, 19 sentyabr 1998-ci il).
Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi, layiq olduğu yeri Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra tutdu. Azərbaycanın haqq işi dünya miqyasında tanınmağa başlandı. Daxili vəziyyətin sabitləşməsi nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi barədə xarici neft şirkətləri ilə müqavilə imzalandı, ölkədə siyasi və iqtisadi islahatların, özəlləşdirmənin həyata keçirilməsi imkanı gerçəkləşdi. Azərbay-canda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, demokratik təsisatların yaranmasına yol açan yeni konstitusiya qəbul edildi. İki dəfə demokratik şəraitdə majoritar və proporsional seçki sistemləri əsasında Milli Məclisə seçkilər keçirildi. İstər daxildə, istərsə də xaricdə düşmən-lərimizin çoxsaylı təxribatlarına, vətən və torpaq dəllallarının satqınlığına baxmayaraq Azərbay-canın müstəqilliyinin dönməzliyi və əbədiliyi təmin edildi (Qasımov Ş.M. Heydər Əliyev müstəqil Azərbaycanın banisi və hüquqi dövlətin Qurucusudur. Respublika Elmi Texniki konfransın materialları. AzTU, 6-7 may 2021). Ümummilli lider Heydər Əliyev Respublikamızda demokratik, hüquqi dövlət quruculuğu prosesini, insan hüquqlarının təmin edilməsi kontekstində səciyyələndirərək göstərirdi ki, “…Biz demokratiya yolu seçmişik, demokratiyanı da inkişaf etdiririk. İnsan haqqlarını təmin etmişik. Azərbaycanda mətbuat azadlığı, söz azadlığı, tamamilə təmin olunubdur. Siyasi plüralizm hökm sürür. Hər şey demikratik prinsiplər əsasındadır” (Heydər Əliyev, Müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu, demokratiya və bazar Iqtisadiyyatı yolu ilə inamla irəliləyir. Azərbaycan dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdən çıxışı. Dirçəliş –XXI əsr 2002 №56, s. 6 )
Azərbaycanın müstəqilliyə qovuşduğu ilk onilliyin təcürbəsi, xüsusilə 1993-2003-cü illərdə aparılan siyasət və onun nəticələri bir daha göstərir ki, Ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın müstəqilliyi və demokratik dövlət quruculuğu təmin edilmişdir.
Aysu Bülbülzadə
Quba Soyqırımı Kompleksinin əməkdaşı